SON DƏQİQƏ
» » Paşinyan Moskva görüşündə əsas fiqur sayılmadığını başa düşürdü

Paşinyan Moskva görüşündə əsas fiqur sayılmadığını başa düşürdü

Tarix:

14-01-2021, 09:06

/ 4 821 dəfə oxundu.
Paşinyan Moskva görüşündə əsas fiqur sayılmadığını başa düşürdü

Partiya sədri: "Rusiya prezidentinin görüş zamanı İlham Əliyevə və Paşinyana fərdi münasibətindəki fərq çox şeydən xəbər verir"

 

«Bizim siyasi cameədəki bəzi ağzıgöyçəklərimizin və nihilist-pessimist ekspertlərimizin hər nə qədər cığal fikirlər səsləndirməsindən asılı olmayaraq Moskva görüşünü birmənalı şəkildə Azərbaycan üçün uğurlu, faydalı görüş kimi dəyərləndirmək lazımdır. Biz bu görüşdən heç nə itirmədik. Əksinə, bu görüşdən daha da özünəinamlı və qazanclı çıxdıq. Görüşün nəticələri Azərbaycan tərəfini tam qane edir. Qane olmayan, narazı qalan tərəf isə həmişəki kimi yenə də Ermənistan oldu». Bunu "Azad Azərbaycan"a Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov bildirdi.

Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın görüşün sonunda mətbuat üçün verilən açıqlama zamanı əsirlər məsələsinin öz həllini tapmaması və "Dağlıq Qarabağın statusu”nun açıq qalması barədə gileylənməsi üçtərəfli görüşdə onun təkliflərinin qulaqardına vurulduğunu sübut edir. Paşinyan "status” məsələsi ilə çığır-bağır salsa da və münaqişənin sonacan nizamlanmadığını bildirərək şikayət etsə də, lakin bütün hallarda başa düşdü ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Bunu Azərbaycan və Rusiya prezidentlərinin görüşünün yekunları ilə bağlı çıxışlarından da görmək olur.

Partiya sədri qeyd etdi ki, Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskinin bununla bağlı «30 ildir davam edən Dağlıq Qarabağdakı münaqişə indi getdikcə daha çox tarixə çevrilir və bu torpaqlara dayanıqlı sülh gətirir», deyə əminliklə söylədiyi fikir də bizim bu mövqeyimizi təsdiqləyir. Ə.Hüseynov Ermənistanda bir çoxlarının Moskvada imzalanmış üçtərəfli bəyanata qarşı çıxmasına toxunaraq bunun tamamilə təbii və gözlənilən olduğunu bildirdi: "Erməni müxalifəti ümumiyyətlə, bu görüşü Ermənistan üçün növbəti məğlubiyyət kimi qiymətləndirir. Bu barədə parlamentdə təmsil olunan "İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyanın açıqlaması xüsusilə diqqəti cəlb edir. Marukyan üçtərəfli bəyanatın ancaq Azərbaycanın maraqlarına xidmət etdiyini deyib. Bir sözlə, erməni ictimaiyyəti də, erməni siyasətçiləri də hələ görüşdən öncə bu görüşü Ermənistan üçün növbəti faciə adlandırırdılar. Lakin nəticələr o qədər faciəli olmasa da, hər halda Paşinyan bu görüşdə istəklərinin, məqsədlərinin bir çoxuna nail ola bilmədi və sadəcə şikayətlənməklə kifayətlənməli oldu". Partiya sədri bildirdi ki, Paşinyan bu görüşdə özünü psixoloji baxımdan autsayder vəziyyətində hiss edirdi. O bu görüşün əsas fiquru sayılmadığını başa düşürdü. Çünki təxminən 4 saata yaxın davam edən müzakirələr əsas etibarilə İlham Əliyevlə Vladimir Putin arasında aparılıb. Rusiya prezidentinin görüş zamanı İlham Əliyevə və Nikol Paşinyana fərdi münasibətindəki fərq də çox şeydən xəbər verir. Bu mənada tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenkonun qeydləri olduqca diqqətəlayiqdir: "Putinlə Əliyev eyni səviyyədə danışırdılar, bir-birinə hörmətlə yanaşırdılar. Rusiya prezidentinin Ermənistanın baş naziri ilə görüşündən isə hiss edilirdi ki, elə bil, Putin Paşinyan üçün siyasi psixoterapevt rolunda çıxış edir”. Münasibətlərdəki bu fərq görüşün nəticələrinə də öz təsirini göstərdi. Belə ki, Rusiya prezidenti bu dəfəki çıxışında qətiyyən "status” məsələsinə toxunmadı və "status məsələsinin həlli gələcək nəsillərin öhdəsinə buraxılır” kimi qıcıqlandırıcı bir fikir səsləndirmədi. Bu, Azərbaycan üçün həddindən artıq önəmli məqamdır».

Ə.Hüseynov hesab edir ki, görüşdəki digər önəmli məqam isə bölgədə çoxtərəfli iqtisadi və nəqliyyat əlaqələrinin qurulması ilə (o cümlədən Naxçıvan-Zəngəzur dəhlizi ilə) bağlı razılığın əldə olunması idi: «Bu məqam görüş nəticəsində imzalanmış sənəddə – üçtərəfli bəyanatda öz əksini tapdı. Sözügedən bəyanat 10 noyabr Bəyannaməsinin 9-cu maddəsinin icrasına, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və bütün bu işlərin həyata keçirilməsi üçün işlək mexanizmin yaradılmasına xidmət edir. Deməli Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılacağı gün elə də uzaqda deyil. Ermənilər bununla hesablaşmaq istəsələr də, istəməsələr də belə, bu bütün hallarda qaçılmazdır. Ermənilər reallıqla

barışmaq məcburiyyətində qalacaqlar».

Partiya sədri əlavə etdi ki, 11 yanvar Moskva görüşü barədə fikir və təəssüratlarımızı ümumiləşdirəsi olsaq, mən bu görüşün nəticələrini ölkəmiz üçün irəliyə doğru atılmış böyük bir addım kimi dəyərləndirirəm. Bu görüş 44 günlük müharibə dövründə döyüş meydanında və 10 noyabrda isə siyasi müstəvidə qazandığımız qələbələri daha da möhkəmləndirdi və görüşün sonunda imzalanmış üçtərəfli bəyanat faktiki olaraq 10 noyabr bəyanatının 9-cu maddəsinin icra mexanizmini təsdiqlədi. Bu isə bir daha onu göstərir ki, 10 noyabrda əldə edilmiş razılaşmalar kağız üzərində qalmayacaq. Həmin razılaşmaların hər bir bəndi zamanla icra olunacaq, həyata keçəcək. Bu isə Azərbaycanın maraqlarına tam cavab verir. Yetər ki, sadəcə biraz səbirli olaq.

 

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ