
Jurnalistlər qazilərimizin, şəhid ailələrinin problemlərini daha çox araşdırmalıdır. Bu gün meydan bəzi dırnaqarası blogerlərə verilməməlidir, jurnalistlər qaziləri, şəhid ailələrini diqqətdə saxlamalıdır, onların problemini işıqlandırmalıdırlar.
GunAz.az xəbər verir ki, bu sözləri Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi, müharibə veteranı Eltun İbrahimov Qadın Konsensus Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” layihəsi çərçivəsində aprelin 27-də növbəti dəyirmi masadakı çıxışında deyib.
O bildirib ki, şəhid ailələrinin və qazilərin ictimai nəqliyyatdan pulsuz istifadəsinin təmin olunması çox yaxşı olardı.
Qeyd edək ki, Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı şəhid ailələrinin sosial problemlərinin öyrənilməsi yönündə həyata keçirdiyi layihə çərçivəsində dəyirmi masada səsləndirilən təkliflərin ümumiləşdiriləcəyi və təkliflər şəklində həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN), həm də Milli Məclisin müvafiq komitələrinə, eyni zamanda digər aidiyyəti qurumlara təqdim ediləcəyini bildirib.





























