
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 17-18 iyul tarixlərində ənənəvi "Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək. "Kənddən Şəhərə” həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla baş tutacaq. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşların temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək. Eyni zamanda, yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq.