Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah dövründə ər- arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər (1/2-1/2) hesab edilir. Əgər ər (arvad) vəfat edərsə, onun payına düşən 1/2 hissədən birinci növbə vərəsələrə, yəni ərə (arvada), valideynlərə və övladlara pay düşür. Birinci növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Əgər nikah dövründə əldə olunmuş ev satılarsa və ya bağışlanarsa, bu zaman həmin evdə qeydiyyatda olanların razılığı tələb olunur. Əgər qeydiyyatda olan şəxslər (xala, bibi, əmi, dayı və s.) razılıq verməzlərsə, mülkiyyətçi onları qeydiyyatdan çıxarmaq hüququna malikdir, bir şərtlə ki, qeydiyyatda olan şəxslərin həmin evdən istifadə hüququ olmasın. Evdən istifadə hüququna mülkiyyətçi ilə bərabər onun arvadı (əri), habelə uşaqları və valideynləri malikdir.