
1991-ci ilin sonu və 1992-ci ilin əvvəlində Ermənistan-Azərbaycan münaqişəsi hərbi mərhələyə qədəm qoydu. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranan siyasi qeyri-sabitlikdən yararlanan Ermənistan xarici hərbi yardımlardan istifadə edərək Dağlıq Qarabağda döyüş əməliyyatlarına başladı.
1992-ci ilin fevralında Xocalı şəhərində Azərbaycan əhalisinə qarşı görünməmiş
soyqırım törədildi. Xocalı soyqırımı kimi tanınan bu qanlı faciədə minlərlə azərbaycanlı kütləvi şəkildə qırıldı və ya əsir götürüldü, şəhər isə yerlə-yeksan edildi. 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı piyada alayının köməyi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yerləşən və münaqişəyə qədər 23,757 nəfər əhalisi olan və ümumi ərazisi 0,94 kvadrat kilometrə çatan kiçik bir şəhəri-Xocalını istila etdilər. Dəhşətli gecə başlamazdan əvvəl şəhərdə qalan xocalı sakinləri (təxminən 2500 nəfər) hücum başladıqdan sonra azərbaycanlıların məskunlaşdığı ən yaxın ərazilərə gedən yolu tapmaq ümüdiylə öz evlərini tərk etməyə cəhd etdilər. Bu planlar da uğursuzluqla nəticələndi. İşğalçılar Xocalını dağıtdılar və xüsusi qəddarlıqla dinc əhaliyə qarşı qırğın törətdilər. Xocalının yüzlərlə günahsız sakininin qəddar şəkildə məhv edilməsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun ətrafında və daxilində baş verən silahlı münaqişə zamanı ən mənfur cinayətlərdən biri idi. Erməni silahlı qüvvələri və xarici hərbi bölmələr Xocalıdan və ətraf ərazilərdən qaçıb gedə bilməyən insanların heç birini sağ qoymadılar. Nəticədə 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1,275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bugünədək naməlum qalıb. Faciə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 uşağın isə hələ heç yaşı tamam olmamışdı. 6 ailə tamamilə məhv edildi, 26 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vururaq öldürüldü.
Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli liderimiz, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi minnətdarlıq hissi ilə qeyd etmək lazımdır. Məhz fondun gərgin fəaliyyəti nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Türkanə Mübariz




























