SON DƏQİQƏ
» » “Bu, dövlətimizə, millətimizə, dinimizə yaraşan hadisə deyil”

“Bu, dövlətimizə, millətimizə, dinimizə yaraşan hadisə deyil”

Tarix:

14-03-2018, 23:58

/ 10 303 dəfə oxundu.
“Bu, dövlətimizə, millətimizə, dinimizə yaraşan hadisə deyil”

Vahid Əhmədovdan tərəflərə çağırış: “Təhqirə yol vermək olmaz!”

Bu günlərdə YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov adbaad bir çox tanınmış insanlara müraciət edərək xaricdə mühacir həyatı yaşayan bəzi şəxslərin təhqiramiz hərəkətlərinə onların reaksiya verməsini xahiş edib.

Milli Məclisin istiqlalçı deputatı Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında deyib ki, bu vəziyyət onu narahat edir: “Çünki mən Azərbaycanın müstəqilliyinin əbədi olması üçün çalışan insanlardan biriyəm və demokratik fikirli millət vəkiliyəm. Kimliyindən asılı olmayaraq, siyasi opponentlərin adət-ənənələri gözləmələrini məsləhət görərdim. Siyavuş Novruzovun müraciətini oxudum, müəyyən narahatlığın olduğunu hiss etdim. Birincisi, 12 ildir ki, Milli Məclisdə Siyavuş Novruzovla fəaliyyət göstəririk. Keçən müddət ərzində mən ondan nalayiq hərəkətlər görməmişəm və hiss etməmişəm. Düzdür, müəyyən tənqidləri olub, amma o tənqidlər başqa məcraya çevrilməyib. İndi müəyyən hadisələr baş verib, bəzi rəqiblər xaricə gediblər, ya hansısa səbəblərdən getməyə məcbur olublar. Lakin ordan Azərbaycanın dövlət başçısı, dövləti ilə əlaqədar müəyyən etikadan kənar polemikalar aparılmasını, milli mentalitetimizə yaraşmayan sözlərin işlədilməsini qəbul etmirəm. Mən təqribən 40 ildən çoxdur ki, siyasətdə olan adamam. Ağır vaxtımız da, hakimiyyətdə olan vaxtlarımız da olub, kommunistlərlə də üz-üzə qalmışıq, amma heç vaxt təhqirdən istifadə etməmişik. Ona görə də mən belə insanlara məsləhət görərdim ki, siyasi mübarizədə heç vaxt təhqirlərə yol verməsinlər!”

Amma V.Əhmədov başqa bir məqama da diqqət çəkdi: “Mən digər tərəfi də qeyd etmək istəyirəm ki, Azərbaycanın mentalitetinə yaraşmayan hərəkət, ölülərin təhqir olunması və onun video-çəkilişinin aparılıb yayılması da bizə yaraşan hərəkətlər deyil. Lakin bunu gətirib birbaşa dövlət başçısı, onun ailəsi ilə əlaqələndirməyi də qəbul etmirəm. Çünki İlham Əliyev kifayət qədər cəsarətli və humanist bir insandır, o heç vaxt belə şeylərə imkan verməz. Ola bilər bu, hansısa qrupun marağı səviyyəsində olan məsələdir. İndi dövlət başçısının göstərişinə əsasən cinayət işi açılıb. Yəqin ki, o şəxslər tapılacaq və öz cəzasını alacaq, almalıdırlar da. Mən o tərəfi də başa düşürəm, kiminsə ailəsi təhqir edilərsə, o da müəyyən qədər həssaslıq nümayiş etdirə bilər. Ancaq təhqirə yol vermək olmaz! İkincisi də Azərbaycanın dövlət başçısı dövləti təmsil edən bir insandır. Burada Azərbaycan dövlətindən və onu qoruyub-saxlamaqdan söhbət gedir”.

V.Əhmədov sonda çağırış etdi: “Mən bu insanlara tövsiyə edərdim ki, siyasi mübarizədə ümumiyyətlə, təhqirə, nalayiq hərəkətlərə yol verməsinlər! Azərbaycan dövlətindən də xahiş edirəm ki, Göyçay qəbiristanlığında ki, o hadisə baş verib, həmin şəxslər mütləq tapılmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdır, video da var. Göyçay qəbiristanlığında baş verən hadisə ilə əlaqədar o şəxslər faktiki olaraq Azərbaycan dövlətinə, dövlət başçısının imicinə ziyan vurublar. Çünki qeyd etdiyimiz kimi, dövlət başçısı ümumiyyətlə, belə işlərə çox pis baxır, o humanist bir insandır və cinayət işinin açılması ilə bağlı göstəriş də verib. Yəni belə addımları atan insanlar mütləq cəzalandırılmalıdır. İctimaiyyət bilməlidir ki, belə hadisələrə yol vermək olmaz. Bu, bizim dövlətimizə, millətimizə, dinimizə yaraşan hadisə deyil”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ