
Hazırda ölkəmizdə hüquqi olaraq xüsusi karantin rejimidir. Bu, o deməkdir ki, hazırda tətbiq edilən qaydalar və məhdudlaşdırıcı normalar var. Bunlar əhalinin sağlamlığının qorunması məqsədilə Nazirlər Kabinetinin Operativ Qərargahı tərəfindən müəyyən olunmuş qərarlardır. Hər hansı bir iş yerinin bağlanması əvəzinə insanların peyvənd olunması daha effektivdir.
Bu sözləri Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov sentyabrın 1-dən COVİD-19 pasportu olmayan vətəndaşların bəzi məkanlara girişi ilə bağlı qoyulan qadağalardan danışarkən deyib.
"Düşünürük ki, müəyyən kütlə peyvənd olunduqdan sonra yoluxmanın qarşısı alınacaq. Məhdudlaşdırılmaların olmasına qanunvericilik imkan verir. Karantin rejimi olduğu müddətdə bu məhdudlaşdırılmalar hər hansı hüquqi normanın pozulması demək deyil. Bu, ümumi qəbul edilmiş qaydalar deyil, yalnız müəyyən dövr üçün tətbiq olunur. Qaydalar Ümumdünya Səhiyyə Təşkilatının, "Əhalinin sağlamlığının qorunması haqqında” qanunun, eyni zamanda, digər qanun və normativ sənədlərin tələbləri əsasıda tətbiq olunur. Hazırda peyvənd olunmadan müəyyən məkanlara girişin məhdudlaşdırılması o demək deyil ki, insanlar bütün təbii hüquqlarından məhrum edilsin. Bəzi dövlət müəssisələrində növbəli iş rejiminin tətbiqi, onlayn iş imkanları tətbiq olunur. Ölkəmizdə qanunvericilik səviyyəsində tam onlayn sistemin tətbiqi müəyyən olunmadığından müəyyən təşkilati problemlər də var. Lakin ən ciddi məsələ əhalinin sağlamlığının qorunmasıdır. Buna görə də insan sağlamlığı prioritet olaraq götürülüb. Bu cür normaların olması vətəndaşların hüquqlarının pozulması deyil, əksinə onların sağlamlığının qorunması istiqamətində atılmış addımdır”.



























