SON DƏQİQƏ

Xocalı faciəsi: Soyqırımından 30 il ötür

Tarix:

18-02-2022, 14:40

/ 2 681 dəfə oxundu.
Xocalı faciəsi: Soyqırımından 30 il ötür

«Erməni silahlı qüvvələrinin bəziləri məlumdur. Əgər onlar bu gün də cəzalarını almayıblarsa, gələcəkdə öz cəzalarını alacaqlar. Beynəlxalq məhkəmə onların da cəzasını verəcəkdir».
                                                                                            Heydər ƏLİYEV,
 Azərbaycan xalqının Ümummilli Lideri

"Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər"
                                                                                          İlham ƏLİYEV,
 Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən Xocalı soyqırımı antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı və amansızlığı ilə xüsusi olaraq seçilir. Məlum olduğu kimi 1988-ci ilin əvvəllərində  ermənilər Dağlıq Qarabağı birtərəfli şəkildə ayırmaq və onu Ermənistana birləşdirmək məqsədilə tarixi planlarını həyata keçirmək üçün Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başladılar. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Dağlıq Qarabağ regionunda yerləşən rayonlardan biri olan və 940 kv.km əraziyə və münaqişədən öncə 7 min və əksəriyyəti azərbaycanlılardan ibarət əhaliyə malik Xocalı bu əməliyyatların birinin hədəfinə çevrildi.

1991-ci ilin oktyabrından etibarən Xocalı  rayonu tam olaraq erməni qüvvələri tərəfindən mühasirəyə alınmışdır. 30 oktyabr tarixində rayonla yerüstü əlaqə kəsildi. 1992-ci ilin yanvarından etibarən şəhərin elektrik təchizatı dayandı. Xocalını işğal etməklə, Ermənistan Dağlıq Qarabağ regionunun digər şəhərlərini ələ keçirmək üçün strateji üstünlüyə və əlverişli imkanlara malik olmaq məqsədini güdürdü.
Erməni silahlı quldurları tərəfindən aylarla mühasirədə saxlanılan Xocalı sakinləri - qocalar, qadınlar, südəmər körpələr amansızlıqla qətlə yetirildilər. Xocalı qətliamı zamanı 613 nəfər öldürülmüşdür, onlardan 106-sı qadın, 70-i qoca olub. 8 ailə tamam məhv edilmiş, 1275 nəfər girov götürülmüşdür (nk.gov.az).

Xocalıya gedən bütün avtomobil yolları bağlandığından şəhərə gediş-gəliş yalnız helikopterlər vasitəsilə həyata keçirilirdi. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu helikopter isə 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında çoxsaylı insan tələfatına səbəb olmuş helikopterin vurulması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən etibarən şəhərin elektrik enerjisi təchizatının dayandırılması, sanki yaxınlaşmaqda olan vahimədən, dəhşətli kabusdan xəbər verirdi. Belə bir şəraitdə xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular.

Fevralın ikinci yarısından başlayaraq erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmış Xocalı hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. Şəhərdə vəziyyət getdikcə ağırlaşırdı. Bütün bunlara baxmayaraq, ölkə rəhbərliyi Xocalının xilası üçün heç bir addım atmırdı. Yaranmış vəziyyətdən faydalanmağa çalışan ermənilər isə Xocalını daha tez ələ keçirməyə səy göstərirdilər (Apa. az).
1992-ci il fevralın 25-də azğınlaşmış ermənilər Qarqar çayı istiqamətində, "Donuzçuluq ferması” deyilən yerdə dinc əhaliyə qarşı əsl soyqırımı törətdilər. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. 

Bu, Ermənistanın Qarabağı ələ keçirmək planının reallaşmasına şərait yaradan ən böyük amillərdən biri idi. Bütün bunlar qarşıda bizi gözləyən daha böyük itkilərin başlanğıcı oldu. Yüzlərlə qəhrəman oğullarımızı buna vadar edən yalnız və yalnız vətənə məhəbbət hissi olub. 
Şəhidlik vətənpərvərliyin ən uca zirvəsidir. Ümummilli liderimiz Heydər Əliyev şəhidliyə yüksək qiymət verərək deyib: "Şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqdır”.

O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir!.. Təsəllimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatan 44 günlük savaşla alınan qisasımızdır.

Rəşad HÜSEYNOV, 
Salyan rayon Qeydiyyat şöbəsinin rəisi
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ