
Binalara istiliyin verilməsinin nizamlanması və vaxtının hava şəraitinə uyğunlaşdırılması, bütövlükdə kommunal məsələlər sanki bilərəkdən həllini tapmır. Mərkəzləşdirilmiş istilik sisteminin işə salınması yerli özünü idarəetmə orqanına - bələdiyyəyə verilməlidir. Bu məsələ ancaq bu şəkildə həllini tapa bilər. Çünki istilik sisteminin noyabrın 15-də işə düşməsini mərkəzləşdirilmiş qaydada etməyin heç bir adı yoxdur. Hansı rayonda, bölgədə soyuqlar tez düşürsə, ora o tarixdə istilik vermək lazımdır. Noybarın 15-i sovet planlaşdırılmasına uyğun edilən sistem idi. İndi də bundan əl çəkmirlər. Bundan əl çəkilməməsinin səbəbi bəlkə də korrupsiyayla bağlıdır.
Bu sözləri açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, havaların soyumasına baxmayaraq, mərkəzləşmiş istiliyin 15 noyabra saxlanılmasından hər kəs əziyyət çəkir:
"Biz də bunun əziyyətini çəkirik, çox sayda insan şikayət edir. Milli Məclisdə bu məsələ qaldırıla və mərkəzləşmiş istilik sisteminin vaxtı ilə bağlı müzakirə açıla bilər”.
Qeyd edək ki, qanunvericiliyə görə, aran rayonlarında, o cümlədən Bakıda mərkəzləşmiş istilik sistemi 15 noyabrdan, dağlıq və dağətəyi rayonlarda isə 1 noyabrdan fəaliyyətə başlayır. Oktyabrda havaların soyuq keçməsinə baxmayaraq, mərkəzləşmiş istiliyin verilməməsi isə narazılıq yaradır. Vətəndaşlar elektrik qızdırıcıları və kompilərdən istifadə etməyə məcbur olur ki, bu da həddən artıq baha başa gəlir, eyni zamanda, elektrik xətlərinin yüklənməsinə gətirib çıxarır.