SON DƏQİQƏ

Vergilər Nazirliyində seminar–müşavirə keçirilib

Tarix:18-07-2019, 20:29 Oxunub:1 843

Vergilər Nazirliyində ölkəmizin şəhər və rayonlarını əhatə edən ərazi vergilər departamentləri, idarələrinin rəhbər vəzifəli şəxsləri və ərazi vergi orqanlarında yeni yaradılmış mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbələrinin əməkdaşlarının iştirakı ilə kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi ilə bağlı qarşıda duran məsələlərə həsr edilmiş seminar-müşavirə keçirilib.

Nazirliyin Media və kommunikasiya mərkəzindən GunAz.az-a bildirilib ki, seminar-müşavirədə çıxış edən Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində vergi uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı görülməsi zəruri olan işlər barədə məlumat verib.

Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 20 ildən çoxdur torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunublar. 2019-cu ildən etibarən bu azadolmanın müddəti 5 il müddətinə uzadılıb. Bu sahədə çalışanlara dövlət tərəfindən subsidiyalar verilir, onlar bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə edirlər. Lakin təəssüflər olsun ki, bu sahədə hesabatlılıq günün tələblərinə cavab vermir, müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur. Həmin uyğunsuzluqların aradan qaldırılması üçün digər aidiyyəti dövlət qurumları ilə birgə böyük bir layihə hazırlanıb və ilkin olaraq bu işlərə Şamaxı rayonunda başlanılması qərara alınıb.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı işlərin əlaqələndirilməsi Vergilər Nazirliyinə həvalə olunub. Bu işə aidiyyəti olan bütün dövlət qurumları üçün əlçatan olacaq vahid informasiya platformasının yaradılması istiqamətində işlər davam etdirilir.

Vergilər Nazirliyində və Dövlət Gömrük Komitəsində hesabatların alınması tam elektronlaşdırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Statistika Komitəsində və Əmlak Məsələləri Dövlət Komitəsində bu prosesin davam etdirildiyi seminar iştirakçılarının nəzərinə çatdırılıb.

Xüsusilə vurğulanıb ki, bu istiqamətdə görüləcək işlərin məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının vergiyə cəlb edilməsi yox, real vəziyyəti düzgün əks etdirən uçotun və şəffaflığın təmin edilməsidir. Bu, eyni zamanda, kənd təsərrüfatı sahəsində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması və onların pensiya təminatı üçün də mühüm bir məsələdir.

Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində göstərilən hədəflər, bu sahədə qanunvericilik, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və vergi orqanında uçotda olan vergiödəyicilərinin qeydiyyatı və digər məsələlərlə bağlı geniş təqdimatla çıxış edib. Təqdimatda kənd təsərrüfatı sahəsində uçot və hesabatlılığın təşkili və tətbiqi sahəsindəki mövcud vəziyyət barədə ətraflı məlumatlar verilib.

Təqdimatı davam etdirən Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi departamentinin baş direktoru Elçin Bəylərov kənd təsərrüfatı sahəsində uçotun təşkili ilə bağlı ərazi vergi orqanlarının aidiyyəti dövlət qurumları ilə birgə görəcəyi işlərlə əlaqədar hazırlanmış proseslər xəritəsi barədə danışıb.

Vergi orqanlarına kənd təsərrüfatı sahəsində uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi və digər aidiyyəti dövlət qurumlarının yerli orqanları, habelə bələdiyyələrlə əlaqəli şəkildə işləmək tapşırılıb.

Vergilər Nazirliyində seminar–müşavirə keçirilib

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<