
Yunus Oğuz
Aydın Kərimovun yetmiş illiyinə
Milli Azadlıq Hərəkatının ən ağır dövrü idi. 1990-cı ildə 20 yanvar faciəsi baş vermişdi. Rus tankları öz evindəki kimi sərbəst küçələri gəzir, keyfi kimi istəyir həbs edir, kimə istəyir güllə atırdı. Təkcə Bakıda 137 Bakı sakinini qətlə yetirmişdilər. Rayonlarda - Neftçalada, Lənkəranda, Cəlilabadda və başqa yerlərdə etiraz edən əliyalın insanların mitinqlərini amansızcasına dağıdır və öldürürdülər. Elə bil 28 aprel 1920-ci il idi və qızıl ordu Krasnodar ermənilərilə birgə 70 ildən sonra yenidən Bakıya soxulmuşdu. Hər şey yenidən təkrar olunurdu. Qızıl ordu düz yetmiş ildən sonra Bakını və ondan sonra bütün Azərbaycanı ilhaq etdi.
Milli Azadlıq Hərəkatında da parçalanmalar var idi. Xalq Cəbhəsinin idarə heyəti də iki yerə bölünmüşdü: radikal və liberal (mötədil) cəbhəçilər.
Azərbaycan isə tənha qalmışdı. Bütün dünya Qorbacovu dəstəkləyirdi. Yalnız xaricdə yaşayan azərbaycanlılar Bakı ilə həmrəyliyini bildirirdi. H.Əliyevin də Moskvada Azərbaycan nümayəndəliyində çıxışı Rusiya və Ukraynada, başqa yerlərdə məskunlaşan azərbaycanlılara əlavə stimul verdi. Hərbçi, həkim, hüquqşunaslar Azərbaycana qayıdıb vətənlərində işləmək və ağrıları bölmək istəyirdilər.
Belə insanlardan biri əsl aydınımız Aydın Kərimov idi. Rusiyada vəzifəsindən istefa verib vətəninə qayıdan Aydın bəy (o hüquqşunas idi) dərhal Milli Azadlıq Hərəkatına qoşuldu. Bu elə zaman idi ki, xalq toplanıb milli müqavimət göstərərək toparlanırdı. Xalq iyirmi yanvarı Moskvaya bağışlamaq istəmirdi. Xalq bir olmaq istəyirdi və oldu da. Amma mübarizə təkcə küçələrdə deyil, kabinetlərdə də aparılmalı idi. Mitinqlər xalq hərəkatının vuran qolu idi, amma düşünən beyinlər lazım idi ki, müxtəlif sənədlərin hazırlanmasında mütəxəssislər fəal iştirak etsinlər.
Bir sözlə Aydın bəy belə mütəxəssislərdən biri idi və hüquqi sənədlərin hazırlanmasında çox fəallıq edirdi.
Məni onunla rəhmətlik Arif Rəhimov tanış etmişdi. Biz tez-tez kirayə qaldığım evdə yığışır, ideoloji məsələləri müzakirə edirdik. Bir növ bu qrup ideoloji mərkəzə çevrilmişdi. Bu qrup Azərbaycanın ideoloji gələcəyini fikirləşir, yazıb-pozurduq.
Doğrusu Aydın bəylə tanış olanda, uzun müddət Rusiyada yaşamasına, çalışmasına baxmayaraq, Azərbaycan dilində qüsursuz danışırdı. Adama elə gəlirdi ki, bu bəy əfəndi heç Rusiyada yaşamayıb, hətta Naxçıvan ləhcəsini də qoruyub saxlamışdı. Qəribə intellektual sarkazmı vardı. Elə atmacalar atırdı ki, adamın iliyinə qədər yeriyirdi. İndi də, o atmacaları davam etdirir, amma bu dəfə daha da yetkin intellektual səviyyədə.
Milli Azadlıq Hərəkatında onun da ağır dövrləri olmuşdu. Rəhbərlikdə bir qrup vardı ki, əgər sən onların yanında deyildinsə, səni hər vəhclə çalışırdılar ki, vurub sıradan çıxartsınlar. Özlərini elə aparırdılar ki, guya sən yoxsan, səni unutdurmağa çalışırdılar. Və çox vaxt da buna nail olurdular.
Bir dəfə bir seçkili orqana seçkilər keçirilirdi. Mənim də namizədliyim var idi. Bilirdim ki, seçiləcəm. Baxdım ki, bu boyda dəstədə yalnız bir hüquqşünas var. O da Qulamhüseyn Əlibəylidir. Hüquqşünaslar dəstəsi o zaman tələbə idilər və rəhbərliyə gətirilməmişdilər. Mən əlimi qaldırıb söz istədim. Dedim ki, bu komissiyada daha çox hüquqşünas lazımdır. Mən namizədliyimi geri götürüb, Aydın Kərimovun namizədliyini irəli sürürəm. Elə də oldu. Bəy əfəndi seçildikdən sonra fəallığı daha da artdı.
1991-ci ildə AXC-nin qurultayı ərəfəsi idi. Arif Rəhimov, Aydın Kərimov və bəndəniz qərara gəldik ki, Azərbaycanın ideoloji əsaslarını hazırlayaq, çünki bu ideoloji əsaslar təkcə bu gün üçün deyildi və uzun illəri nəzərdə tutmalı idi. Bayılda kirayə qaldığım mənzildə bu ideoloji əsasları günlərlə müzakirə edirdik, hətta bir bəndin üstündə saatlarla diskussiya aparır, barışmaz mövqe tuturduq. Nəhayət, yazıb bitirdik. Ona "Səkkiz işıq" adı verdik. Doxsan birinci ilin qurultayında Arif Rəhimov "Səkkiz işıq" ideoloji əsasnaməni yüksək kürsüdən oxudu və yekdilliklə qəbul edildi. Sonradan bəzi şəxslər "Səkkiz işıq"ın müəllifi olduqlarını iddia etdilər, amma heç nəyə nail ola bilmədilər və geri çəkildilər. Tam məsuliyyətilə deyirəm ki, "Səkkiz işıq"ın müəllifi Arif Rəhimov, Aydın Kərimov və Yunus Oğuzdur. Elə indinin özündə də bu "Səkkiz işıq"ın bəzi müddəaları dövlətimiz tərəfindən həyata keçirilir.
Sonradan Aydın Kərimov Ədliyyə nazirin birinci müavini təyin edildi. Vəzifə də onu dəyişdirə bilmədi. Yenə də əvvəlki kimi təvazökar, sadə oldu, atmacaları da öz yerində. Özünü gözə soxmağı sevmədi. İndi də elədir.
Aydın Kərimovun bir prinsipi vardı: "Hamı kimi mən də ona görə Xalq Hərəkatına qoşuldum ki, Azərbaycan müstəqillik qazansın. O da oldu. İndi lazımdır hər kəs sevdiyi peşəsilə məşğul olsun".
Hərdən qanrılıb geriyə baxıram. İndi keçmişə baxanda mühakimə etmək asandır. Amma o zaman mühakimə etmək vaxtı deyildi, iş görmək lazım idi. Əzab da, ölüm də olsa idi, bu işi görmək tələb olunurdu. İndi o illərə baxanda Aydın bəyin yerini aydın görürəm.































