SON DƏQİQƏ
» » Hansı daha sərfəlidir: Prezidentli, yoxsa, parlamentli respublika idarəçilik forması?

Hansı daha sərfəlidir: Prezidentli, yoxsa, parlamentli respublika idarəçilik forması?

Tarix:

24-06-2021, 09:12

/ 2 451 dəfə oxundu.
Hansı daha sərfəlidir: Prezidentli, yoxsa, parlamentli respublika idarəçilik forması?

Ermənistanda parlament seçkilərindən sonra yenidən prezident idarəçiliyinə qayıdışla bağlı müzakirələr başlayıb. Türkiyə də yeni konstitusiya hazırlığı içərisindədir və müxalifətin əsas israrı parlament idarəetməsinin qaytarılmasıdır. Gürcüstan da parlament respublikasıdır. Azərbaycanda da bu mövzular dəfələrlə gündəmə gətirilib. Amma 1918-ci il Xalq Cümhuriyyətindən başqa, bizim ölkəmizdə heç vaxt parlament idarəçiliyi olmayıb. Azərbaycanda bu müzakirələr başlaya bilərmi və buna ehtiyac varmı?

Parlamentli respublika idarəçilik formasına keçid barədə müzakirələr, əlbəttə, başlana bilər. Digər məsələlərdə olduğu kimi bu məsələnin müzakirəsinə də qadağa qoyula bilməz. Ehtiyac varmı? Zənnimcə yox. Bu idarəçilik üsulu bir neçə dövlət istisna olmaqla əksər dövlətlərdə özünü doğrultmayıb. Azərbaycan Xalq Cumhuriyyəti dövründə əsas işlər parlamentin olmadığı -1918-ci ilin iyunundan dekabra qədərki dövrdə görüldü. Sonra parlament açıldı və mənasız müzakirələr, dalbadal hökumət dəyişiklikləri ciddi problemlər yaratdı.

Eyni hadisələri Türkiyədə də müşahidə etdik. Tez-tez dəyişən, zəif koalisyon hökumətlər, dövlət çevrilişləri, Menderesin asılması, Ərbakanın uzaqlaşdırılması həm də parlamentli respublika idarəçilik formasının törətdiyi fəsadlar idi. Türkiyənin yüksək dərəcədə inkişafı AK partinin təkbaşına hakimiyyətə gəldiyi ilk illərdən başladı və prezidentli respublikaya keçidin əvvəlində davam etdi. Sonrakı dövrdə problemlər başladı və haqlı olaraq bu idarəçilik üsulunun ləğvi, yenidən parlamentli respublikaya qayıtmaq təklifləri səsləndi.

Çıxış yolu nədədir? Məncə parlamentli respublika idarəçilik forması da, prezident respublikası üsul-idarəsi də nə Türkiyəyə, nə də Azərbaycana tam uyğun deyil. Fransada olduğu kimi qarışıq sistemin seçilməsi, parlament seçkilərinin nəticələrinə görə qalib partiya sədrinin başçılığı ilə formalaşan Nazirlər kabinetinə iqtisadiyyatı idarəetmə səlahiyyətinin verilməsi məncə daha səmərəli olardı. Bu şəraitdə hökumətlərin dəyişməsi ölkədə ciddi böhran yaratmaz və işinin öhdəsindən gəlməyən hökumət başçısını dəyişməklə cəmiyyətdəki gərginliyi,narazılığı azaltmaq olardı. Bu halda 30 il nazir postunda oturmaq halları da yox olardı, nazirlərin parlamentə və deputatlara saymazyana münasibəti də. MDB-yə daxil olan respublikalar içərisində Qazaxıstan tam olmasa da, müəyyən qədər qarışıq idarəçilik formasının elementlərindən istifadə edir və nəticələr də göz qabağındadır.

Azərbaycan prezidentli respublika formasının üstünlüklərindən müharibə dövründə səmərəli istifadə etdi və qazanılan qələbədə bütün hakimiyyətin prezidentin əlində toplaşması mühüm rol oynadı. Artıq torpaqlarımız işğaldan azad olunub və qarşımızda duran əsas vəzifə yüksək səviyyədə iqtisadi inkişafa nail olmaq, ilk növbədə, regionların ÜDM-də payını dəfələrlə artırmaqdır. Bu məqsədə nail olmaq üçün mütləq konstitusiya islahatları keçirmək, qarışıq idarəçilik formasına keçmək, inzibati-ərazi islahatları aparmaq, paytaxtı respublikanın mərkəzinə köçürmək və s. bu kimi addımlar atılmalıdır.

 

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyans Partiyasının sədri.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ