SON DƏQİQƏ
» » “Azəriqaz”ın rəhbərinin işdən çıxarılmasının iki səbəbi

“Azəriqaz”ın rəhbərinin işdən çıxarılmasının iki səbəbi

Tarix:

13-03-2024, 20:29

/ 278 dəfə oxundu.
“Azəriqaz”ın rəhbərinin işdən çıxarılmasının iki səbəbi

Ruslan Əliyev hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevə yaxın kadr kimi tanınırdı, son aylar dəm qazından boğulmaların bu sərəncamla əlaqəsi varmı? 
GunAz.az xəbər verir ki, martın 11-də SOCAR prezidenti Rövşən Nəcəfin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru  vəzifəsindən azad edilib. Ruslan Əliyev 2019-cu ilin noyabrından bu vəzifədə işləyirdi. Qeyd edək ki, ondan əvvəlki direktor Əkbər Hacıyev “Azəriqaz”ın rəhbəri postunda 10 il çalışmışdı.
Ruslan Əliyevin hələ bir neçə gün əvvəl işdən çıxarıldığı haqda xəbər yayılsa da, rəsmi mənbələr bunu təsdiqləmirdi. “Yeni Müsavat”a yaxın mənbə bildirib ki, Ruslan Əliyev yaxın ətrafına hələ yanvarda işdən çıxarılacağını deyibmiş.
Ruslan Əliyev SOCAR-ın sabiq prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevə yaxın kadr kimi tanınırdı, onu direktor vəzifəsinə də o təyin etmişdi. İndi Rövnəq Abdullayevin hakimiyyətdən təməlli uzaqlaşdırılması prosesi gedir. AFFA prezidentliyinə də daha namizəd olmayacaq Rövnəq Abdullayevin formal olaraq işlədiyi nazir müavini postunu da tərk edə biləcəyi söylənilir.  
Bu barədə Dia-az.info-ya danışan mənbə iddia edir ki, əslində Ruslan Əliyev hazırda mövqeləri ən zəif olan məmurların başında gəlir. Mənbənin söylədikləri: “Onun istefaya göndərilməsi əslində çox asan məsələdir. Sadəcə olaraq, onun dövründə o qədər böyük yeyinti işləri həyata keçirilib ki, Ruslan Əliyevin asanlıqla – sakit şəkildə gedəcəyini gözləmək sadəlövhlük olar. Xüsusi xidmət orqanları onun fəaliyyətini araşdırarsa, ortaya çox ciddi faktlar çıxar. Sayğac dəyişdirmə bəhanəsi ilə, həm də bir neçə dəfə dövlət büdcəsi və vətəndaşlar aşkar şəkildə qarət olunub. Bu, hamısı deyil… Çox ciddi faktlar var və məhz bu səbəbə görə onun həbsi də istisna deyil”.
“Azəriqaz”ın rəhbərini qazdan boğulmalara görə işdən çıxardıqları haqda da iddialar var. Belə ki, son günlər qazdan boğulub ölənlərin sayında ciddi artım müşahidə olunub. Martın 11-də Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı qeyd olunan evdə yaşayan 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub. Sumqayıtda 5 nəfər, Gədəbəydə isə 7 nəfər dəm qazından zəhərlənib.
 Son 1 ayın statistikasına nəzər salanda dəhşət saçan mənzərə göz önünə gəlir. Abonentlər bu zəhərlənmələrin səbəbini qazın keyfiyyətsiz olmasında, rəsmi qurumlar isə əhalinin təhlükəsizlik tədbirlərinə düzgün riayət etməməsində görür. Ekspertlər isə deyir ki, əgər qazın tərkibinə hər hansı bir zəhərli maddə qatılsaydı, bu halda dəm qazından boğulmalar daha kütləvi şəkildə olardı. Zəhərlənmə 1-2 mənzildə deyil, bütün evlərdə meydana gələ bilərdi. 
Ölkəmizdə qazpaylayıcı ilə istehlakçı arasındakı bütün münasibətlər “Qazdan İstifadə Qaydaları” ilə tənzimlənir. Qeyd edək ki, həmin qaydaların tələblərinə uyğun olaraq yeni tikilmiş binalara və fərdi yaşayış evlərinə qazın açılışına icazə verilməsi üçün nəzərdə tutulan tələblərdən biri də məhz mənzillərdə qaz detektorlarının quraşdırılmasıdır. Yeni mənzillərdə detektor quraşdırılmasa, “Azəriqaz” həmin mənzillərə təbii qazın verilməsinə icazə vermir. Lakin “Azəriqaz”ın bu səlahiyyəti yalnız yeni tikilən mənzillərə şamildir. Daha əvvəlki dövrdə qaz şəbəkəsinə qoşulan binalarda və fərdi evlərdə detektorların quraşdırılmasını tələb etmək “Azəriqaz”ın səlahiyyətində deyil.
Azərbaycanda da belə qurğular satışda var. Qiyməti istehsalçısından asılı olaraq 30-50 manat arasında dəyişir. Çox təəssüf ki, insanlarımız bu kimi qurğulara pul xərcləməyə həvəsli deyil. Nəticə isə acınacaqlıdır. İnsanlarımızın hamam otaqlarında dəm qazından zəhərlənməsi mövsümü temperaturlar aşağı düşdükcə artır.
“Ayaq ucunda səssiz-səmirsiz gələn ölüm”ün qarşısını almaq üçün sakinlər evlərinə detektor quraşdırmalıdır.
Mütəxəssislərin sözlərinə görə, təhlükəsizlik baxımından kombi sistemi ilk yerdədir: “Lakin sistemi yenə də usta qurmalıdır. Kombi bacası evlərin, tikililərin daxilinə deyil, kənara çıxarılmalıdır. Bu halda tam təhlükəsizlik şəraiti yaranır”.  
Mütəxəssislər deyir ki, dəm qazından zəhərlənməmək üçün hamam otaqlarının havalandırma sisteminə də diqqət etmək lazımdır: “Dəm qazının spesifik, haradasa sarımsaq iyinə oxşar qoxusu var. Dəm qazı gözlərdə qıcolmaya oxşar reaksiya yaradır. Hamam otağında suyun fasiləsizliyi halında bunu hiss etməyə bilərsiniz. Dəm qazından qorunmaq üçün hamam otağının ölçüləri də standartlara uyğun olmalıdır. Hamamın hündürlüyü 2.20 sm, qapısı da bayıra açılmalı və aşağısında dəliklər olmalıdır. Həmin dəliklər vasitəsilə xaricdən havanın daxil olması, qazın yanma prosesinə kömək etməsinə hesablanıb. Çox təəssüf ki, əksəriyyət bu normativləri bilmir və ya əməl etmir. Qaz qızdırıcılarını quraşdıran ustalar bu məqamlara xüsusi diqqət etməlidirlər. Vətəndaş  qızdırıcıları özü quraşdırmaqdan çəkinməlidir. Çünki müvafiq standartları bilmədiyi üçün yanlışlığa yol verə bilər. Qazla yanlış davranış isə faciə ilə nəticələnir. Bundan əlavə, gecələr qızdırıcı lazım deyilsə,  mütləq söndürmək lazımdır. Çünki gecə saatlarında qaz kəsilə, yaxud bacadakı problem səbəbindən dəm qazı formasında evə dola bilər. Bunun da sonu bəllidir. Qazı yandırma qaydasına da diqqət etmək lazımdır. Öncə odu gətirmək lazımdır, sonra qazı açmaq gərəkdir. 1 kubmetr metan qazı yanan zaman 9 kubmetr hava lazım olur. Bu hava çatmayanda və ya çox olanda yanma prosesi pozulur. Bu zaman da karbon 4 oksid əvəzinə, karbon 2 oksid ayrılır və 7 dəqiqə ilə 30 dəqiqə arasında o mühitdə nəfəs alan insan zəhərlənir. Ona görə də tüstü, boru ilə xaricə ötürülməli və bu boru da damdan yarım metr hündürə qalxmalıdır”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ