
"Azərbaycan dövlətinin yürütdüyü xarici siyasəti yaxın əməkdaşlığa, tərəfdaşlığa və dost münasibətlərə əsaslanır. Bunun nəticəsidir ki, ölkəmiz bir sıra aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla yaxın əlaqələrə malikdir. Qeyd edim ki, Azərbaycanın Şərqi Avropa coğrafiyasına daxil olan dövlətlərlə əlaqələri olduqca yüksək dinamizmə malikdir. Bu əlaqələr çoxşaxəli və genişdir. Ölkə başçısının noyabrın 15-də Albaniyaya rəsmi səfəri də bunu təsdiqləyir".
Bu fikirləri Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, iki ölkə arasında konstruktiv siyasi dialoq mövcuddur və bu dialoq edilən mühüm səfərlərlə daha da möhkəmlənib. "Bu il ərzində Albaniyanın keçmiş prezidenti Meta, eləcə də Baş nazir Edi Rama Azərbaycanda səfərdə olublar. Bu kimi intensiv görüşlər isə çoxşaxəli tərəfdaşlığı gücləndirməklə yanaşı, siyasi əməkdaşlıq üçün də münbit zəmin formalaşdırır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız bizim əlaqələrimizi gücləndirir. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək ölkəmiz tərəfindən yüksək qiymətlənidirilib", - deyən Ə.Kazımova bildirib ki, iki ölkə arasında iqtisadi müstəvidə də yaxın əməkdaşlıq mövcuddur. Partiya sədrnin fikrincə, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupunun tezliklə birinci iclasını keçirməsinə qərarın verilməsi bunu təsdiqləyir: "İki ölkə arasında bir çox istiqamətlər üzrə əlaqələr var. Bunlardan enerji sektoru xüsusi vurğulanmalıdır. Dövlət başçısı da öz çıxışında bildirdi ki, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər".
Azərbaycanın avropanın enerji təhlükəsizliyində oynadığı rola diqqət çəkən Ə.Kazımova onu da bildirib ki, bu ilin iyulunda Azərbaycanla Avropa Komissiyası arasında imzalanan enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu Azərbaycana 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmağa imkan verir. "Cənab Prezident də bildirdi ki, Azərbaycanın qaz ehtiyatları çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Bu isə Azərbaycana həm də Albaniyanın qaz təchizatına töhfə verməsini təmin edə bilər. Bəlli olduğu kimi Albaniyada qaz şəbəkəsi yaradılmayıb. Azərbaycan isə özünün üstün təcrübələri ilə bu sahədə də investor kimi iştirak edə bilər", -deyə bildirən Ə.Kazımova onu da əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq üçün enerji sektoru ilə yanaşı digər sahələrdə də əhəmiyyətli imkanlar mövcuddur.
Fəridə Qafarqızı