SON DƏQİQƏ
» » Avropa liqası: “Qarabağ” bu gün II tura çıxır-AFİŞA

Avropa liqası: “Qarabağ” bu gün II tura çıxır-AFİŞA

Tarix:

3-10-2019, 08:19

/ 1 382 dəfə oxundu.
Avropa liqası: “Qarabağ” bu gün II tura çıxır-AFİŞA

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

GunAz.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ın qonağı olacaq. “Jozi Bartel” stadionunda baş tutacaq A qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Azərbaycan təmsilçisi bu matça Filip Ozobiç və Xayme Romerosuz çıxacaq. Hər iki yarımmüdafiəçi zədəlidir. 

Bu görüş "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. 47 yaşlı mütəxəssis 2008-ci ildən rəhbərlik etdiyi komanda ilə 100-cü avrokubok matçına çıxacaq.  

Azərbaycan çempionu ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburqlular isə Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyiblər.

“Düdelanj” 2018/2019 mövsümündə ardıcıl 4-cü dəfə qızıl medallara sahib çıxmaqla 15 qat ölkə çempionu olub. Həmçinin "sarı-qırmızılar" ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla, bunu bacaran ilk Lüksemburq klubu kimi ölkə futbolunun tarixinə düşüb. Hərçənd orada ilk 5 oyunu uduzduqdan sonra İspaniya “Betis”i ilə evdə qolsuz heç-heçə edib.

 

Lüksemburq təmsilçisi ötən mövsüm olduğu kimi, yenə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində mübarizəni dayandırıb. Komanda Malta “Valletta”sını keçə bilməyib. Lakin bundan sonra "Düdelanj" Avropa Liqasında “Şkendiya” (Makedoniya), “Nımme Kalyu” (Estoniya) və “Ararat” (Ermənistan) komandalarını üstələyərək, qrupa düşüb. “Düdelanj” avrokuboklarda artıq 5 oyundur evdə uduzmur – 2 qələbə, 3 bərabərlik. Özü də son 2-də qalib gəlib.

“Qarabağ” ötən mövsüm ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə Azərbaycan çempionu olub. Komanda davamlı şəkildə 6 dəfə avrokubokda qrup mərhələsinə vəsiqə qazanıb. Hərçənd Ağdam təmsilçisi də ötən mövsüm qrup mərhələsindəki 5 oyunda uduzub, yalnız “Vorskla”nı Ukraynada məğlub edə bilib - 1:0.

Ağdamlılar da cari avrokubok mövsümünə ÇL-in I təsnifat mərhələsindən başlayıblar. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Albaniyanın “Partizani” (0:0, 2:0) və İrlandiyanın “Dandolk” (1:1, 3:0) kollektivlərini mübarizədən kənarlaşdırdıqdan sonra Kipr APOEL-i ilə bacarmayıb (2:1, 0:2). Buna rəğmən, Azərbaycan çempionu Şimali İrlandiya təmsilçisi “Linfild”i (2:3, 2:1) keçərək Avropa Liqasının qrupuna düşüb.

 

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki statistikası bu cürdür: 3 qələbə, 1 heç-heçə və 8 məğlubiyyət. Ağdam təmsilçisi bütün hallarda ilk səfər matçında uduzub.

Bu komandalar 3 mövsüm öncə ÇL-in II təsnifat mərhələsində görüşüblər. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv evdə Riçard Almeydanın dublu sayəsində 2:0 hesabı ilə qalib gəlib. Lüksemburqdakı görüşdə isə heç-heçə qeydə alınıb – 1:1. Azərbaycan çempionunun bərabərlik qoluna Reynaldo Silva imza atıb. “Qarabağ” və “Düdelanj” indiyədək rəqibin təmsil etdiyi ölkənin başqa komandaları ilə üz-üzə gəlməyiblər.

Komandalar cari mövsümdə milli çempionatlarında fərqli qrafik cızırlar. “Qarabağ” Premyer Liqada 6 oyunda 18 xal toplamaqla 100 faizlik nəticə ilə vahid liderdir. “Köhlən atlar” axırıncı turda “Sumqayıt”ı 2 cavabsız qolla üstələyiblər. “Düdelanj” isə 7 turdan sonra 7 xalla 8-ci sıradadır. Komanda ötən tur “Rosport”u 7:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, A qrupunun digər matçında “Sevilya” APOEL-i qəbul edəcəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

23:00. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Con Biton

Yan xətt hakimləri: Daniel Makfarlan və Duqlas Potter

Dördüncü hakim: Donald Robertson (hakimlər briqadası Şotlandiyadandır)

Hakim-inspektor: Yon Eylif Skyervold (Norveç)

UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya)

“Jozi Bartel” stadionu.

A qrupu

23:00. "Sevilya" (İspaniya) - APOEL (Kipr)

23:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan)

Xal durumu: "Düdelanj" - 3, "Sevilya" - 3, APOEL - 0, "Qarabağ" - 0.

 

B qrupu

23:00. "Malmö" (İsveç) - "Kopenhagen" (Danimarka)

23:00. "Luqano" (İsveçrə) - "Dinamo" (Kiyev, Ukrayna)

Xal durumu: "Kopenhagen" - 3, "Dinamo" - 3, "Luqano" - 0, "Malmö" - 0

 

C qrupu

23:00. "Krasnodar" (Rusiya) - "Xetafe" (İspaniya)

23:00. "Trabzonspor" (Türkiyə) - "Bazel" (İsveçrə)

Xal durumu: "Bazel" - 3, "Xetafe" - 3, "Trabzonspor" - 0, "Krasnodar" - 0.

 

D qrupu

23:00. "Sportinq" (Portuqaliya) - LASK (Avstriya)

23:00. "Rusenborq" (Norveç) - PSV (Hollandiya)

Xal durumu: LASK - 3, PSV - 3, "Rusenborq" - 0, "Sportinq" - 0

 

E qrupu

23:00. "Latsio" (İtaliya) - "Renn" (Fransa)

23:00. "Seltik" (Şotlandiya) - ÇFR (Rumıniya)

Xal durumu: ÇFR - 3, "Seltik" - 1, "Renn" - 1, "Latsio" - 0.

 

F qrupu

23:00. "Arsenal" (İngiltərə) - "Standard" (Belçika)

23:00. "Vitoriya" (Portuqaliya) - "Ayntraxt" (Almaniya)

Xal durumu: Arsenal - 3, "Standard" - 3, "Ayntraxt" - 0, "Vitoriya" - 0.

 

G qrupu

20:55. "Yanq Boyz" (İsveçrə) - "Reyncers" (Şotlandiya)

20:55. "Feyenoord" (Hollandiya) - "Portu" (Portuqaliya)

Xal durumu: "Portu" - 3, "Reyncers" - 3, "Yanq Boyz" - 0, "Feyenoord" - 0.

 

H qrupu

20:55. MOİK (Rusiya) - "Espanyol" (İspaniya)

20:55. "Ferentsvaroş" (Macarıstan) - "Lüdoqorets" (Bolqarıstan)

Xal durumu: "Lüdoqorets" - 3, "Ferentsvaroş" - 1, "Espanyol" - 1, MOİK - 0.

 

I qrupu

20:55. "Sent-Etyen" (Fransa) - "Volfsburq" (Almaniya)

20:55. "Aleksandriya" (Ukrayna) - "Gent" (Belçika)

Xal durumu: "Gent" - 3, "Volfsburq" - 3. "Sent-Etyen" - 0. "Aleksandriya" - 0.

 

J qrupu

20:55. "Başakşehir" (Türkiyə) - "Borussiya" (Mönxenqladbax, Almaniya)

20:55. "Volfsberq" (Avstriya) - "Roma" (İtaliya)

Xal durumu: Roma - 3, "Volfsberq" - 3, "İstanbul Başakşehir" - 0, "Borussiya" - 0.

 

K qrupu

20:55. "Beşiktaş" (Türkiyə) - "Vulverhempton" (İngiltərə)

20:55. "Braqa" (Portuqaliya) - "Slovan" (Bratislava, Slovakiya)

Xal durumu: "Braqa" - 3, "Slovan" - 3, "Beşiktaş" - 0, "Vulverhempton" - 0.

 

L qrupu

18:50. "Astana" (Qazaxıstan) - "Partizan" (Serbiya)

20:55. AZ (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə)

Xal durumu: "Mançester Yunayted" - 3, AZ - 1, "Partizan" - 1, "Astana" - 0. 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ