SON DƏQİQƏ
» » Jurnalistə VƏTƏNDAŞ, vətəndaşa JURNALİST MÜRACİƏTİ!

Jurnalistə VƏTƏNDAŞ, vətəndaşa JURNALİST MÜRACİƏTİ!

Tarix:

23-06-2021, 13:42

/ 3 428 dəfə oxundu.
Jurnalistə VƏTƏNDAŞ, vətəndaşa JURNALİST MÜRACİƏTİ!

Gülşən MƏMMƏDOĞLU
Son günlər "Fulya" filminin çəkilməsi ilə bağlı aparılan müzakirələr mediamızda nə qədər böyük boşluğun, böhranın olduğunu bir daha önə çıxardı. Bu məsələdə, yalnız jurnalistləri qaralayıb ittiham etmək doğrudurmu? Xeyir, əsla. Hamımız bilirik ki, Günahlar və Günahkar daha dərin yerdədir, ancaq bu, bizi vətəndaş kimi məsuliyyətdən də sığortalamır.
İndi məqsədim bu böhranı təhlil etmək, özəl mühakimə yürütmək deyil. Onsuz da ölkəmizdə bu böhranın nədən qaynaqlandığını 7-dən 77-yə ağlı, gözü olan hər kəs bilir və mən də yazdığımla yeni bir Amerika kəşf etmiş olmayacağam. Ancaq, nədənsə belə çat məqamlarda digər əsas səbəblər asanlıqla ortadan sürüşdürülür, meydanda isə ittiham və tənqid obyekti kimi yalnız jurnalistlər qalır. Bu müraciəti etməkdə məqsədim jurnalistləri müdafiə etmək də deyil, sadəcə həqiqətən də zurna çalmaq lazım gələndə susub, sonra jurnalisti zurnalist adlandıran vətəndaş fəhminə də iradımı bildirmək istəyirəm. Jurnalisti zurnalist adlandırmaqla "borcundan" çıxdığını düşünən Cəmiyyət böyük səhv edir və əgər jurnalist asanlıqla zurnalistə çevrilirsə bu yalnız medianın deyil, medianın da bir hissəsi olduğu Vətəndaş Cəmiyyətinin böhranıdır. Burda bu mövzunu hələlik qapadıb, müraciətin məğzinə keçirəm...
Əziz Jurnalistlərimiz, xahiş edirəm, yeni qəbul olunmuş Əlilliyə görə dərəcələrin təyin olunması haqqında qanunu kütləvi müzakirəyə çıxarın. Mənə görə, bu qanun Xalqımıza qarşı yönəlmiş məxməri terror mahiyyətindədir. Çox böyük deyil, hərəniz kiçik həcmli aydınladıcı və tənqidi bir yazı yazsanız, bu məsələ daha böyük səviyyədə ictimailəşər və müsbət həll olunması üçün İctimai Rəy və təzyiq riçaqlarını aktivləşdirər. Ancaq, lütfən, yazarkən mənsubu olduğunuz, maaşı ilə keçindiyiniz media orqanının deyil, öz səmimi VƏTƏNDAŞ mövqeyinizi ifadə edin...
Səmimi, cəsarətli, obyektiv olmasaq nə peşəkar olacağıq, nə də sevilməyi haqq edəcəyik. Bu minvalla nə Mətbuatımız düzələcək, nə də mətbuatı bu günə qoyub rahat idarə edənlərin amalı, xisləti, yanaşması, diktəsi dəyişəcək.
Gəlin, unutmayaq ki, peşəsindən-ixtisasından asılı olmayaraq ilk öncə hər birimizin Vətəndaş mövqeyi birinci gəlməlidir. Bu işdə isə məsuliyyət, yalnız jurnalistərin üzərinə düşmür, bu, hamımıza aiddir. Çünki söz azadlığı deyilən məhfum, yalnız mətbuata deyil, bütün cəmiyyətə aiddir.
Jurnalistikadan, mediadan narazı olan əziz ölkə vətəndaşları! Gəlin, bizlər də hamılılıqla aktiv vətəndaş olağın ki, mətbuatımız, mediamız da aktivləşməyə, obyektivləşməyə təkan alsın. Əks halda, heç bir irad bildirməyə haqqımız yoxdur. Ölkədə bu baxımdan heç bir proses, hərəkətlənmə olmayacaqsa, heç bir azad ifadə də olmayacaq və Mediamız "Fatı dur-Fatı otur" mexanizmi ilə idarə olunmaqdan artığını bacarmayacaq. Beləliklə, ortada yalnız təsvir, təkrir, təqdir və icazəli "tənqid"dən ibarət olan, reallığı ansıtmayan azad sözü, düşüncəni, yaradıcılığı əngəlləyən fərəhsiz-güvənsiz bu şablon media qəlibi də davamlı olacaq.
Azad gəlirləri olmayan, ifadə etdiyi obyektiv, cəsarətli mövqeyə görə məruz qalacağı repressiv münasibət qarşısında VƏTƏNDAŞLARIN kütləvi müdafiəsini, dəstəyini almayan jurnalistin tərif, təqdir, icazəli "tənqid" limitində informasiya hambalçılığı edən yandaş medianın sırasında olmaqdan, şou və əyləncəli mövzularla boşluğu doldurub istər-istəməz zurnalistə çevrilməkdən başqa seçimi qalmır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ