SON DƏQİQƏ

Düşməndən alınan ilk posta girən qəhrəmanımız

Tarix:

22-01-2021, 10:30

/ 5 870 dəfə oxundu.
Düşməndən alınan ilk posta girən qəhrəmanımız

Vətən müharibəsinin qəhrəmanlarından biri də 35 yaşlı Rahibdir.

Şəhidimiz mayor Babayev Rahib Bəxtiyar oğlu 19 iyun 1985-ci ildə Şahbuz rayon Külüs kəndində anadan olub.

İlk təhsilini kənd məktəbində alıb, daha sonra Naxçıvan şəhər 14 nömrəli məktəbdə təhsilini davam etdirib.

1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2002-2006-cı illərdə Heydər Əliyev adına ali hərbi məktəbdə hərb sənətinə yiyələnib. 2006-cı ildən leytenant rütbəsi alaraq, hərbçi kimi xidmətə başlayıb.

Yoldaşı Aygün xanım danışır ki, Rahibin ilk komandiri Polad Həşimov olub:

"Həmişə fəxrlə deyərdi ki, Polad Həşimov mənim komandirim olub. 18 illik xidmətinin 8 ilini Murov dağlarında keçirmişdi. Qüsursuz xidmətə görə dəfələrlə fəxri fərmanlar, medallar və Ali Baş Komandanın xüsusi mükafatı ilə təltif olunmuşdu.

Nədənsə Kəlbəcər rayonunu daha çox sevirdi. Bəlkə də bu rayonun azadlığını görmək onun ən böyük arzusu idi.

Vətən müharibəsi başlayanda Rahibin sevincinin həddi-hüdudu yox idi. Döyüş yoldaşları deyir ki, Rahib düşmən üzərinə cəsarətlə, sevinclə, gülə-gülə gedib. Murov yüksəkliklərinin alınmasında xüsusi qəhrəmanlıq göstərib. Hətta deyirlər ki, "Canavar postu”nun sol tərəfini Rahib şəxsi şücaəti ilə götürüb. Bu post Vətən müharibəsi başlanandan ermənilərdən alınan ilk post idi".

Döyüşlər zamanı qolundan ağır yaralanan Rahib döyüş meydanını tərk etməyib. Yaralı halda vuruşaraq, yaralanmış əsgərlərinin həyatını xilas edib. Düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv edib. İkinci yaradan sonra isə şəhid olub.

Şəhidimiz oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra "Azərbaycan bayrağı ordeni”, "Vətən uğrunda” medalı və "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Şəhidimizin 3 övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ