SON DƏQİQƏ
» » Azərbaycan öz haqq mübarizəsində sona qədər qərarlıdır

Azərbaycan öz haqq mübarizəsində sona qədər qərarlıdır

Tarix:

29-10-2020, 20:56

/ 4 473 dəfə oxundu.
Azərbaycan öz haqq mübarizəsində sona qədər qərarlıdır

Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı mübarizədə Ermənistan ordusu və onun tərəfdarları ilə üz-üzədir. Sentybarın 27-dən etibarən Azərbaycanın 150-dən çox kənd və yaşayış məntəqəsinin azad edilməsi insanlarda müharibənin çox tezliklə qələbə ilə başa çatacağına böyük ümid yaradıb. Qısa müddət ərzində Azərbaycanın üçrəngli bayrağı Şuşa qalasında və Xankəndində dalğalanacaq. Şanlı Azərbaycan Ordusunun tarixi torpaqlarımızın düşməndən azad olunması uğrunda apardığı mübarizə obyektiv reallığın ifadəsi və haqq işidir.

Dövlətimizin başçısı həm xarici kütləvi informasiya vasitələrinə müsahibələrində, həm də oktyabrın 26-da Azərbaycan xalqına müraciətində Azərbaycan dövlətinin və xalqının prinsipial mövqeyini qətiyyətlə ifadə edib. Cənab Prezidentin qeyd etdiyi kimi, biz ədalətin bərpa olunmasını, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasını istəyirik. Artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında danışıqlar aparılır. Azərbaycanın bu dövrdə danışıqlar prosesində iştirak etməsi və daim konstruktiv mövqe ortaya qoyması ölkəmizin və xalqımızın sülhə sadiqliyinin ifadəsidir. Azərbaycan həmişə birmənalı şəkildə bəyan edib ki, aparılan danışıqlar substantiv nəticələrə hesablanmalıdır. Ancaq danışıqlar prosesinin əhatə etdiyi 30 ildə ümidlər boşa çıxıb. Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb, beynəlxalq birliyə etibar edib. Təəssüf ki, xalqımızın etibarından sui-istifadə olunub. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş əraziləri qeyd-şərtsiz azad etməsini özündə ehtiva edən 4 qətnaməsi 27 ildir ki, kağız üzərində qalıb. Ermənistan müxtəlif təxribatlar vasitəsilə danışıqlar prosesini faktiki olaraq pozub. Bu yaxınlarda isə Ermənistanın baş naziri Paşinyanın "münaqişənin diplomatik yolla həlli yoxdur” deməsi bir daha qarşı tərəfin təcavüzkar xislətinin göstəricisidir.

İşğalın davam etdiyi illərdə Azərbaycan təbiətinə ciddi ziyan vurulub, işlək müəssisələrin avadanlıqları sökülərək Ermənistana daşınıb. Erməni vandallarının maddi və mədəniyyət abidələrimizə sahib çıxmaq cəhdləri də heç bir çərçivəyə sığmır. Onlar öz xislətlərinə uyğun olaraq abidələrimizi özününküləşdirməyə çalışıblar, bu, mümkün olmadıqda isə onları dağıdıblar. İndiyədək beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın azğınlığına biganə yanaşıblar və Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıblar.

Bu günə kimi Azərbaycanın haqlı tələblərinə qarşı susqunluq nümayiş etdirənlər indi sadəcə atəşkəs təklif edir. Əslində isə, müharibənin dayandırılması üçün sadə bir formula var. Bu da ondan ibarətdir ki, erməni silahlı qüvvələri işğal etdiyi torpaqlarımızdan çıxmalıdır. Belə olarsa, daha atəşkəsin pozulmasına da ehtiyac olmayacaq. Çünki işğalçı qoşunlar torpaqlarımızda olmayacaq və problem sülh yolu ilə həll olunacaq. Cənab Prezident də müsahibələrində qeyd edir ki, sülh danışıqlarına başlamaq və atəşkəsə tam əməl etmək üçün Ermənistan işğal etdikləri torpaqlarımızdan çıxması haqda öhdəlik götürməlidir. Amma Ermənistan bunu demir. Eyni zamanda, bizi atəşkəsə və sülh danışıqlarının bərpasına çağıran Minsk qrupunun həmsədrləri Ermənistandan bunu tələb etmir. Görünən odur ki, onlar yenə də sadəcə atəşkəsin təmin olunması ilə münaqişənin həllinin qeyri-müəyyən vaxtadək uzanmasına maraqlıdırlar. Həmçinin, Ermənistanın pulsuz silahla təmin olunması da açıq sual olaraq qalır. Cənab Prezident haqlı olaraq sual edir ki, iflas vəziyyətində olan Ermənistan bu silahları hardan alır? Bizi atəşkəsə çağıranlar onu niyə silahlandırır? Bu kimi suallar cavabsız qalır. Əslində isə, hər şey aydındır. Ona görə də, Azərbaycan öz haqq mübarizəsində sona qədər qərarlıdır.

Vəfa Əliyeva,

22 saylı Uşaq Poliklinikasının

Baş Həkimi


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ