
Hazırda buradakı vətəndaşlarımızın təxliyə prosesi demək olar ki, dayanıb. Son iki gündür Mariupol şəhərindəki mühasirədən çıxıb gələn 30-40 nəfərlik qrupun Odessada yerləşdirilməsi, zəruri ehtiyaclarının qarşılanması kimi məsələlərlə məşğul oluruq. Sözügedən qrup hələlik Odessada yaşamaq niyyətindədir.
Bu sözləri GunAz.az-a açıqlamasında "Birlik” Odessa Azərbaycanlıları diaspor təşkilatının sədr müavini Anar Natiqoğlu deyib. Onun sözlərinə görə, rus qoşunları quru istiqamətindən Odessaya tam irəliləməyə nail olmayıb, ancaq dəniz tərəfdən təhlükə hər zaman mövcuddur:
"Rus ordusu Nikolayevi bugünədək tuta bilməyib. Şəhər bizimlə cəbhə xətti arasında yerləşir. Bu da təqribən 120 km-ə yaxın məsafədir. Ancaq dənizdən təhlükə davam edir”.
Anar Natiqoğlu üzvü olduğu təşkilatın Azərbaycan vətəndaşlarının təxliyə olunması ilə bağlı fəaliyyətindən də danışıb:
"İndiyə kimi biz təşkilat olaraq minə yaxın vətəndaşımızı təxliyə etmişik, lakin ümumi say minlərlədir. Onların əksəriyyəti Moldova və Rumıniya üzərindən ölkəmizə göndərilir. Yardım məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, edilən təkliflərin hər birini qəbul edirik. Yardımlar çoxdur, ancaq müharibə davam etdiyi üçün bir çox məhsullara tələbat yüksəkdir. Mən buradakı Humanitar Qərargahın da üzvüyəm”.