SON DƏQİQƏ
» » Ölkənin iqtisadi inkişafının əsas sütunu-ENERJİ DİPLOMATİYASI

Ölkənin iqtisadi inkişafının əsas sütunu-ENERJİ DİPLOMATİYASI

Tarix:

1-06-2026, 13:10

/ 3 878 dəfə oxundu.
Ölkənin iqtisadi inkişafının əsas sütunu-ENERJİ DİPLOMATİYASI

Bilman İSAQ

2026-cı il iyunun 1-də Bakıda keçirilən 31-ci Baku Energy Forumun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edərək mühüm məzmunlu çıxışla ölkənin enerji siyasətinin prioritetlərini və qlobal enerji təhlükəsizliyinə baxışını təqdim etdi. Forum çərçivəsində dünyanın onlarla ölkəsindən hökumət nümayəndələri, enerji şirkətlərinin rəhbərləri və beynəlxalq ekspertlər bir araya gələrək enerji bazarının gələcəyini müzakirə etdilər. 

Artıq 31-ci dəfə keçirilən Baku Energy Forum Xəzər regionunun ən nüfuzlu enerji platformalarından biri hesab olunur. Forum Azərbaycanın enerji diplomatiyasının formalaşmasında, beynəlxalq tərəfdaşlıqların genişlənməsində və ölkənin qlobal enerji xəritəsində mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır. Bu il tədbirdə 600-ə yaxın nümayəndənin, 60-dan çox beynəlxalq spikerin iştirakı nəzərdə tutulub. 

Prezident İlham Əliyevin forumun açılışında iştirakı tədbirin beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışı Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurların, qarşıdakı hədəflərinin və yeni çağırışlara münasibətinin əsas istiqamətlərini ortaya qoydu. 

Prezident İlham Əliyev əvvəlki illərdə olduğu kimi bu forumda da Azərbaycanın enerji strategiyasının ölkənin iqtisadi inkişafının əsas sütunlarından biri olduğunu vurğuladı. Azərbaycanın həyata keçirdiyi neft və qaz layihələri təkcə ölkənin iqtisadi imkanlarını artırmayıb, həm də regionun geosiyasi əhəmiyyətini yüksəldib.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan biri kimi çıxış edir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına çatdırılması qitənin enerji mənbələrinin şaxələndirilməsinə ciddi töhfə verir. Forumun əsas müzakirə mövzularından biri də enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun daha da gücləndirilməsi idi. 

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri yaşıl enerji gündəliyi oldu. Azərbaycan son illər bərpa olunan enerji sahəsinə böyük investisiyalar cəlb edir və ölkənin enerji balansında alternativ mənbələrin payını artırmağa çalışır.

Dövlət başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan yaşıl keçid prosesini dəstəkləyir, lakin mövcud reallıqda neft və qazın qlobal iqtisadiyyat üçün hələ də vacib enerji mənbəyi olaraq qaldığını nəzərə almaq lazımdır. Bu yanaşma Azərbaycanın həm ənənəvi enerji resurslarından səmərəli istifadə etməyə, həm də bərpa olunan enerji potensialını inkişaf etdirməyə yönəlmiş balanslaşdırılmış siyasətini əks etdirir. 

Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" kimi inkişaf etdirilməsi, Xəzər dənizinin külək enerjisi potensialından istifadə və beynəlxalq investorların bu sahəyə cəlb olunması Azərbaycanın gələcək enerji strategiyasının əsas istiqamətləri sırasındadır.

Forum çərçivəsində müzakirə olunan mövzular göstərir ki, Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, həm də enerji təhlükəsizliyi, enerji tranziti və yaşıl enerji əməkdaşlığı sahəsində regional liderə çevrilməkdədir. Bu gün Bakı müxtəlif ölkələrin enerji maraqlarını bir araya gətirən mühüm dialoq mərkəzi funksiyasını yerinə yetirir.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək dövrdə də enerji bazarlarında etibarlı tərəfdaş kimi fəaliyyət göstərəcəyini, yeni ixrac marşrutlarının və enerji əməkdaşlığı formatlarının inkişaf etdiriləcəyini nümayiş etdirdi. Forumun gündəliyində yer alan enerji təhlükəsizliyi, enerji keçidi, karbonsuzlaşdırma və beynəlxalq əməkdaşlıq məsələləri də bu siyasətin əsas istiqamətlərini təsdiqləyir. 

31-ci Baku Energy Forumun rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bu çıxış bir tərəfdən ölkənin neft-qaz sektorundakı uğurlarını və enerji təhlükəsizliyində rolunu ön plana çıxarırsa, digər tərəfdən yaşıl enerji keçidi istiqamətində atılan addımların ardıcıl şəkildə davam etdiriləcəyini nümayiş etdirir.

Azərbaycan enerji diplomatiyasını genişləndirərək həm regional, həm də qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm faktorlardan biri kimi mövqeyini gücləndirir. "Baku Energy Forum" isə bu strategiyanın beynəlxalq auditoriyaya təqdim olunduğu ən mühüm platformalardan biri olaraq öz əhəmiyyətini qoruyub saxlayır. 

скачать dle 12.1

Şərhlər