SON DƏQİQƏ
» » XİN-lər arasında siyasi məsləhətləşmələr aparılıb

XİN-lər arasında siyasi məsləhətləşmələr aparılıb

Tarix:

30-05-2018, 17:49

/ 10 303 dəfə oxundu.
XİN-lər arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycan və Belçika Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

XİN-dən Gunaz.az-a verilən məlumata görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Belçika tərəfindən isə Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə baş direktoru Anik Van Kalster rəhbərlik edib.

Ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yüksək səviyyəli ikitərəfli səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd edən nazir müavini Xələf Xələfov siyasi münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirdi və ölkəmizin Belçika ilə bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu xüsusilə vurğulayıb. 

Nazir müavini X.Xələfov Azərbaycan və Belçikanın xarici işlər nazirlikləri arasında mütəmadi olaraq siyasi məsləhətləşmələrin aparılmasının effektiv mexanizm olduğunu və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından faydalı olduğunu diqqətə çatdırdı. İqtisadi sahədə əməkdaşlıq münasibətlərinin inkişafı üçün geniş potensialın olduğunu bildirən X.Xələfov Belçika şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə fəal iştirak etdiyini, lakin ölkələr arasında ticarət dövriyyəsinin iki ölkənin potensialına uyğun olmadığını və mövcud imkanlardan tam istifadə edilməsinin zəruriliyini qeyd etdi.

X.Xələfov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və infrastruktur layihələri haqqında ətraflı məlumat verərək Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Asiya ölkələrinin Avropa bazarlarına çıxması, eləcə də sözügedən regionda insanlararası təmasın daha da artması üçün əlverişli imkanlar yaratdığını nəzərə çatdırdı. 28 May tarixində Azərbaycanın dövlət müstəqilliyinin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu vurğulayan X.Xələfov ölkəmizin demokratik ənənələrə sadiq olduğunu və bu yolla uğurla inkişaf etdiyini qeyd etdi. 

İki ölkənin xalqları arasından təmasların daha da güclənməsi məqsədilə X.Xələfov qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğuladı.Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz etdiyini, ölkəmizin ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu deyən nazir müavini münaqişənin regionda sülhə, sabitliyə və hərtərəfli inkişafa başlıca təhdid olaraq qalmaqda davam etdiyini, Azərbaycanın işğal faktoru ilə heç zaman barışmayacağını və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin ədalətli həlli istiqamətində səylərini artıracağına ümidvar olduğunu bildirdi. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qətnamələrinin hələ də icra olunmamasından təəssüfləndiyini bildirən X.Xələfov beynəlxalq hüququn təməl prinsiplərinin, xüsusilə zor işlətməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğuladı.

X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə dair Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Belçika tərəfinə təşəkkürünü bildirdi.Nazir müavini X.Xələfov Avropa İttifaqı ilə münasibətlərin inkişafında ölkəmizin maraqlı olduğunu bildirərək, Belçikanın bu əlaqələrin inkişafında səylərini yüksək qiymətləndirdi.Azərbaycanın dövlət müstəqilliyinin 100 illik yubileyi münasibətilə səmimi təbriklərini çatdıran belçikalı diplomat Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçki hüququnun verilməsini mütərəqqi bir tarixi hadisə kimi qiymətləndirdi.

İki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayan A.V.Kalster Belçika və Azərbaycan arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirdi. Diplomatik nümayəndəliklərin ikitərəfli əməkdaşlığın inkişafındakı səylərini təqdir edən A.V.Kalster son dövrlər iki ölkə arasında yüksək səviyyəli görüşlərin keçirildiyini diqqətə çatdırdı.Ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq etdiyini və bir sıra mübadilə proqramlarının həyata keçirdiyini vurğulayan belçikalı diplomat enerji sahəsində Azərbaycanın Avropa İttifaqının, xüsusilə Belçikanın strateji tərəfdaşı olduğunu və ARDNŞ ilə Belçika şirkətlərinin bu sahədə səmərəli əməkdaşlıq həyata keçirdiyini xüsusilə vurğuladı.

A.V.Kalster ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz olduğunu söyləyərək, münaqişənin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsi və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd etdi.Görüşdə iki ölkə arasında humanitar, kənd təsərrüfatı, bərpa olunan enerji, turizm və digər sahələrdə əməkdaşlıq sahələrinə maraq bildirildi. Mədəni əlaqələrin təşviqi və viza sadələşdirilməsi məsələlərinə diqqət yetirildi.Görüş zamanı həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və parlamentlərarası əlaqələrin inkişafı imkanları, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər müzakirə edildi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ