SON DƏQİQƏ
» » “Zəngəzur türk dünyasının birləşməsi rolunu oynayacaq”

“Zəngəzur türk dünyasının birləşməsi rolunu oynayacaq”

Tarix:

14-02-2025, 10:16

/ 3 313 dəfə oxundu.
“Zəngəzur türk dünyasının birləşməsi rolunu oynayacaq”

Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirmişdi: “Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, “yaşıl” enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir”.
Dövlət başçısı yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olumuş müşavirədə sovet hakimiyyətinin Qərbi Zəngəzuru 1920-ci ilin noyabrında Azərbaycandan aldığını da demiş, bunun xalqımıza qarşı cinayət olduğunu bildirmişdi. Bunun birinci və sonuncu hal olmadığını, Azərbaycan ərazisində “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradıldığını diqqətə çatdıran Prezident İlham Əliyev, həmçinin əvvəlki dövrdə çar Rusiyası tərəfindən ermənilərin Azərbaycan ərazilərinə köçürülmələrini, daha əvvəl öz rəhbərliyini davam etdirəcəyinə zəmanət verilmiş Qarabağ xanının öldürülməsini də cinayət prizmasından dəyərləndirmişdi. Ölkəmizin liderinin vurğuladığı başlıca məqam isə budur: “Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq”.
Bəli, biz Zəngəzuru da, başımıza gətirilmiş çeşidli oyunları da unutmamışıq. Prezident İlham Əliyevin bildirdiyi kimi, XX əsrin faciələri göz önündədir. Nəzərə alaq ki, dövlət başçısı işğal illərində də Qərbi Azərbaycan və Zəngəzur mövzusunu daim gündəmdə saxlamışdı. Ölkəmizin liderinin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə səsləndirdiyi fikirlər isə dərin yaddaş xəttimizin fundamentallığının vurğulanmasıdır: “1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi”.
Qeyd edək ki, Azərbaycanın Naxçıvandan və Türkiyədən ayrı salınmasının daha böyük məqsədi Türk dünyasını parçalamaq idi. Prezident İlham Əliyev 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışı zamanı məhz bu məqamı qabartmışdı: “Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək Türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, Türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi Türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq”.
Söhbət Zəngəzurdan düşmüşkən, Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri olmuş Nəsib bəy Yusifbəylinin 1919-cu il dekabrın 22-də parlamentdəki çıxışını yada salaq: “Qarabağ deyərkən, təbii olaraq, dörd mahalı nəzərdə tuturuq. Son zamanlar bəziləri müxtəlif intriqalarla, dedi-qodularla Zəngəzur mahalını Qarabağdan kənarda göstərməyə çalışırlar. Yüz və min illərdir ki, Zəngəzur Azərbaycanın ruhunu təşkil edən Qarabağın tərkib hissəsidir. İndi, cənablar, Qarabağ qəzasının üçdəiki hissəsi bizim əlimizdədir. Zəngəzur mahalının yarısı isə bəzi qiyamçıların nəzarətindədir”.
N.Yusifbəylinin barələrində söz açdığı qiyamçılar bölgədən qovuldular. Ancaq ardınca xalqımız üçün son dərəcə ağır proseslər yaşandı. Bu barədə söz açmazdan əvvəl bildirək ki, yuxarıda gətirdiyimiz üç iqtibas Qarabağa və Zəngəzura vahid orqanizm kimi yanaşmağımıza imkan ­verir. Söhbət məhək daşı Azərbaycan olan vahid orqanizmdən gedir. O Azərbaycan ki, tarix boyu olub və olacaq da. Ancaq indi tarixin ənginliklərinə getmək fikrində deyilik. Təkcə XIX əsrin 30-cu illərindən bu yana olan dövrə ekskurs edərək Qarabağ kimi Zəngəzurun da haqq davamızın tərkib hissəsi obrazını canlandıracaq, bu qədim diyarımızın üzləşdiyimiz ədalətsizliklərin və haqsızlıqların daha bir nişanəsi olduğunu vurğulayacağıq.
скачать dle 12.1

Şərhlər