SON DƏQİQƏ

Qondarma psixologiyanın qurbanları

Tarix:

3-06-2026, 10:11

/ 2 204 dəfə oxundu.
Qondarma psixologiyanın qurbanları

Həqiqətən, bu gün sevgi bu qədər cılızlaşıb? Niyə münasibətlərdən danışarkən mövzu əksər hallarda yalnız qadınların istəkləri ətrafında formalaşır? Niyə hər platformada "Qadın diqqət istəyir", "Qadın qayğı gözləyir", "Qadın dəyər verilməsini istəyir" kimi fikirlər ön plana çıxarılır, amma çox nadir hallarda "Bəs kişilər nə istəyir?" sualı verilir?
Münasibətlər qarşılıqlı anlayış və qayğı üzərində qurulmalıdır. Qadınların sevgi, diqqət və hörmət gözləməsi nə qədər təbiidirsə, kişilərin də mənəvi dəstəyə, anlayışa və səmimiyyətə ehtiyac duyması bir o qədər təbiidir. Lakin müasir münasibətlər haqqında formalaşan bəzi stereotiplər bu həqiqəti kölgədə qoyur.
Təəssüf ki, son illərdə sevgi anlayışı getdikcə daha çox səthi münasibətlərlə əvəz olunur. Sevgi kimi ali və dərin bir duyğunu ötəri romantik maraqlara və qeyri-ciddi münasibətlərə qurban verirlər.
Sosial şəbəkələrdə yayılan bəzi səthi münasibət modelləri isə gənclərin sevgi haqqında təsəvvürlərini yanlış istiqamətə yönəldir.
Bu qondarma psixologiyanın yazılmamış qaydalarına görə, münasibətdə daim kişi daha çox çabalamalı, daha çox güzəştə getməli və hətta haqlı olduğu hallarda belə üzr istəməyi bacarmalıdir. Sanki qarşı tərəfin hissləri daha vacib, kişinin emosiyaları isə ikinci plandadır. Halbuki kişi də yorulur, inciyir, məyus olur və bəzən sadəcə anlayış görmək istəyir.
Kişi yalnız problemləri həll edən, daim güclü görünməyə məcbur olan bir obraz deyil. Onun da sevilməyə, qayğı görməyə, çətin anlarında dəstək hiss etməyə ehtiyacı var. Bəzən ən böyük təsəlli "Mən səninləyəm" cümləsini eşitməkdir.
Münasibətlərdə diqqət çəkən başqa bir məqam da var. Bəzən insanlar onlara dəyər verməyən, etibarlarını dəfələrlə sarsıdan şəxslərə bağlanır, lakin hər zaman yanlarında olan, dürüst və qayğıkeş insanları görməzdən gəlirlər. Nəticədə sağlam münasibətlər qurmaq imkanı əldən verilir, məyusluq isə davam edir.
Əslində hər kəs özünə bir sual verməlidir: Münasibətdə nə axtarıram? Davamlı şübhə, etibarsızlıq və inciklikmi, yoxsa qarşılıqlı hörmət, güvən və anlayışmı?
Sosial şəbəkələrin və özünü münasibət eksperti kimi təqdim edən insanların formalaşdırdığı stereotiplərlə yaşamaq doğru deyil. Çünki sağlam münasibətlər birtərəfli tələb və gözləntilər üzərində deyil, qarşılıqlı fədakarlıq və hörmət üzərində qurulur.
Unutmamalıyıq ki, bu dünyada həm kişi, həm də qadın eyni dərəcədə sevgi, qayğı və anlayışa layiqdir. Münasibətləri hesab-kitaba çevirmədən, sevgini isə dəyərsizləşdirmədən yaşatmağı bacarmalıyıq. Çünki sevgi yalnız qarşılıqlı olduqda öz həqiqi mənasını qoruyub saxlaya bilir. Bəlkə də çıxış yolu münasibətlərdə kimin daha çox haqlı və ya üstün olduğunu sübut etməyə çalışmaq deyil, qarşı tərəfi həqiqətən dinləməyi və anlamağı bacarmaqdır. Sevgi yalnız almaq istəyi ilə deyil, verməyi bacardıqda da öz həqiqi dəyərini qoruyur.

Yusif Əhmədzadə
Jurnalistika ixtisası üzrə I kurs tələbəsi
скачать dle 12.1

Şərhlər