SON DƏQİQƏ

Fələyin seçki küləyi- YUNUS OĞUZ YAZIR

Tarix:

12-02-2020, 18:08

/ 4 653 dəfə oxundu.
Fələyin seçki küləyi- YUNUS OĞUZ YAZIR

Yunus Oğuz

Felyeton

Uşaqlıqda sevdiyimiz şeirlər çox olub. Özü də bu şeirlər yalnız erkək uşaqlar arasında söylənilərdi. Ata, ana, bacı-qız yanında belə şeirlər deyilməz, ümumiyyətlə  açıq danışılmazdı. O zamanlar qorxu vardı, hürkü vardı. Böyüklərin yanında susmaq vardı. Elə hesab edərdik ki, belə şeirləri böyüklər eşitmiş  olsalar hər tikəmizi qulağımız boyda edərlər. İndi hər şey urvatdan düşüb. Bu şeirlərdən biri də belə idi:

Ey fələk!

Eylə külək...

Bu seçkini (burada improvizə özümündür, yəni sözləri dəyişmişəm)

Bir də görək.

Bu günlər  ölkədə seçki küləyi əsdi getdi, ancaq ürəklərə od saldı getdi.

Bu fələyin seçki küləyi nəmənə şeydirsə, hamını yerindən oynatdı, elindən, obasından etdi. Varlanan varlandı, müflisləşən lap pis günə düşdü.  Yerindən duran dedi ki, mən deputatxanaya düşmək istəyirəm, millətin vəkili olmaq yox ha... Bir həvəsə düşdülər ki, pah atonnan, gəl görəsən. Dünən yazıq-yazıq boynunu büküb, səni görəndə şax duranlar, seçki gününə qədər adam tanımadılar, böyük bilmədilər, kiçik demədilər. Nə təhər qazlanmışdılarsa, safari (yəni dərə-təpə) yolda olmayan maşınlarının sürətini 180-nə qaldırmışdılar. Nə veclərinə? Daha gözlərinə yol polisi qorxusu görünmürdü. Bildirçinin bəyliyi kimi özlərini ağa kimi aparırdılar. Elə bil gündəlik adamlar bunlar deyildilər. Dozalarını sanki artırmışdılar. Bunlara nə təhər seçki dozası vurmuşdularsa yerə-göyə sığmırdılar, "qan-qan" deyirdilər. Bir yerə on, on beş, hətta iyirmi namizəd olsa da, hamısı xəyalən cibində deputatxana mandatı gəzdirirdi. Həə... bir-iki gün  əvvəl  duza gedənlər ləhləyə-ləhləyə duzdan qayıdırlar, hamısı da deyir ki, qalib mənəm, seçki saxtalaşdırılıb, hətta qalibin biri deyib ki, mənə artıq səs verdiklərinə görə MSK-nı məhkəməyə verəcəm. Burda deyiblər e, sən saydığını say, gör fələk (burda fələk yerinə seçki komissiyası yazmaq yerinə düşər)  nə sayır.

Hə duzdan qayıtdınız? Fələyin seçki küləyini üzünüzdə, gözünüzdə hiss etdiniz? Di gedin! Sizdən öncə bələdiyyə seçkisi oldu, hər yerə də muxtar qoyuldu. Bəs nə bilmişdiniz? Heç muxtarlar sizə imkan verərmi o küləyin səmtini dəyişəsiniz? Burada fələk elə muxtarların özləri idi və küləyi də hara istədilər, ora da əsdirdilər.

A kişilər, belə seçki olar? O gün bir dairədən namizədlərin siyahısı əlimə düşüb. On namizəddən altısı işsizdi. Qaqa, işsizsən, get özünə iş tap da. Deputat iş yeri deyil, yana-yana, bəziləri üçün qışqıra-qışqıra şişmək, genəlmək, onun- bunun üstünə yerimək yeridi. Bu işsizlərdən deputat olar,  sən canın? Sən öz gününə ağlayıb iş tapa bilmirsən, üstündən cin ürkən binəvaların halına necə yanacaqsan? Əgər əlinə girəvə düşəcəksə özünə topdağıtmaz şərait yaradacaqsan. Heç cin hürküdənlər vecinə də olmayacaq. Təklif edirəm ki, gələn seçkilərə qədər seçki qanununa əlavə etsinlər: "Kim işsizdir, namizədliyini verə bilməz". O zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kef edəcək. Daha ondan şikayət olmayacaq, işsizlik haqqında sosial müavinətlər dayandırılacaq. Bə nə bilmişdiniz? Bəs deyirdiniz işsizliyin kökünü kəsmişik. Elə isə bunlar hardan çıxdı? Fələyin (muxtarın) seçki küləyini hər dəfə əsdirsəniz, pulsuz-parasız gör neçə yekə problemi həll edib qurtaracaqsınız. Xərclənməyən pulları da muxtarlardan bir neçəsi basıb yeməsə büdcəmiz taxıl torbası kimi dolu qalacaq. İşsizliyi belə həll etdik, indi keçək o biri məsələlərə.

Deməli seçki küləyi xalqı necə qızışdırıbsa, od olub hər tərəfi yandırmağa başlayıb. Vallah, nə təhər canfəşanlıq ediblərsə, adları internetdən düşmür. Bir müşahidəçi eləməyib tənbəllik gedib seçici siyahısını məntəqədən götürüb başlayıb ev-ev gəzməyə ki, görüm seçici yerindədi, ya yox. Hər şeyi dəqiqləşdirib. Ərinməyib ölənlərin qəbiristanlıqda şəkillərini də çəkib. Qayıdıb məntəqə müdirinin yanına. Təxminən belə dialoqları olub.

Müşahidəçi:

- Müəllim, bu seçici ölüb, sən burda bunu diri saxlamısan.

Məntəqə müdiri:

- Filankəs ölməyib.

- Dədəmin goru haqqı, ölüb.

- Mən deyirəm ölməyib.

- A kişi, bu de...( telefonunu çıxardıb qəbiristanlıqda çəkdiyi şəkli göstərir) məzarını da çəkmişəm. Buna nə deyirsən?

Məntəqə müdiri özünü itirmir:

- Ay kişi, o sizdə ölüb, bizdə ölməyib. Muxtar deyirsə sağdır, deməli hələ sağdır...

Hə yadımdan çıxmamış bir məsələni də yazım. O təzə binalar var ha (novostroyka deyirlər) bax ora saxtakarlıq üçün əsl "yem" yeridir, nöşün ki, orada yaşayanların əksəriyyətini seçki qeydiyyatından keçirmirlər. Bu da sənə topa-topa bülletenlər. Hara qeybə çəkilir, bunu  məntəqə sədrləri daha yaxşı bilirlər.

Bu fələyin seçki küləyi bir məsələnin üstünü də açıb -ağartdı.

MSK neçə illərdir elan edir ki, beş milyon nə qədərsə seçicimiz var. Əhalinin sayı on milyonu keçib e... Bizim isə seçicimiz artmır. Belə çıxır ki, bizim dörd milyon  yarımdan çox yaşı səs verməyə çatmayan uşaq və yeniyetmələrimiz var. Nə gözəl, nə pakizə, nə yaxşı? Demək olar ki, ölkənin yarısının səsvermə hüququ yoxdur. Burda günahı MSK-nın üstünə nəbadə atasınız. Bütün günahlar o statistika muxtarındadır. Guya iyirmi üç milyona siyahıyaalma keçirib.

O gün yazmışdım, axı. Biri plakatında yazmışdı ki, görün qaqaşın naxayracax? Dili də varmış, dilçəyi də. Potensial rəqibini vurub sıradan çıxartdı. O rəqib bunu çağırıb deyib ki, bəs gəl dur yanımda, sənə filan qədər nəmər verəcəm. O da eləməyəsən tənbəllik,rəqibinin səsini yazıb telefona, ötürüb külli- aləmə. Bu da rüsvayi-cahan olub. Nə isə, bu potensial rəqibin üstündən muxtarların biri yağlı qırmızı   xətt çəkib. Bunun yerinə isə təsadüfən namizədliyini verən, yatıb yuxusunda da deputatxana görməyənin birisi seçilib. Bax, fələyin seçki küləyi bunun da üstünə belə əsib. Nə təhər əsibsə, səhər yuxudan durub deputat olub. Bah, arvad-uşaq bunun başına necə dolanıbsa kişinin sevincdən ürəyi gedib.

O birisinin üstünə fələk qara yellər əsdirib.  Özünə arxayın olan birisi kredit götürdüyü inəkləri satıb, pulu da buraxıb boş-boş işlərə. İndi it də gedib, ip də, yəni inək də yoxdur, deputatlıq da. Bu da eləmə tənbəllik, başlayıb qışqırmağa ki, bəs mənim inəklərimi kim qaytaracaq? Get bunu sənə "namizədliyini ver" deyən muxtar müəllimdən soruş. Bu da belə getdi. Bir işsiz də qoşuldu Əmək Nazirliyinə.

Day, başınızı çox ağrıtmayım. Fələyin seçki küləyi  o qədər hadisələr yaradıb ki, hər biri hekayə, uzundərə satiradır. Birini də yazım, ta həvəsdi- bəsdi.

Kənd rayonlarının birində bir kreativ namizəd varmış. Seçiciləri təcili yardım maşını ilə məntəqəyə daşıyırmış, özü də təcili siqnalını verə-verə. Namizədin əvəzinə hakim muxtarın belinə yağlı töhmət yapışdırıblar. Di get, bu sənə lazım idi?

Başqa bir kreativ isə kənddən bir eşşək icarəyə götürür. Potensial rəqibinin adını yazır kağıza, keçirir eşşəyin başına. Gəlir çayxananın qarşısına. Orda da yazılmışdı: "Ya mənə səs verin, ya bu eşşək filankəsə". Camaat eləmir tənbəllik, məzə üçün gedib "eşşəyə" səs verir.

Nə isə, fələyin seçki küləyinin bu soyuq havada istisi yavaş-yavaş  çəkilməyə başlayır, amma tüstüsünün çəkilməyinə hələ çox var. Tüstüsü çox adamı kor eyləyəcək, axı seçki muxtarları hələ yerindədi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ