SON DƏQİQƏ

Dövlət Gömrük Komitəsinə şikayət məktubu

Tarix:

30-10-2021, 13:52

/ 2 701 dəfə oxundu.
Dövlət Gömrük Komitəsinə şikayət məktubu


İlk öncə nəzərinizə çatdırmaq istəyirəm ki, "LİON CENTRE”MMC-nin rəhbəri olaraq, ən əsası Ramil Aslanov olaraq heç vaxt yalan danışmamışam, həmçinin hörmətli Natiq müəllim Sizə də Azərbaycan İlahiyyat İnistutunun məzunu kimi məsləhət görərdim ki, əlinizi ürəyinizin üstünə qoyaraq həqiqəti söyləyəsiniz.

Mənim Cənab Prezidentə ünvanladığım məktubumla bağlı Sizin sosial şəbəkələrdə verdiyiniz açıqlamalar həqiqətə uyğun deyil və məsələni öz məcrasından çıxararaq tamamilə başqa istiqamətə yönləndirməkdən başqa bir şey deyildir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, 12 oktyabr 2021-ci il tarixində "LİON CENTRE”MMC- ilə bağlı tərtib edilmiş gömrük bəyannaməsinin tərtibində səhvə yol verilməmişdir.

Belə ki, mənə Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru Etibar Talıblı tərəfindən göndərilmiş elektron bildirişdə qeyd edilmişdir ki, "Gömrük dəyərinin müəyyən edilməsi üsulu düzgün göstərilməyib.” Dəfələrlə həm yazılı, həm də  şifahi şəkildə Bakı Baş Gömrük İdarəsinin  rəisinə və əməkdaşlarına müraciət ünvanlamışam ki, mənim mallarıma dair gömrük orqanları tərəfindən tərtib edilmiş 01211000341373  saylı gömrük bəyannaməsində göstərilən gömrük dəyərinin düzgün seçilməməsini mənə əsaslandırsınlar. Bu günə dək həmin əsaslandırma mənə təqdim edilməmişdir. İstərdim ki, gömrük bəyannaməsinin gecikdirilməsi məsələsinə bir az aydınlıq gətirim.

Əslində heç bir gecikdirmə olmamışdır. Sadəcə olaraq 14 gün ərzində Bakı Baş Gömrük İdarəsinin əməkdaşları, başda Kənan Məmmədov və Faiq Seyidov olmaqla, mənimlə "qaçdı-tutdu” oynayıblar. 
BBGİ-nin əməkdaşı Etibar Talıblıyla telefon danışığı və şəxsi görüşlərim zamanı hər dəfə mənə fərqli və gömrük qanunvericiliyinə zidd hesablama üsulları təklif edildi. Həmin söhbətlər zamanı mən özümü sanki, "kolxoz bazarında” hiss edirdim və açığı həmin dırnaqarası gömrük məmuru ilə ünsiyyətə girdiyimə görə həm utanır həm də xəcalət çəkirdim. Lakin bunu etməyə məcbur idim. Çünki, mənim şirkətimə idxal edilən malların rəsmiləşdirilməsindən çox şey asılıdır. İşçilərimə ödəyəcəyim əmək haqqı, şirkətimə aid vergilər, kommunal xərclər, şirkətimlə əməkdaşlıq etdiyim xarici şirkətlər, qurumlar qarşısında prestijin itirilməsi məsələsi və eyni zamanda özümün professional imicimə xələl gəlməsi və sair səbəblərdən buna getməyə məni vadar etdi. Nə isə...
Uzun-uzadı danışıqlardan sonra, Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru Etibar Talıblı və Bakı Baş Gömrük İdarəsi rəisinin 1- ci müavini Faiq Seyidov tərəfindən mənə təklif edilən tamamilə qanuna ziddir, onların təxəyyülünün (bu düşüncə tərzi keçmişdə karqo sürücüləri tərəfindən icad edilmiş üsuldur və bu gün də gömrük məmurları tərəfindən istifadə edilir) məhsulu olan qiymətlə razılaşmalı oldum. Belə ki, Faiq Seyidov və Etibar Talıblı tərəfindən mənim şirkətimə 01211000341373  saylı gömrük bəyannaməsi üzrə idxal edilən mala (elektrik işıqlandırıcılar) görə əvvəlcə 10-ton mal üçün 26000 manat ödəməyimi istədilər. Mən etiraz etdikdə ki, malım 8.276 ton təşkil edir, səhərisi günü mənə 8 ton üçün 24000 manat, 276 kq üçün isə kilosu 3 manatdan hesablama apardılar. Bunu da mənə onunla izah etdilər ki, tələb edilən "qanunsuz” məbləğ gömrük komitəsi tərəfindən qoyulmuşdur. Gömrük işçilərinin mənə təklif etdikləri sonuncu rəqəmlə də razı olmadığımı və həmin məbləğin dəyişdirilməsinə, qanuna uyğun məbləğin müəyyən edilməsinə çalışacağımı bildirdim. Təxminən 5-6 gün ərzində qanunun aliliyinin bərqərar olunmasına çalışdım.Əziyyətim heç bir nəticə vermədi. Yalniz maddi ziyana uğradım, əsəb, stress və sarsıntı keçirdim.Gömrük işçiləri ilə həqiqətin, haqqın, ədalətin bərpa edilməsi ilə bağlı apardığım mübarizənin heç bir nəticə vermədiyini görərək, gömrük işçilərinin məndən sözün əsl mənasında "reket” üsulu ilə tələb etdikləri 22000 manatı ödəmək məcburiyyətində qaldım. Lakin pulu ödəyərkən Bakı Baş Gömrük İdarəsinin 1-ci müavini Faiq Seyidova bildirdim ki,  mənim şirkətimə xaricdən idxal edilən mala görə  Bakı Baş Gömrük İdarəsi tərəfindən heç bir qanuni əsas olmadan ödətdirilən yüksək məbləğin mənə geri qaytarılması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyəm.
 
Təsəvvür edin ki, Bakı Baş Gömrük İdarəsində malım rəsmiləşdirildikdən sonra belə, həmin malı mənə, yalnız onlardan heç bir şikayətimin olmadığı barədə ərizə yazdıqdan sonra veriləcəyi bildirildi. Görün məni gömrük orqanlarına və onun səlahiyyətli şəxslərinə təzyiq etməkdə günahlandıran gömrük məmurları hansı qanunsuz üsullara əl ataraq sahibkarlara necə təzyiq edirlər? Təbii ki, mən ərizəni yazmadım və lazımı strukturlara şikayət edəcəyimi bildirdim. Yalnız mənim bu sözlərimdən sonra şirkətimə aid olan mallar mənə təhvil verildi.

Digər bir məsələyə toxunmaq istəyirəm.Mənim şirkətimə idxal edilən malların hamısının elektrik işıqlandırıcı olmaması göstərilir və onların arasında plafonun olduğu qeyd edilir.Halbuki, çilçıraqlar, plafonlar və digər işıqlandırıcı vasitələr gömrük qanunvericiliyinə əsasən Xarici İqtisadi Fəaliyyəti Mal Namenklaturasında eyni kodla bəyan olunur.
 
BBGİ-nin nümayəndəsinin mənim, Cənab Prezidentə ünvanladığım məktuba cavabında göstərilir ki, mənim şirkətimə idxal edilən malların gömrük dəyərinin yenidən araşdırılması zərurəti yarandığından Əmtəəşünaslıq ekspertizasının təyin edilməsi məqsədi ilə ekspertə müraciət olunmuş, ekspertizanın nəticəsinə əsasən tərtib olunmuş rəy gömrük orqanlarının haqlı olduğunu təsdiqləmişdir. Çox maraqlıdır.Exspertizanın rəyi mənə niyə təqdim edilməmişdir? Ekspertizanı hansı qurum keçirtmişdir? Gömrük komitəsinin qeyd etdiyi analoji mallarla eynicinsli mallar arasında nə kimi fərq vardır? Əgər mənim malımın mənşəyi qeyd edildiyi kimi analoji və ya eynicinsli kimi müəyyən edilmişdirsə  ekspertizanın təşkil edilməyinə nə ehtiyac vardır? Çox istərdim ki, o barədə əsaslandırıcı sənədlər mənə təqdim edilsin.

Yəni gömrük işçiləri bu qədərmi özlərinə güvəni itiriblər ki, öz işlərinin öhdəsindən gəlməyərək bunun üçün başqa mütəxəssislərə müraciət edirlər.
Eyni zamanda mənim məktublarıma gömrük komitəsi tərəfindən verilən cavabda mənim 3-cü şəxsin adına mal idxal edə biləcəyim barədə şübhənin yarandığı bildirilmişdir. Çox maraqlıdır yəni gömrük işçiləri bu qədərmi savadsızdırlar ki, rəhbəri olduğum şirkətimə idxal edilən malların 3-cü şəxslərin adına göndərilməsi necə ola bilər?  Yəni "LİON CENTRE” MMC-yə idxal edilən mallar necə ola bilər ki, 3-cü şəxsə aid edilsin? 

Yəni gömrük işçiləri bu qədərmi acizdirlər ki, bütün gömrük rəsmiləşdirilməsi sənədləri "LİON CENTRE”MMC-nin adına ola-ola burada 3-cü şəxslərin izini axtarırlar. Buradan görünür ki, gömrük komitəsinin əməkdaşları qanuni sənədlərə yox, şaiələrə, dedi-qodulara əsaslanaraq işləyirlər. Budur bizim  Bakı Baş Gömrük İdarəsinin acı reallığı.
Gömrük orqanı işçisinin mənim arqumentlərimə verdiyi yalan kontur aqrqumentləri kimi onların bütün fəaliyyəti saxtakarlıq üzərində qurulmuşdur. Elə buradanda istədikləri mala, istədikləri qiymətin qoyulması halları geniş yayılmışdır.Öz praktikamdan çıxış edərək tam əminliklə söyləyə bilərəm ki, Bakı Baş Gömrük İdarəsinə daxil olan malların, yüklərin gömrük rəsmiləşdirilməsi düzgün aparılmır.

BBGİ-tərəfində mənim şirkətim "LİON CENTRE”MMC-yə qarşı haqsızlıq edildiyini sübut etmək üçun  istənilən hər hansı bir səlahiyyətli gömrük əməkdaşı ilə istənilən an, istənilən  diskussiyaya girməyə hazıram.

Sonda Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarına başda Kənan Məmmədov və Faiq Seyidov olmaqla məsləhət görərdim ki, Dövlətimizin Başçısı Cənab İlham Əliyevin İqtisadiyyatımızın inkışafı ilə bağlı gecə-gündüz yatmadan apardığı siyasətlə ziddiyyət təşkil edən əməllərinə son qoysunlar və Prezidentimiz tərəfindən gömrük orqanlararının işçilərinə göstərilən etimadı doğrultsunlar.  
Qoşma 2 vərəq

Hörmətlə 
"LİON CENTRE” MMC-nin
Direktoru   Ramil Aslanov
скачать dle 12.1

Şərhlər