SON DƏQİQƏ
» » Moskvanın Qarabağda separatçılığı körükləməsi anlaşılan deyil

Moskvanın Qarabağda separatçılığı körükləməsi anlaşılan deyil

Tarix:

27-04-2021, 09:34

/ 2 725 dəfə oxundu.
Moskvanın Qarabağda separatçılığı körükləməsi anlaşılan deyil

Partiya sədri: «Rusiyadan da Azərbaycana qarşı müttəfiqlik münasibətlərimizə hörmətlə yanaşılmasını gözləməyə haqqımız var»

 

Xankəndində cəmləşmiş erməni separatçılarının başçısı Araik Arutyunyanın Moskvaya çağırılması sıradan bir hadisə deyil. "Hraparak” qəzetinin yazdığı məqaləyə əsaslansaq, sözügedən səfər heç də könüllü xarakter daşımır. Belə ki, Arutyunyanı Moskvaya həm xəbərdarlıq etmək üçün, həm də təlimatlandırmaq üçün çağırıblar. Söhbət hansı xəbərdarlıqdan və ya təlimatlardan gedir?

Müşahidələr onu göstərir ki, Moskva son vaxtlar A.Arutyunyanın müstəqil siyasət yürütməyə və öz addımlarını rəsmi İrəvanla, konkret desək Nikol Paşinyanın direktivləri ilə uyğunlaşdırmağa, sinxronlaşdırmağa çalışmasından narazıdır. Bu isə heç şübhəsiz ki, Moskvanın Ermənistan hərbçilərinin Qarabağdan çıxarılacağından sonrakı dövrə aid hazırladığı planlarla daban-dabana ziddir. Moskva bununla açıq-aşkar Ermənistanın Dağlıq Qarabağda hərbi varlığının bitməsindən sonrakı dövrə hazırlaşdığını nümayiş etdirir. Və Arutyunyana da başa salmaq istəyirlər ki, Moskvanın Dağlıq Qarabağda "ikihakimiyyətliliyə” dözmək fikri yoxdur. Yəqin ki, Araikə açıq mətnlə deyiblər ki, "sənin ağan Paşinyan yox, Putindir və sən bundan sonra İrəvanın yox, Moskvanın göstərişlərinə əməl etməlisən”.

Böyük ehtimalla Moskvada A.Arutyunyanla Rusiya xüsusi xidmət orqanlarının görüşləri, məxvi söhbətləri məhz bu "ssenari” üzrə cərəyan edib. Çünki bu Moskva üçün olduqca vacib məsələdir.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov «Azad Azərbaycan» qəzetinə açıqlamasında bildirib ki, Rusiya Cənubi Qafqazda mövcudluğunu davam etdirmək üçün Dağlıq Qarabağa nəzarət imkanlarını nəyin bahasına olursa-olsun öz əlində saxlamağa çalışır. Bu, Rusiya üçün ölüm-dirim məsələsidir: «İndi Rusiyanın gələcək taleyi əsasən iki geopolitik vektor üzrə həll olunmaqdadır. Bunun biri Dağlıq Qarabağdır, digəri isə Donbasdır. Odur ki, Rusiyanın hazırda hər iki bölgəyə nəzarət uğrunda maksimum canfəşanlıq göstərməsi də məhz bundan qaynaqlanır. Rusiya Dağlıq Qarabağı öz nəzarət sferasında saxlamaq planlarını ilk növbədə bölgədəki satellitlərinin, "Moskva uşaqları”nın əliylə həyata keçirmək istəyir. Hazırda Xankəndidə "Moskva uşağı” rolunu canla-başla yerinə yetirməyə hazır olan ən potensial namizədlər isə Araik Arutyunyan və Vitali Balasanyandır. Moskva öz oyunlarını hələlik bu iki şəxsin üzərindən gerçəkləşdirməyə üstünlük verir. Araikin təcili qaydada Moskvaya çağırılması da ilk növbədə bununla əlaqədardır».

Ə.Hüseynovun sözlərinə görə, Moskva Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı təqdirdə, Qarabağ məsələsinin birdəfəlik həll olunacağını və beləliklə Rusiyanın "oyundankənar” vəziyyətdə qalacağını başa düşür. Ona görə də bu prosesi önləməyə, əngəlləməyə çalışır. Bu məqsədinə nail olmaq üçün Araik kimi nökərlərdən istifadə edir. 44 günlük müharibədən sonra A.Arutyunyan Moskvaya bir neçə dəfə gizli səfər etməsi də məhz bununla bağlıdır.

Partiya sədri qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən barəsində cinayət işi açılmış bir separatçının Rusiyanın paytaxtına bu cür rahat səfər etməsi və orada görüşlər keçirməsi ortaya bir sıra suallar da çıxarır. Moskvanın sözügedən separatçının sərbəst gediş-gəlişinə şərait yaratmasının Rusiyanın sülhməramlılıq və vasitəçilik missiyasına zidd olduğunu Kreml rəhbərliyi başa düşürmü? Bu adam kim olaraq, nə qismində, hansı statusda Moskvaya dəvət edilib? Rəsmi şəxs kimi, yoxsa özəl qonaq kimi? O, hansı pasportla və hansı ölkənin vətəndaşı kimi Moskvaya uçub?

Ə.Hüseynov bildirib ki, bu kimi suallara Mariya Zaxarova və Peskov kimiləri yox, birbaşa Lavrov və Putin cavab verməlidir. Çünki bütün bu oyunlar, bu planlar onların "beyin məhsulu”dur: «Moskvanın Qarabağdakı separatçılarla bağlı hansısa oyunlar qurduğu göz qabağındadır və Kreml rəhbərliyi bütün bunlara aydınlıq gətirməlidir. Biriləri rəsmi Bakının Rusiyanın bu hərəkətlərinə sonsuza qədər təmkinlə yanaşacağını düşünməsinlər. Azərbaycanın da səbrinin limiti var. Azərbaycanın separatçılığa qarşı mübarizə apardığı bir məqamda

Rusiyanın separatçılığı körükləməsi, separatçıların başçısını "bəsləməsi” anlaşılan deyil. Rusiyanın bu addımları 10 noyabr Bəyanatının müddəalarına tamamilə ziddir. Rusiya hazırda bu kimi qeyri-konstruktiv addımları ilə bölgədə sülh yaratmağa yox, əksinə, kövrək sülhü sabotaj etməyə, pozmağa xidmət edir».

 

Asif ƏR


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ