SON DƏQİQƏ
» » “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından 120 il ötür

“Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından 120 il ötür

Tarix:

7-04-2026, 11:33

/ 3 203 dəfə oxundu.
“Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından 120 il ötür

GunAz.az xəbər verir ki, bu gün “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından 120 il ötür.
“Molla Nəsrəddin”i təbiət özü, zəmanə özü yaratdı”. Bunu Mirzə Cəlil demişdir. Bu jurnal milli mətbuatımızın qaranquşu olan “Əkinçi”nin uğurlarını davam etdirmiş, klassik irsə yeni və orijinal gözlə baxmış, “Sizi deyib gəlmişəm” - deyə doğma xalqı ilə sadə dildə danışmışdır. “Molla Nəsrəddin” xalqın ruhunu əks etdirmiş, geniş xalq kütlələrinin düşüncəsini hərəkətə gətirmişdir. Cəlil Məmmədquluzadənin böyük can yanğısı ilə yaratdığı bu dərgi millətinə ayna tutmuş, onu özünüdərkə vadar etmişdir.
Azərbaycanın milli mətbuatı tarixində satirik jurnalistikanın əsasını qoyan “Molla Nəsrəddin” ifadə etdiyi mətləblərin dərinliyi, orijinallığı ilə hər kəsin maraq dairəsinə uyğun gəlmişdir.
Mirzə Ələkbər Sabirin təbirincə desək, zamanın nehrə kimi çalxanıb-bulandığı bir dövrdə Mirzə Cəlil bir güzgü yaratmışdır. Bu güzgüdə təkcə Azərbaycan deyil, bütün Şərq, Asiya əks olunmuşdur. Hədəfləri ətalət, sükunət, cəhalət, savadsızlıq, gerilik olan “Molla Nəsrəddin” Azərbaycanın ictimai-bədii fikir tarixində satiranın yeni ideya, estetik keyfiyyət qazanmasına şərait yaratmışdır. Milyonların görə bilmədiyi işi silahı söz və qələm olan bir neçə mollanəsrəddinçi görmüşdür. Onlar xalqın dərdinə ağlaya-ağlaya gülmüş, oxuculara gülə-gülə düşünməyi öyrətmişlər.
Mirzə Cəlil demişdir ki, xalqın dərdlərinə müşayiətçi olmaq deyil, onun taleyində müəyyən rol oynamaq gərəkdir. Elə buna görə də o, əsl ziyalıları və vətənpərvərləri jurnalın ətrafında birləşdirmişdir. Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Əbdürrəhimbəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi sözün düzünü zarafatla, incə yumorla deməyi bacaran qələm sahibləri təzyiq və təqiblərə baxmayaraq, böyük fədakarlıqla xalqa xidmət yolunu tutmuşlar. “Molla Nəsrəddin” də bu ziyalıların taleyinə təsirsiz qalmamış, onların yaradıcılıq istiqamətini müəyyən etmişdir.
Bu jurnaldan danışarkən onun rəssamları Oskar Şmerlinqi, İosif Rotteri, Əzim Əzimzadəni də xatırlamamaq qeyri-mümkündür. Onların çəkdikləri şəkillərin, karikaturaların dəyəri misilsiz idi. Həm də ona görə ki, o dövrdə insanlar yazmaqdan çox görməyi bacarırdılar.
Müəyyən fasilələrlə, ümumilikdə, 25 il, o cümlədən 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr olunan “Molla Nəsrəddin” mətbuat aləminə yeni dünyagörüşü və zövq gətirmişdir. Elə buna görə də jurnal və onun müəllifləri indiyədək unudulmamış və bundan sonra da unudulmayacaqdır.  
скачать dle 12.1

Şərhlər