
Son bir ayda "Xaliq Faiqoğlu” şirkətinə məxsus olan 79 nömrəli avtobuslar 25-30 dəqiqə intervalla xidmət göstərirlər.
Bu barədə sərnişinlər məlumat verib. Şikayətçilərin sözlərinə görə, əvvəllər bu cür hallara yalnız yollarda müşahidə olunan güclü tıxaclar səbəbindən rast gəlmək olurdu:
"Son günlər isə gecikmələr artıb. Tıxaclı günlərdə isə vəziyyət daha acınacaqlı olur. Azı 15-20 dəqiqə gözləyəndən sonra isə avtobus ya dolu gəlir, ya da dayanacaqda gözləyən çoxsaylı sərnişinlərin hamısını götürə bilmir.
Məsələ ilə bağlı saytımıza açıqlama verən qurumun mətbuat katibi Nizam Rzayev gecikmənin səbəblərinin daha çox tıxaclarla bağlı olduğunu bildirib:
"79 saylı marşrut xətti üzrə 20 avtobus 5-6 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir. Son aylarda Bakı şəhərində minik avtomobillərinin sayının kəskin artması, paytaxt yollarında müşahidə edilən sıxlıq və tıxac, eləcə də bəzi istiqamətlərdə hərəkətin məhdudlaşdırılması xətt üzrə hərəkət edən avtobuslar arasındakı intervalın pozulmasına, müəyyən gecikmələrə səbəb olur”.
Qeyd edək ki, Bakıda minik maşınlarının artmasının yalnız 79 saylı marşruta təsir etməsi və bu xətdə gecikmələrə səbəb olması birmənalı qarşılana bilməz.
Acınacaqlı durumla bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət edilib.