
Bakıda və Abşeron yarımadasında mayın 29-u axşam saatlarından başlayaraq hava şəraitinin pisləşəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 30-u səhərədək paytaxtda arabir yağış yağacaq. Yarımadanın bəzi hissələrində yağıntıların qısamüddətli intensiv xarakter alacağı və şimşək çaxacağı ehtimal edilir.
Bölgələrdə də qeyri-sabit hava şəraiti hökm sürəcək. Mayın 29-u gündüz saatlarından şimal və qərb rayonlarından başlayan yağıntılı hava dalğası ayın 31-dək davam edəcək.
Sinoptiklər ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı barədə xəbərdarlıq edir. Xüsusilə ayın 29-da bəzi ərazilərdə yağıntıların daha güclü olacağı proqnozlaşdırılır.
Güclü yağışlar çaylarda sululuğun artmasına səbəb olacaq. Dağ çaylarından qısamüddətli daşqın və sel keçməsi ehtimalı yüksəkdir. Temperatur ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı düşəcək.































