Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis leytenantı Rüstəm Əhmədlinin avtomobilin ön və arxa kapotlarını açmaqla, nömrələrin üstünü bağlamaqla məsuliyyətdən yayınmaq istəyən sürücüləri 800 manatadək cərimələnməsi ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.
Vəkil Tural Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, güman ki, polis əməkdaşı İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə istinad edib:
Belə ki, bəzi sürücülər tərəfindən müvafiq texniki vasitələrlə (kamera görüntüləri, sürət ölçən cihazlar və s.) aşkar edilən inzibati xətalardan yayınmaq məqsədilə avtonəqiyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşü xüsusi örtük və qurğu vasitəsilə örtülür ki, sürücülər tərəfindən yol verilən bu kimi halların qarşısının alınması üçün sözügedən norma tətbiq edilir.
Lakin, avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirmək üçün örtüklərdən və ya qurğulardan istifadə edilməsi ilə avtonəqliyyat vasitəsinin ön və arxa kapotlarının açıq saxlanılması halını eyniləşdirmək doğru olmazdı. Maddədən də anlaşıldığı kimi, bu halda hər hansı örtük və ya qurğudan istifadə olunmur.
Bu səbəbdən də avtonəqliyyat vasitəsinin ön və arxa kapotlarının açılması yolu ilə nömrələrin üstünün qapadılmasına görə İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tətbiqi doğru olmazdı”.
"Əgər sürücü tərəfindən qadağanedici nişanın tələbi pozularaq qadağan olunmuş yerdə avtonəqliyyat vasitəsi park edilmişdirsə və inzibati xətadan yayınmaq məqsədilə avtonəqliyyat vasitəsinin ön və ya arxa kapotu açıq saxlanılmışdırsa, bu halda yalnızca dayanma və durma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilməlidir”, - deyə o qeyd edib.