
Azərbaycan Respublikasında sosial şəbəkə platformalarından uşaqların istifadəsinin və sosial şəbəkələrin fəaliyyətlərinin şərtləri müəyyənləşir.
GunAz.az xəbər verir ki, bu barədə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi təklif olunur.
Qanun layihəsində 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadə etməsinə məhdudiyyət təklif edilir. 16-18 yaş arası uşaqların bu platformalardan istifadəsi qanuni nümayəndənin (valideyn, qəyyumlar, himayəçinin) razılığı ilə icazə verilir.
Sosial şəbəkə platformalarından istifadənin və bu platformalarda yayılan məzmunların həyatımıza geniş daxil olduğu bir şəraitdə ailə, cəmiyyət və dövlət üçün mühüm əhəmiyyətə malik uşaqları bu mühitdə mövcud olan zərərli təsirlərdən qorumaq üçün təklif edilənlər nəyi hədəfləyir? Yaş məhdudiyyəti nə zaman tətbiq olunacaq və necə müəyyənləşəcək? Bunun hansı təsirləri olacaq? Hansı tədbirlər görülməlidir?
Qanun bu zaman qüvvəyə minəcək
Uşaqların, gənclərin düzgün milli, mədəni, əxlaqi dəyərlər əsasında sağlam, bilikli, inkişaf etmiş böyüməsi həm onların özlərinin, həm də cəmiyyətin və dövlətin gələcəyi üçün mühüm olduğunu deyən deputat Azər Allahverənov bildirib ki, qanun layihəsi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, həmçinin platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Onun sözlərinə görə, qanun qüvvəyə mindiyi gündən etibarən sosial şəbəkə platformalarına yeni tələblərə uyğunlaşmaq üçün müəyyən müddət verilir:
“Təqribi 1 ildən sonra qanunun qüvvəyə minəcəyi nəzərdə tutulur. Beynəlxalq təcrübənin öyrənilməsi və beynəlxalq təcrübədə bu istiqamətdə hansı işlərin həyata keçirilməsinə dair araşdırmaların aparılması qanun layihəsi hazırlanarkən nəzərə alınmalı vacib məqamdır. Beynəlxalq analoqlara baxdıqda məsələn, Avstraliyanın onlayn təhlükəsizlik haqqında qanununda 16 yaş həddinin təsbit edildiyini görürük”.
"Bu, uşaqlarla bağlı neqativ halların baş verməsinə gətirir"
Deputat qeyd edib ki, 16 yaşa qədər olan uşaqların, yeniyetmələrin müxtəlif kontentli platformalara rahat qeydiyyata alınması və rəqəmsal mühitə daxil olmaları önəmli məsələdir.
“Rəqəmsal texnologiyalar sürətlə inkişaf etməkdədir və istehlakçılara çox geniş imkanlar verir. Uşaqlar zərərli mühitdən qorunmalı, xüsusilə, zərərli kontent daşıyıcısı olan platformalardan uzaq tutulmalıdır. Rəqəmsal mühitdə uşaqların, həm də onların maraqlarının qorunmasına çox ciddi şəkildə ehtiyac var. Statistikaya əsasən, uşaqların rəqəmsal mühitdən asılılığı onlarla bağlı neqativ halların baş verməsinə gətirib çıxarır.”, - o vurğulayıb.
"Məsələyə kompleks yanaşma olmalıdır"
Deputat müdafiənin kompleks yanaşma şəklində həyata keçirməli olduğunu deyib:
“Bu da uşaqların internet mühitində təhlükəsizliyini təmin edəcək. Bu kimi məsələlər həm də milli təhlükəsizlik məsələsidir. Bu baxımdan hüquqi yanaşma tətbiq olunması çox vacibdir. Bu da qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur. Eyni zamanda uşaqların fərdi məlumatlarının qorunması, kiberbullinqin qarşısının alınması, onlayn istismar və digər zorakılıq hallarından uşaqların qorunması məsələlərinin təkmil qanunvericilik bazasının olmasını zəruri edir. Bu kontenti təklif edən provayderlərin və platforma sahiblərinin məsuliyyətinin müəyyən olunması da uşaqların bu kimi hallardan uzaq tutulmasını məcbur edir".
Deputat hesab edir ki, təhsil və maarifləndirmə tədbirlərinin keçirilməsinə çox ciddi ehtiyac var.
"Bu tədbirlərə rəqəmsal savadlılığın artırılması, bir sıra effektiv alətlərin istifadəsi, uşaqların internetdə təhlükəsiz davranışa dair bacarıqlarının artırılması, onlarda tənqidi fikrin formalaşdırılması, müxtəlif manipulyasiyalardan yayınma bacarıqlarının aşılanması daxildir”.
"Valideynlərin rəqəmsal bilikləri artırılmalıdır"
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri və hüquq müdafiəçisi Mehriban Zeynalova sosial medianın müsbət tərəflərindən faydalanmaqla yanaşı, onun zərərli tərəflərindən də qorunmağın vacibliyini vurğulayıb:
“Bunun üçün də valideynlər kifayət qədər məlumatlı olmalıdır, valideynlərin rəqəmsal bilikləri artırılmalıdır. Elə valideynlər var ki, rəqəmsal dünyadan bixəbərdir və özü tələyə düşür. Bəzən uşaq valideyndən daha çox məlumatlı olur, hətta gizli platformalara daxil olan və valideynin adı ilə kontentlərə baxan uşaqlara rast gəlmək mümkündür. Bu baxımdan yaş kateqoriyası qoyulursa, valideynlər üçün də geniş maarifləndirmə işləri aparılmalıdır. Valideyn qeydiyyata görə məsuliyyət daşıyacaq, uşağın girdiyi platformaların nə qədər zərərli olub-olmaması ilə bağlı məlumatlı olmalıdır. Şirkətlər də məsuliyyət daşıyacaq. Rəsmi qeydiyyat, müəyyən sənədlər tətbiq olunacaq”.
M.Zeynalovanın sözlərinə görə, “TikTok”da azyaşlı uşaqların olması kifayət qədər təhlükəlidir.
“Uşaqlar prioritet məsələ olduğu üçün ilk bundan başlanılıb. Məncə, bununla məhdudlaşmalı deyil. Qadınların rəqəmsal dünyadan istifadəsi, onlar üçün olan təhlükələr, təhdidlər, zorakılıq, kiberbullinq, kibertəqib məsələlərinə də diqqət etməliyik. Düşünürəm ki, silsilə şəklində qanunlarda rəqəmsallıq məsələsinə toxunulmalıdır". Teleqraf





























