İyunun 19-da Böyük Britaniya Beynəlxalq Ticarət Nazirliyinin (BTN) rəsmi internet səhifəsində "Xarici Biznes Riskləri - Azərbaycan" (Overseas Business Risks-Azerbaijan) adlı elektron bələdçi məlumat bazasına xəbərdarlıq yerləşdirilib.
Qeyd edək ki, qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı xəbərdarlıq bir neçə aspektdən əhəmiyyət kəsb edir. Birincisi və ən əsası Dağlıq Qarabağ və ətraf ərazilər üzərində Azərbaycanın suverenliyi, bu ərazilərə münasibətdə Azərbaycan qanunvericiliyinin qüvvədə olduğu bir daha təsbit edilib. İkincisi, bir qayda olaraq Britaniya XİN-in Azərbaycana səyahət bölməsində daha çox turistlərə yönəlmiş, işğal edilmiş ərazilərə səyahətdən çəkinməklə bağlı müvafiq mövqe bəyan edilsə də, konkret olaraq bu ərazilərdə iqtisadi fəaliyyətin doğura biləcəyi nəticələr barəsində qeydlər yer almayıb. Bu daha çox Britaniya rəsmi qurumlarının özəl biznesin fəaliyyətinə müdaxilə etməməyə üstünlük verməsi ilə izah olunur. Bu baxımdan xəbərdarlıq Britaniyanın sırf qanunsuz iqtisadi fəaliyyətlə bağlı ilk mövqeyi kimi qəbul oluna bilər.