SON DƏQİQƏ

Müxalifəti parçalamaq istəyənlər kimlərdir?

Tarix:23-05-2020, 12:36 Oxunub:2 701

 

Teyyub Qənioğlu

Vaxtilə bir təşkilatda və onun ətrafında birləşən, indi iqtidar, "iqtidardaryönlü", konstruktiv, radikal və s. adlandırılan siyasi partiyalarda təmsil olunanların, milyonlarla vətəndaşımızın dəstəyi ilə, Azərbaycanımızın müstəqilliyinin qazanılmasında xidmətləri (az və ya çox) danılmaz faktdır. Məhz məzmun və mahiyyət cəhətdən biri-birindən fərqlənən milyonlarla insanların ümumi məqsəd birliyi ətrafınada birləşməsinin və çiyin-çiyinə mübarzə aparmasının nəticəsi olaraq biz Azərbaycanımızın müstəqilliyini qazanmışıq və inşAllah bu daimi olacaqdır! Müstəqilliyimizin əldə olunması xalqımıza, dövlətimizə uçuz başa gəlməyib: ərazimizin 20%-ni müvəqqəti də olsa itirmişik, minlərlə insanlarımız həyatından məhrun olub, şəhid, əlil olub, doğmalarını itirib, yetim qalıb. Nə yaxşı ki, itkilərimizin ağırlığına baxmayaraq dövlətimiz, xalqımız ayaqda durmağı bacarıb! Tarix göstərir ki, dövlət müstəqilliyini əldə etmək asan məsələ deyil, çətindir, ancaq onu qoruyub saxlamaq, ictimai-siyasi sabitliyə nail olmaq, azad, demokratik, sivil cəmiyyət formalaşdırmaq, əhalisinin firavan yaşayışını təmin etmək qat-qat çətindir və uzun zaman, ardıcıl, dönməz fəaliyyət, siyasi baxışından asılı olmayaraq birlikdə hamının, ayrılıqda hər kəsin birgə fəaliyyətini tələb edir.

Tarixi təcrübə eləcə də göstərir ki, inkişaf səviyyəsindən asılı olmayaraq dünyanın bütün dövlətlərində mövcud hakimiyyətin siyasətindən, bu və ya digər sahələrdəki fəaliyyətindən narazı qalan, hakimiyyətə müxalifətdə olan müəyyən sayda insanlar, siyasi partiyalar olub, vardır və yəqin ki, bu həmişə belə olacaqdır. Mövcud iqtidara, onun siyasətinə müxalifətdə olmaq olar, bu normaldır, ancaq dövlət mənafeyinə, milli mənafeyə müxalifətdə olmaq vətəndaşa yaraşmaz! Dövlət mənafeyinin, milli mənafenin qorunması siyasi baxışından, iqtdarda, müxalifətdə olmasından asılı olmayaraq hamının müqəddəs borcu olmalıdır. Təbiidir ki, bu məqsədə nail olunması ökədə iqtidar-müxalifət münasibətlərinin səviyyəsindən, iqtidar tərəfindən müxalif siyasi qüvvələrə münasibətin səviiyəsindən, bu sahədə mövcud vəziyyətdən də asılıdır. Təqdirə layiq haldır ki, son zamanlar ölkəmizdə iqtidar-müxalifət münasibətlərinin normalaşdırılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılır. Prezident Administrasiyasında "Siyasi partiyalar və qanunvericilik orqanları ilə iş" şöbəsinin yaradılması və bu şöbənin sərgilədiyi fəaliyyət göstərir ki, bunun davamı gələcəkdir. Ancaq, təəssüf ki, bəzi radikal müxalifət partiyaları iqtidar-müxalifət münasibətlərinin normalaşdırılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirləri nəinki normal qarşılamamış, əksinə onları sabotaj etmək yolunu tutdmuşlar. Bu azmış kimi, onlar dövlətin iqtidar-müxalifət münasibətlərini normalaşdırmaq istiqamətində atdığı addımları müxalifəti parçalamaq istəyi kimi qələmə verməyə çalışırlar. Güya bununla dövlət, itaətkar, sözəbaxan müxalifət formalaşdırmaq, özlərini isə siyasi səhnədən silmək istəyir. Belələrinin başını kola soxub gizləndiyini hesab edən dəvəquşudan nə fərqləri var?Özlərini "ana müxalifət", mövqelərini bölüşməyənləri isə "cib müxalifəti", "iqtidaryönlü müxalifət", "bir adamı və bir papkası olan müxalifət" adlandıraraq illərdir müxalifəti parçalayanlar, kimin həqiqi müxalifət olması haqqında "arayış vermək səlahiyyətinə malik kantor" olmaq istəyənlər, hər dəfə bir müxalifət partiyasını hədəfə götürüb onu aşağılamağa çalışanlar sizlər deyilsinizmi cənablar? Məgər "real müxalifət olmaq" sizlər kimi, xarici havadarlarının himayəsi altında dövlət və milli mənafelərə zidd "fəaliyyət göstərmək"dirmi, oponentlərini aşağılamaq, mövqelərini bölüşməyənləri "söyüşlərə qonaq etmək"dirmi, sivil mübarizə yolunu yox, qarşıdurmanı seçməkdirmi?

Heç kəs iddia etmir ki, Azərbaycanda hər şey normaldır. İstənilən sahədə çatışmazlıqlar var, qohumbazlıq, yerlibazlıq, korrupsiya, rüşvətxorluq adi hala çevrilib. Bunu hər kəs görür. Amma deyəsən bunlara qarşı dövlət səviyyəsində, xüsusilə son zamanlar, aparılan işləri bəziləri görmürlər və ya görmək istəmirlər, bu istiqamətdə işlərin müəyyən zamana ehtiyacı olduğunun fərqində deyillər. Müxalifətdə olmaq hər şeyi qara rəngdə görmək anlamına gəlməməlidir cənablar! Təbii, hər birimiz qanun pozuntularına, korrupsiyaya, rüşvətxorluğa, haqsızlığa qarşı mübarizənin daha sürətli aparılmasını istəyirik və gözləyirik. Bu istiqamətlərdə fəaliyyətin əsas yükü dövlətin üzərinə düşür. Ancaq Təkamül Partiyası olaraq hesab edirk ki, müxalifət partiyaları da bu işə öz töhfələrini verməlidirlər: belə halları aşkar etmək, onların aradan qaldırılması üçün əsaslandırılmış təklif və tövsiyələr vermək yolu ilə. Fikrimizcə, iqtidar-müxalifət münasibətlərinin normalaşdırılması istiqamətində dövlət səviyyəsində atılan və atılması nəzərdə tutulan addımların əsas məqsədlərindən biri də müxalifəti parçalamaq yox, milli mənafelərimiz naminə onları mövcud problemləririn həllinə cəlb etməkdir.

Bu mövqeyi bölüşməyənlərə müraciət etmək istəyirəm: xanımlar və cənablar, bu dövlət bizimdir-uğurları və uğursuzluqları ilə! Ona görə də, iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq biz uğurlarımıza kölgə salmaq yox, onların möhkəmlənməsi, uğursuzluqlarımızın aradan qaldırılması istiqamətində birlikdə mübarizə aparmalıyıq! BİZ BİRLİKDƏ GÜCLÜYÜK!


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<