SON DƏQİQƏ
» » Tələbələr üçün hansı güzəştlər ediləcək?- AÇIQLAMA

Tələbələr üçün hansı güzəştlər ediləcək?- AÇIQLAMA

Tarix:

4-06-2021, 13:33

/ 3 704 dəfə oxundu.
Tələbələr üçün hansı güzəştlər ediləcək?- AÇIQLAMA

Pandemiyanın ikinci ilində Azərbaycanda ali təhsil müəssisələrində semestr və dövlət imtahanları başlayıb. Nəzərə alsaq ki, tədrisin bir qismi onlayn keçirilib, bu zaman tələbələr üçün müəyyən güzəştlərin olması lazımdır.

BDU-nun mətbuat xidmətinin rəhbəri Günel İsgəndər: "İmtahan sessiyası cari ilin 07 iyun - 02 iyul tarixlərində "Microsoft Teams” platforması üzərindən şifahi şəkildə, iki növbədə təşkil ediləcək. Bütün tələbələr davamiyyətə görə 10 balla və sərbəst işlərə görə 10 balla qiymətləndiriləcək. İmtahan sualları məzmun və əhatəlilik əsas götürülərək 20-30% azaldılıb və sadələşdirilib, bu imtahan sessiyasında üzrlü və ya üzrsüz səbəbdən iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış tələbələr üçün 2021-ci il 05-09 iyul tarixlərində ödənişsiz əsaslarla imtahanlar təşkil edilməsi də nəzərdə tutulub”.

ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli: "Azərbaycan Dillər Universitetində 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb. İmtahanlar 05.07.2021-ci il tarixinə qədər gün ərzində üç növbədə distant (məsafədən) davam edəcək. Gün ərzində 1000-ə yaxın tələbə imtahan verir. İyunun 3-nə olan nəticələrə görə, 986 tələbə imtahan verib, toplanılan ən yuxarı nəticə 100, ən aşağı bal isə 51 bal olub. İmtahanın gedişatı zamanı istənilən səbəbdən (elektrik təchizatı, internet şəbəkəsinin itməsi və s.) tələbə ilə görüntü və səs əlaqəsi kəsildikdə həmin tələbə ilə gün ərzində və ya növbəti gün əlaqə saxlanılaraq fərdi şəkildə imtahan götürülür. Bu kimi hallar dekanlıq tərəfindən araşdırılır və fərdi yanaşma tətbiq olunur. İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası yaradılıb”.

AzTU-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova: "Azərbaycan Texniki Universitetində (AzTU) 2020-2021-ci il yaz semestrinin imtahan sessiyası onlayn formada və şifahi üsulla keçirilir. Magistratura səviyyəsində təhsil alan tələbələrin imtahanları iyunun 2-dən, bakalavriat səviyyəsində təhsil alanların imtahanları isə bu gündən başlayıb. İmtahanın aparılması üçün hər biri 5 sualdan ibarət 30 bilet hazırlanıb. İmtahan suallarının sayı fənnin saatından asılı olaraq, əyani təhsil alanlar üçün 40-60, qiyabilər üçün isə 30 olaraq müəyyənləşdirilib. İmtahan zamanı tələbələrə sualları cavablandırmaları üçün ümumilikdə 10 dəqiqə vaxt ayrılır. Biletdəki hər bir sual əyani formada təhsil alanlar üçün 10, qiyabi formada təhsil alanlar üçün isə 20 balla qiymətləndirilir. Güzəştlə bağlı sualınıza cavab olaraq onu qeyd edim ki, tələbələrin müraciət və təklifləri, mövcud pandemiya şəraitində maddi vəziyyətləri, ucqar kəndlərdə yaşayan tələbələrimizin internet problemləri nəzərə alınaraq imtahanda dərsə davamiyyətin qeyd olunması 50%-dən 25%-ə endirilib. Bu isə o deməkdir ki, semestr ərzində dərslərdə davamiyyəti minimum 25% olan tələbə də imtahanda iştirak edə bilər”.

ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova: "Tibb Universitetində semestr imtahanları verən tələbələrimiz var. Amma dövlət imtahanları hələ ki, başlamayıb, güzəştlər barədə də məlumat yoxdur, hansısa güzəştlərin tətbiqi ilə bağlı məlumat dövlət imtahanları başlayan zaman məlum olacaq. Semestr imtahanları çərçivəsində ümumi test sualları 30 faiz azalıb, birinci kurslarda sərbəst işlər soruşulmayacaq, yuxarı kurslarda sərbəst iş əvəzinə klinik bacarıqlar yoxlanılacaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ