SON DƏQİQƏ

"Prezident ciddi tədbirlər gördü"

Tarix:

5-07-2018, 15:09

/ 10 227 dəfə oxundu.
"Prezident ciddi tədbirlər gördü"

“Baş verən qəza ağır hadisə idi. Bu hadisə bir çox sahələrdə olan ciddi nöqsanları üzə çıxardı. Lakin bununla yanaşı, bir çox dövlət qurumlarının – Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, həmçinin Bakı Nəqliyyat Agentliyinin operativ, qüsursuz və düzgün işini ortaya qoydu”.

ONN media xəbər verir ki, bu sözləri millət vəkili Elman Məmmədov ölkədə yaranan enerji probleminin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan dövlət komissiyasının, həmçinin, müxtəlif nazirliklərin yaranan problemin aradan qaldırılmasında göstərdiyi təşəbbüsləri dəyərləndirərkən deyib.

Millət vəkili bildirib ki, dövlətin fövqəladə hadisənin öhdəsindən gəldiyini bu qurumlar sayəsində öyrəndik: “Təbii ki, ciddi narahatlıqlara səbəb oldu, vətəndaşlar əziyyət çəkdilər. Ancaq cənab prezident məsələni şəxsən nəzarətə götürdü və komissiya yaratdı. Lazımi tədbirlər görüldü və komissiya qəzanın səbəb-nəticələrini araşdırır. Problem aradan qaldırılıb və hər şey nəzarət altındadır. Hazırda ucqar bir rayondayam, cəbhə bölgəsindəyəm. Dünən səhərdən artıq burada dayanqılı enerji təminatı var. Təbii ki, bu bölgələrdə enerjinin olması daha vacibdir.

Təbii ki, belə hadisə birdən-birə meydana gələ bilməzdi. Bu illərlə yığılıb qalan məsuliyyətsizliklərin, nöqsanların, çatışmazlıqların nəticəsidir. Prezident də belə halların qarşısının alınması üçün ciddi tədbirlər gördü. Bunun davamı olaraq komissiyanın araşdırıb ortaya qoyacağı günahkar şəxslər cəzalandırılacaq. Çatışmazlıqlar aradan qaldırılacaq.

Belə hadisələr ölkədə digər sahələrin də məsuliyyətli davranmasına, nöqsanların aradan qaldırılmasına xəbərdarlıq olur. Dünən cənab prezidentin müşavirəsində səhiyyə naziri bildirdi ki, bütün xəstəxanalarda generatorlar var. Lakin prezident özü bildirdi ki, bu məlumat düzgün deyil və bir sıra xəstəxanalarda generator sistemi mövcud deyil. Eləcə də Bakı Metropolitenində üzə çıxan çatışmazlıqlar özü dərs olmalıdır. Hamı nəticə çıxarmalıdır, məsuliyyətini dərk etməlidir".

Millət vəkili qeyd edib ki, əhali gördü ki, dövlət bu kimi ciddi problemlərin öhdəsindən bacarıqla, operativ şəkildə gəlir. Dövlət xalqın rahatlığının təmin olunması üçün lazımi tədbirləri görür. Təhlükəsizlik, ictimai asayişin qorunması lazımi səviyyədə təşkil edilir: "Heç bir dövlət bu cür hallardan sığortalanmayıb. Dünyanın bir çox inkişaf etmiş, güclü dövlətləri vardır ki, onlarda zaman-zaman belə hadisələr baş verir. Təbii fəlakət, genişmiqyaslı yanğınlar, terror hadisələri müxtəlif problemlərə yol açır. Əsas şərt odur ki, dövlət operativ olaraq belə problemlərin öhdəsindən gəlsin”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ