“ABŞ Məxfi Xidməti mitinqdə mənə atəş açmaqda təqsirli bilinən şəxsi ilk cəhddə zərərsizləşdirib”.
GunAz.az xəbər verir ki, bunu ABŞ-nin sabiq prezidenti Donald Tramp “New York Post”a müsahibəsində deyib.
“Onlar həmin şəxsi bir atəşlə zərərsizləşdirdilər. Fantastik iş gördülər”, - deyə Tramp qeyd edib.
O bildirib ki, hadisədən sonra tərəfdarları qarşısında çıxışını davam etdirmək istəsə də, Məxfi Xidmət agentləri bunun təhlükəli olduğunu deyərək, onu səhnədən aparıblar.
Trampın sözlərinə görə, sui-qəsd nəticəsində həlak ola bilərdi, lakin möcüzə baş verib: “Xəstəxanadakı həkim heç vaxt belə bir şey görmədiyini dedi və bunu möcüzə adlandırdı. Mən burada olmalı deyildim, mən həlak olmalıydım. Həkim qeyd etdi ki, heç vaxt kiminsə “AR-15” avtomatından açılan atəşdən sonra sağ qaldığını görməyib”.
Prezidentliyə namizəd, həmçinin qeyd edib ki, o, qanunsuz miqrantlarla bağlı lövhədəki yazını oxumaq üçün başını vaxtında çevirməsəydi, sui-qəsd uğurlu olardı.
Xatırladaq ki, 78 yaşlı D.Tramp Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. Onun zərərsizləşdirildiyi bildirilib. Hələlik onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.