Filologiya üzrə fəlsəfə doktoru Abbas Hacıyevin anadan olmasının 75 illiyidir.Abbas Bəbir oğlu Hacıyev 10 yanvar 1950-ci ildə Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur.Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının (indiki Naxçıvan Dövlət Universiteti) dil-ədəbiyyat fakültəsində əyani təhsil almışdır (1967-1971). NDU-nun birinci buraxılış məzunlarındandır.
Şərur rayonunun Yuxarı Daşarx, Sədərək, Yurdçu və Qarabağlar kənd məktəblərində ixtisası üzrə müəllim (1973-2004) və tədris işləri üzrə direktor müavini (1989-1995) vəzifələrində çalışmışdır. Qabaqcıl iş təcrübəsi rayon təhsil şöbəsinin buraxdığı bülletenlə yayılmışdır. Baş müəllim, Metodist-müəllim və ali kateqoriyalı müəllim dərəcələri almışdır.Qabaqcıl maarif xadimi, Azərbaycan Respublikasının təhsil əlaçısıdır.Azərbaycan Respublikası müəllimlərinin XI və XII qurultaylarının nümayəndəsi olmuşdur (1998, 2003).2002-2005-ci illərdə Naxçıvan MR Təhsil Nazirliyində baş mütəxəssis vəzifəsində işləmişdir.“Azərbaycan müəllimi” qəzetinin Naxçıvan MR üzrə müxbiri (1974-2003) olmuşdur.1998-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, sonra universitetin “Qeyrət” nəşriyyatında redaktor, “arxiv işi və muzeyşünaslıq” kafedrasının dosenti, “Universitet dünyası” muzeyinin müdiri vəzifələrində işləmişdir.Filologiya üzrə fəlsəfə doktoru (2010), dosent, Azərbaycan Yazıçılar Birliyinin (2007) və Jurnalistlər Birliyinin (1998) üzvüdür.Abbas Hacıyev ondan artıq elmi və elmi-publisistik kitabın, otuzdan artıq elmi məqalənin müəllifidir. Azərbaycanın, keçmiş sovet respublikalarının (Belorus, Qazaxıstan və s.), Türkiyənin qəzet və jurnallarında çoxsaylı elmi və publisistik yazıları dərc olunmuşdur.
Fuad MİKAYIL