
Lüğətdə müxtəlif sahələrdə işlənən 2.000-dən çox sözün izahı verilib
Bu gün Ana dilimizdə gedən proseslər özünü leksika sahəsində daha çox göstərir. Biz dildə demək olar ki, hər gün xarici dillərdən alınan kəlmələrlə, eləcə də dilin öz imkanları hesabına yaranan sözlərlə rastlaşırıq. Lakin bəzən bu sözlərin, xüsusən alınma leksik vahidlərin yerində işlədilməsi ilə problemlər üzə çıxır. Eyni çətinlik həm də həmin alınma kəlmələrin yazılışı və deyilişi ilə bağlı da özünü göstərir. Belə məqamda alınma sözlər lüğətinə çiddi ehtiyac yaranır.
Bu günlərdə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin kütləvi tirajla çap etdiyi "Yeni alınma sözlər lüğəti” həmin ehtiyacdan yaranmışdır. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş lüğətdə son 25–30 ildə ana dilimizin leksik fonduna daxil olmuş və müxtəlif sahələrdə, o cümlədən ictimai-siyasi, iqtisadi, sosial-mədəni, elmi-texniki, texnoloji və s. sahələrdə gedən proses və tendensiyaları əks etdirən iki mindən çox əcnəbi sözün izahı verilmişdir. Vaxtilə dilimizin lüğət fondunda olan və yeni şəraitdə "hərəkətə” gələrək fərqli semantika ilə çıxış edən alınma leksik vahidlərin izahına da lüğətdə geniş yer verilmişdir.
Lüğətin tərtibçisi və müəllifi, tanınmış jurnalist, azleks.az elektron lüğətlər saytının baş redaktoru, BDU-nun professoru Qulu Məhərrəmlinin bildirdiyinə görə lüğət üçün illüstrasiya materialı olan alınma sözləri, əsasən dövri mətbuatdan, televiziya və radio verilişlərindən, canlı danışıq və kütləvi çıxışlardan, bədii tərcümə kitabları və elmi-kütləvi nəşrlərdən, reklam və elanlardan, internet resursları, informativ bloqlar və s. mənbələrdən seçib.
Lüğət ölkənin dilçi-alimləri və elmi ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. AMEA-nın həqiqi üzvü, millət vəkili, professor Nizami Cəfərov lüğəti leksikoqrafiyamızın son illərdəki ən ciddi uğurlarından biri kimi qiymətləndirib. O, professor Q.Məhərrəmlinin bu dəyərli lüğəti ilə Azərbaycan dilinə böyük töhfə veridiyini vurğulayıb.
BDU-nun Beynəlxalq jurnalistika kafedrasının professoru, tanınmış jurnalist və dilçi-alim Nəsir Əhmədli isə "Yeni alınma sözlər lüğəti”ni yanaşma və struktur baxımından müasir lüğətçilik işində mühüm hadisə adlandırıb. O qeyd edib ki, elmi-tədris işlərində və media fəaliyyətində belə izahlı lüğətlərə böyük ehtiyac vardır və bir peşəkar kimi professor Q.Məhərrəmlinin bu misssiyanı boynuna götürərək bir institutun işini görməsi çox təqdirəlayiqdir.
Xatırladırıq ki, professor Qulu Məhərrəmli jurnalistika ilə yanaşı, elmi-pedaqoji fəaliyyətlə də məşğuldur. 2014-2016-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik institutunun Monitorinq şöbəsinə rəhbərlik etmişdir. Professor Q.Məhərrəmli bir sıra monoqrafiya və dərsliklərlə yanaşı, "Kino, televiziya, radio terminləri” (2002), "Mediada işlənən alınma sözlər” (2008), R.İsmayılovla birgə hasilə gətirdiy "Məktəblinin alınma sözlər lüğəti” (2014), "Azərbaycan dilinin frazeologiya lüğəti” (2015), E.Şıxlı ilə birgə "Jurnalistika terminləri” (2016), "Məsəllər, deyimlər. Etimoloji lüğət” (2019) kimi izahlı lüğətlərin müəllifidir.
Müəllifin bildirdiyinə görə o, hazırda Altunkitab nəşriyyatının sifarişi ilə "Kütləvi kommunikasiya terminləri” və "Qısa ictimai-siyasi lüğət” üzərində işləyir. Professor həmin lüğətlərin tezliklə işıq üzü görəcəyinə ümid edir.
Bilman İSAQ



























