SON DƏQİQƏ

Kitab oxumağın SİRLƏRİ

Tarix:

18-02-2023, 21:30

/ 3 551 dəfə oxundu.
Kitab oxumağın SİRLƏRİ

İnsanı kamilləşdirən, yüksək məqamlara çatdıran, digər varlıqlardan üstün edən onun zəkasıdır. Zəkanın fəziləti isə elmdə, elm isə kitablardadır.

İnsan oxuyursa, deməli, həm də düşünür. Düşünmək isə var olmaqdır. Bu fikri ümumiləşdirdikdə, deməli, insanın özünü və dünyanı dərk etməsi üçün onun oxuması vacibdir. Kitab insan ruhunun müqəddəs yazısı, mənəvi qidasıdır. Bütün şüurlu həyatı boyu insanı müşayiət edən kitab onun etibarlı məsləhətçisi və dostudur, mənəviyyat mənbəyidir. Kitab oxumaq insanın intellektual səviyyəsinə, dünyagörüşünə müsbət təsir göstərir. Bundan başqa, kitab bəşər həyatında qalacaq miras, inkişaf etdirən və insanı ziyalandıran nümunədir. Kitab elm və mərifət dünyasına açılan qapıdır, mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir. Onu yaxın-uzaq keçmişlərə aparır. Bir sözlə, kitablar insan həyatında mühüm rol oynayır. Övladlarımızın dünyagörüşünün zənginləşməsində, estetik və mənəvi tərbiyəsində, bir sözlə uşaq və gənclərin formalaşmasında mütaliənin rolu çox  böyükdür.

Mayası layla və nəğmələrlə yoğrulan xalqımız zəngin ədəbiyyat tarixinə və mükəmməl ədəbiyyat nümunələrinə malikdir. Bir çox dünya ədəbiyyatı nümunələrinin qaynağı və ideyası da elə Azərbaycan ədəbiyyatıdır. Bu nümunələrə marağın artırılması, həmçinin Azərbaycan və dünya ədəbiyyatının sanballı nümunələrinin mütaliə olunması, milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması, mütaliəni günün tələbinə, mənəvi zərurətə çevrilməsinə yardım etmək məqsədilə Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında tez-tez müxtəlif səpkili tədbirlər keçirilir, şəhərin ziyalıları ilə oxucuların görüşləri təşkil edilir.

Belə ki, bu günlərdə 14 fevral Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivinin iştirakı ilə milli sahibkar, Məktəbli-Kitab MMC-nin təsisçisi və direktoru Akif Şahbazovla "Dostların kitab töhfəsi” adlı görüş keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia üzrə baş mütəxəssisi Səbinə Qasımova ilk olaraq ən gənc bayramlar sırasında qeyd olunan, kitaba olan marağı artırmaqla yanaşı, cəmiyyət arasında mütaliə mədəniyyətinin formalaşmasına da müsbət təsir göstərən bu təqvimin tarixindən, əhəmiyyətindən danışıb. Biliklərin və mənəvi dəyərlərin ilkin mənbəyi olan kitabın  insanın ən yaxın dostu olduğunu, dünya görüşünün zənginləşməsi, insanların həyata baxışlarının formalaşmasında, dəyişməsində əvəzedilməz bir vasitə olduğunu bildirib. Sonra o, xoşbəxtliyini zəhmətdə, millətin gələcəyini təhsildə görən, sahibkarlığı isə ən böyük ibadət sayan, başqalarına təmənnasız yaxşılıq etməkdən mənəvi rahatlıq tapan, orijinal düşüncəli, tədbirin fəxri qonağı Akif Şahbazovun həyat və fəaliyyəti haqqında qısa məlumat verib.

Sonra kitabxanalar ilə sıx əməkdaşlıq edən Sumqayıt şəhər Dostlar Klubunun sədri, ictimai xadim, həkim-filosof, yazıçı-publisist Hümbət Həsənoğlu, idarə heyətinin üzvlərindən yazıçı-publisist, Əməkdar jurnalist Eyruz Məmmədov, yazıçı, rejissor, aktyor, jurnalist, Prezident mükafatçısı, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu, tanınmış hüquqşünas, Respublika Vəkillər Kollegiyasının üzvü Azər Əzizov ( Saleh), şair-iqtisadçı Rafiq Mehdiyev və Əməkdar jurnalist, yazıçı, Rusiya Yazıçılar İttifaqının üzvü, bir sıra beynəlxalq və yerli mükafatların sahibiVaris Yolçiyev çıxış ediblər. Onlar çıxışları zamanı gələcəyimizin qurucuları olan uşaqların dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasını xüsusi xatırladıb, onun faydalarından danışıb, kitab oxumağı vərdişə çevirməyi, kitab oxuyarkən şəxsi qeydlər aparmağı, kitab haqqında fikirlərini ayrılıqda qeyd etməyi tövsiyə ediblər. 14 fevralın kitab bağışlayan və kitaba məhəbbətlə yanaşan bütün insanları öz ətrafında birləşdirdiyini bildirən ziyalılar Sumqayıt kitabxanalarına könüllü olaraq minlərlə kitab hədiyyə etmiş və bu gün də öz xeyirxahlıq missiyasına sadiq qalaraq, 200-dən çox hədiyyə kitablarla uşaqların görüşünə gələn dostları Akif Şahbazovun insani keyfiyyətləri, nəcib əməlləri, əldə etdiyi uğurlarının kökündə böyük zəhmətinin, yuxusuz gecələrinin, dərin biliyinin, təxəyyülünün və yaxşı təşkilatçılığının hesabına nail olduğunu tədbir iştirakçılarına çatdırıblar.

Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlunun ölməz dramaturq Cəfər Cabbarlıdan söylədiyi "Ana” şeiri böyük alqışlarla qarşılanıb.

Daha sonra söz alan Akif Şahbazov məqsədi gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək olan bu, bayram münasibətilə məktəbliləri təbrik edib, kitab oxumağın bir mədəniyyət, zənginlik olduğunu söyləyərək tədbirin təşkilinə görə kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirib. Uşaqlara kitab bağışlamaqla onların qəlbini sevindirməyin, qarşılarında yeni üfüqlər açmağın, onlarda kitaba məhəbbət yaratmağın müqəddəs bir vəzifə olduğunu vurğulayıb. Sonra kitabxanaya, iştirakçılara  müxtəlif elm sahələrinə aid tərtibatçısı və naşiri olduğu yeni nəşrlər, eləcə də Azərbaycan, müasir və klassik dünya ədəbiyyatı nümunələrindən ibarət dəyərli kitab bağlamaları hədiyyə edib.

Tədbir boyu şagirdlər kitab haqqında şeirlər söyləyib, Akif Şahbazovun təhsil, mütaliə haqqındakı aforizmlərindən sitatlar gətiriblər. Şair və yazar qonaqlar tədbirdəki fəallıqları ilə seçilən məktəblilərə öz kitablarından hədiyyə ediblər.

Sondakitabsevərlər üçün ən gözəl bayram olan bu günün və tədbirin təəssüratlarından  danışan Gənclər Kitabxanasının müdiri Leyla Mahmudova, 1 nömrəli tam orta məktəbinuşaq birliyi rəhbəri Püstə Mustafayeva kitab bağışlamaqla uşaqlarda kitaba və mütaliəyə olan məhəbbəti daha da artırmağın, ömür boyu oxuma sevgisini aşılamağın mümkünlüyünü vurğulayıb, faydalı məsləhətlərinə, uşaqlarda böyük sevincə səbəb olmuş hədiyyələrinə görə qonaqlara dərin təşəkkürlərini bildiriblər.

 Kitab hər zaman ən dəyərli hədiyyə seçimidir. Kitab hədiyyə etmək üçün xüsusi bir günün olmasını gözləməyin. Övladlarınıza, dostlarınıza, sizə əziz insanlara kitab hədiyyə edin! Dahi filosof, yazıçı Deni Didro deyirdi ki, "Adamlar mütaliədən əl çəkəndə fikirləşməkdən də qalırlar.

           Nailə TAĞIYEVA,                                                                              

          Mərkəzi Uşaq Kitabxanasının müdiri

 

 

 

 


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər