SON DƏQİQƏ
» » Babayev latviyalı nazirlə danışdı: Sazişlə bağlı razılıq...

Babayev latviyalı nazirlə danışdı: Sazişlə bağlı razılıq...

Tarix:

10-06-2020, 22:09

/ 1 345 dəfə oxundu.
Babayev latviyalı nazirlə danışdı: Sazişlə bağlı razılıq...

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri, Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Muxtar Babayev ilə Latviya Respublikasının Nəqliyyat naziri, Hökumətlərarası Komissiyanın Latviya tərəfindən həmsədri Talis Linkaits arasında tanışlıq görüşü keçirilib.
GunAz.az xəbər verir ki, onlayn videokonfrans formatında keçirilmiş görüşdə tərəflər Azərbaycan-Latviya əlaqələrinin davamlı inkişafından məmnunluqlarını bildirib, bu münasibətlərin gələcək inkişafına qarşılıqlı dəstək ifadə ediblər.
Görüşdə ikitərəfli gündəlikdə duran bir sıra məsələlər, o cümlədən iki ölkə arasında tranzit-ticarət, biznes və sərmayələrin təşviqi, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb, bu sahələrdə fəaliyyət göstərən müvafiq dövlət qurumları və işgüzar dairələr arasında birgə təmasların təşviqinə qarşılıqlı dəstək ifadə edilib. Söhbət zamanı nazir Talis Linkaits həmsöhbəti və Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.
Hər iki ölkədə yüksək texnologiyalar və yaşıl iqtisadiyyat kimi sahələrin inkişafına xüsusi diqqətin yetirildiyini vurğulayan nazir Muxtar Babayev bu sahələrdə təcrübə mübadiləsi, əməkdaşlıq və birgə təşəbbüslərin təşviqinə ölkəmizin marağını ifadə edib.
Görüşdə M.Babayev iki ölkə arasında müqavilə-hüquq bazasının cari vəziyyətini təqdim edib. Əsasən Latviya tərəfində baxılmaqda olan ikitərəfli saziş layihələri ilə bağlı işlərin sürətləndirilməsinə dair qarşılıqlı razılıq ifadə edilib.
COVID-19 pandemiyası ilə əlaqədar Hökumətlərarası Komissiyanın bu il Latviyada keçirilməsi planlaşdırılan növbəti - 8-ci iclasının təxirə salınması ilə əlaqədar bu formatda ikitərəfli görüş və müzakirələrin davam etdirilməsi və növbəti videokonfransın Hökumətlərarası Komissiyanın növbəti iclası ərəfəsində - cari ilin sentyabrında keçirilməsinə qarşılıqlı razılıq ifadə edilib. Bu xüsusda tərəflər müzakirə olunan məsələlər üzrə gələcək əməkdaşlıq imkanlarının təhlili və növbəti görüşdə daha konkret əməkdaşlıq təşəbbüsləri ilə çıxış etmək barədə razılığa gəliblər.
Tədbirdə çıxış edən səfir Cavanşir Axundov Azərbaycan ilə Latviya arasında tranzit-ticarət əlaqələrinin gələcək inkişafı və bu xüsusda ölkələrimiz arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində potensial əməkdaşlıq imkanlarına diqqət çəkib, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında beynəlxalq ticarət infrastrukturu və tarif-ticarət siyasətinin təkmilləşdirilməsinin vacib əhəmiyyət kəsb etdiyini söyləyib.
Həmçinin Latviyanın yüksək texnologiyalar sahəsində inkişafı və son nailiyyətlərinə diqqət çəkən səfir bu xüsusda hər iki ölkədən olan müvafiq şirkətlərin kooperasiyalar və digər birgə təşəbbüslərlə çıxış etməsinin daha faydalı ola biləcəyini diqqətə çatdırıb, bunun beynəlxalq iqtisadi rəqabətliliyin təmini, regional bazarlar və azad iqtisadi zonalara çıxış imkanlarının qazanılması və digər bu kimi müasir dövrün qlobal iqtisadi çağırışlarına uyğun ola biləcəyini söyləyib.
Son illərdə Azərbaycan və Latviya iş adamlarının iştirakı ilə bir neçə biznes forumun keçirilməsinə baxmayaraq, ölkələrimiz arasında ticarət dövriyyəsinin mövcud potensiala uyğun olmadığını qeyd edən səfir bu sahədə yaşanan problemlərin hər iki ölkənin müvafiq dövlət qurumları tərəfindən təhlil olunmasını və Komissiyanın növbəti iclasında müzakirəyə çıxarılmasını təklif edib.
Söhbət zamanı C.Axundov Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq hazırlıq işlərinin və xüsusilə iki ölkə arasında baxılmaqda olan saziş layihələrinin ilin sonunadək yekunlaşacağına ümidvar olduğunu bildirib.
Səfirin qaldırdığı məsələlərə görə təşəkkür edən nazir Talis Linkaits iki ölkə arasında tranzit-ticarət əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verdiklərini söyləyib və bu yaxınlarda hər iki ölkənin dövlət dəmir yolu administrasiyaları rəhbərlərinin görüşünün planlaşdırıldığını söyləyib. Bu xüsusda nazir Latviyada Qərb bazarlarına çıxış imkanları baxımından əlverişli tranzit-ticarət infrastrukturunun olduğunu söyləyib. Azərbaycan sərmayələrinin Latviya iqtisadiyyatına cəlb edilməsinə ölkəsinin marağını ifadə edən nazir Talis Linkaits iki ölkə arasında qarşılıqlı sərmayələrin digər ölkələrlə müqayisədə mövcud potensiala cavab vermədiyini bildirib. O, bu sahədə iki ölkənin müvafiq dövlət qurumları və işgüzar dairələri arasında qarşılıqlı səfər və birgə təmasların artırılmasının əhəmiyyətini vurğulayıb. Latviyada nəqliyyat, logistika, qida sənayesi və digər sahələrdə potensial sərmayə imkanlarının olduğunu qeyd edən nazir qarşılıqlı sərmayələrin təşviqi istiqamətində daha səmərəli əməkdaşlıq formatları üzərində işləməyin də əhəmiyyətli ola biləcəyini söyləyib.
Görüşdə Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs və hər iki ölkədən digər dövlət rəsmiləri də iştirak ediblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ