SON DƏQİQƏ

Seçkinin nəticələri region üçün əlverişli situasiya yarada bilər

Tarix:2-07-2021, 16:35 Oxunub:3 384

Ermənistan müxalifətinin ən iddialı nümayəndəsi olan R. Köçəryanın parlament seçkilərinin nəticələrini qəbul etməsi bu ölkədə ehtimal olunan qarşıdudurma riskini sıfıra endirdi. Bəs bu seçki nələri üzə çıxartdı, onun nəticələrini necə qiymətləndirmək olar, bundan sonra ölkənin siyasi həyatında nələr olacaq? 
Biz hazırda gündəmdə olan bu suallarla BDU-nun professoru, tanınmış publisist və siyasi icmalçı Qulu Məhərrəmliyə müraciət etmişik.
Qulu müəllim, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkisi keçirildi. Bu seçkini necə şərh edərdiniz və bu seçkinin nəticələri Ermənistanın bundan sonrakı taleyində nələri dəyişə biləcək?
– Ermənistandakı parlament seçkilərinin nəticələri, hazırda dünyada baş verən müxtəlif hadisələr fonunda, kifayət qədər geniş işıqlandırılır. Hətta futbol üzrə Avropa Çempionatının dramatik oyunları da bu mövzunu kölgədə saxlaya bilməyib. Məncə, bunun əsas səbəbi ölkə daxilindəki hərbi-siyasi gərginlik və Rusiyanın hadisələrə müdaxilə ehtimalının olması idi. Məncə, burada həm lokal, yəni Cənubi Qafqaz üçün önəmli olan, həm də dünya üçün geostrateji maraqlar baxımından ciddi proseslər gedir. Əlbəttə, bir az geniş ölçülərlə yanaşsaq, çoxları bunu Qərb-Rusiya qarşıdurması, Ermənistan uğrunda savaş kimi xarakterizə edir. İkinci tərəfdən, Azərbaycan üçün də bu seçkilər əhəmiyyətsiz deyil, hətta çox maraqlıdır. Buna görə ki, qonşu ölkədə kimin hakimiyyətdə olması, regionun gələcəyini müəyyənləşdirəcək proseslərdə Ermənistanın bir faktor kimi hansı rolu oynamasını təxmin etmək bizim üçün də çox önəmlidir. Bunlar nəzərə alaraq mən ümumən seçkinin nəticələrinin bütövlükdə region üçün əlverişli situasiya yaradacağını düşünürəm.
-Bəziləri seçki öncəsi Rusiyanın açıq dəstək verdiyi Robert Köçəryanın qalib olacağını ehtimal edirdi...
- Köçəryan və onun təmsil etdiyi revanşistlərin hakimiyyətə gəlməməyi çox yaxşı oldu. Amma N.Paşinyanın da seçilməyinin yaxşı və ya pis olmasını yaxın dövrün hadisələri göstərəcək. Deyim ki, bizdə çox adamlarda Paşinyana çox qeyri-ciddi münasibət vardı, onu zəif siyasətçi sayırdılar. Amma müharibədə uduzmuş bu adam kifayət qədər ciddi seçki kampaniyası apardı. Xüsusən sosial şəbəkələrdəki təbliğatı çox yüksək səviyyədə oldu, çünki Paşinyan yeni medianın ortaya çıxardığı adamdır. O, baş nazir seçiləndən sonra hər axşam evindən translyasiyalar eləyir, xalqın suallarına cavab verirdi. Yəni Paşinyan yeni media dövrünün siyasi qəhrəmanlarından biridir və onun bir çox qərarlarının gözlənilməz olması təəccüblü deyil.
-Bəziləri ümid edir ki, Paşinyan Azərbaycan və Türkiyə ilə bağlı yumşaq siyasət yeridəcək. Siz necə düşünürsünüz?
-Əvvəla, Paşinyan bizlərlə sərt siyasət yeridib nə edəcək ki? İkincisi, onun başqa alternativi varmı? İkincisi, yəqin Irəvanda anlayaırlar ki, Türkiyə və Azərbaycana qarşı düşmənçilik siyasəti onlara nə verib? Bu suallar Ermənistandan praqmatik siyasət yürütməyi tələb edir. Bizim İrəvanın Azərbaycanla bağlı normal siyasət yeridəcəyi ilə bağlı ümidlərimiz doğrulmayada bilər, yəni burada illüziyalara qapılmaq olmaz. Çünki bizdə bəzi adamalar gələcəklə bağlı proqnoz verərkən, sanki keçmişi unudurlar.
Digər tərəfdən nəzərə almalıyıq ki, İrəvan doğrudanmı regional siyasətini özü müəyyənləşdirəcək, yoxsa yenə də Moskva elementi həlledici rol oynayacaq? Bu məsələdə ABŞ-ın və ya ümumən Qərbin təsiri olacaqmı? Bütün hallarda qarşıda həm Ermənistan, həm də Azərbaycan üçün ciddi bir bəla var: Ermənistanda Rusiya hərbi bazası, Azərbaycanda rus sülhməramlıları və bunlarla bağlı olan Qarabağ problemi. Yəni ortada ciddi mürəkkəbliklər vardır. İndi rus qoşunları Qarabağdadır. Xankəndində təşkil edilmiş sonuncu mitinq göstərdi ki, Qarabağ erməniləri təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan siyasi elitası üçün partlamamış minadır. Ona görə bir çox reallıqları nəzərə alsaq, seçkinin nəticələri ümumən müsbət qiymətləndirilməlidir. Ona görə ki, başqa ölkənin əlində maşa olan Köçəryan, Sarkisyan, Manukyan kimi revanşistlər məğlub oldular. İndi əsas məsələ bu adamların Ermənistan siyasi səhnəsindən çıxarılıb kənara atılmasıdır. Bunların parlamentdə kiçik səsləri olacaq, amma onların Ermənistanın siyasi proseslərinə elə bir ciddi təsiri olmayacaq.
-Çoxları deyir ki, Ermənistan seçkilərində Rusiya Köçəryanı qalib edə bilmədiyi üçün uduzdu, amma Qərb uddu. Siz necə hesab edirsiniz?
–Mən bunu yanlış və səthi yanaşma hesab edirəm. Ümumiyyətlə, "Paşinyanın seçilməsi Rusiyanın məğlubiyyətidirmi” sualı birmənalı cavab tələb eləmir. Burada sevinclə "hə” demək yanlışdır. "Yox” deməyin də əksinə xeyli arqumenti var. Ona görə də hər şeyi yaxın dövrün prosesləri göstərəcək. Paşinyan regionun reallıqlarını çox gözəl bilir. Bilir ki, Qarabağ problemi Ermənistan üçün nə deməkdir, bunun mahiyyəti nədən ibarətdir. İndi qalıb ki, bölgədə Türkiyə faktorunu dürüst qiymətləndirib real addımlar atsınlar.
-"Türkiyə fktoru” demişkən, sizcə Qarabağda imzalanan "Şuşa bəyannaməsi” Ermənistanda seçkinin nəticələrinə göstərdimi?
Bəli, mən bu fikirdəyəm ki, Şuşa bəyannməsi birmənalı şəkildə Köçəryanın seçilməməsinə birbaşa təsir elədi. Xocalı soyqırımının təşkilatçılarından olan Köçəryanın "Şuşanı belə alacağıq, Hadrutda belə edəcəyik” kimi qeyri-ciddi və qisasçı şüarları təhlükəli idi. Amma onu bilirəm ki, maraqlı siyasi qüvvələr Qarabağdakı mövcud vəziyyətdən Ermənistan rəhbərliyi əleyhinə bir kart kimi istifadə edəcəklər. Xaricdə bəziləri belə düşünür ki, guya Qarabağ problemi elə vəziyyətdədir ki, Azərbaycanın vasitəsilə də Ermənistana təsir eləmək mümkün olacaq. Son proseslər göstərdi ki, bu, əsası olmayan düşüncələridir.
– O zaman dediklərinizdən belə qənaətə gəlmək olarmı ki, erməni xalqı da yeni reallığı qəbul eləyir və məhz bu səbəbdən 44 günlük müharibədə biabırcasına uduzan Paşinyana ona görə səs verdi?
– Bilirsiniz, burada erməni xalqı anlayışını çox ucadan demək olmur. Niyə? Nəzərə alın ki, seçicilərin 21 faizi Köçəryana, 5 faizi də Sərkisyana səs verib. Bu seçicilərin ümumi sayının təxminən üçdə biri deməkdir. Yəni bunlar da erməni xalqını təmsil edir. Qalib Paşinyan olsa da, cəmiyyətdə hələlik Köçəryan və Sərkisyan havası da var. Amma, əlbəttə, çoxluq – 58 faiz real düşünə bilən insanlardır. Burasını da deyək ki, Ermənistanın acınacaqlı vəziyyətinə baxmayaraq, keçirilən demokratik seçkilər Ermənistan üçün müsbət imic qazandırır. ATƏT müsbət rəy verdi, başqa beynəlxalq təşkilatlar seçkini müsbət qiymətləndirdilər. Xalqın öz iradəsini seçki yolu ilə ifadə eləməsi bütün dünyada müsbət qarşılanır. Ona görə mən düşünürəm ki, Paşinyanın qazandığı bu blanş-kart ona öz siyasətini yeritməyə imkan verəcək. Nədir bu siyasət? Birinci, Rusiya ilə münasibətlər bəlli bir çərçivədə olacaq, olmalıdır. Türkiyə ilə diplomatik münasibətlərə yenidən baxmaq lazımdır. Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır, Zəngəzur dəhlizi açılmalıdır, sərhədlərdə münaqişə yarada biləcək bütün təhlükələr aradan qaldırılmalıdır.
-Putinin keçmiş köməkçilərindən biri müharibədən sonra deyib ki, Ermənistan öz sərhədləri çərçivəsində özünü inkişaf etdirməlidir. Bu, o deməkdir ki, Yerevan Bakıya qarşı ərazi iddialarından əl çəkməlidir. Siz buna inanırsınız?
-Ermənistanın indiki ərazisi və insan resursları ermənilərə imkan verir ki, normal dövlət qurub adam kimi yaşasınlar. Ona görə də o, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkilməsi birinci növbədə, Ermənistanın özünə xeyirdir. Bir məşhur erməni politoloqu var – J.Libaridyan, ABŞ-da yaşayır. O da seçkidən sonra maraqlı bir bəyanat verdi ki, Qarabağda yaşayan ermənilərin heç bir siyasi gələcəyi yoxdur. Yəni bu yanaşma o deməkdir ki, Qarabağdakı ermənilərin nə dövlət quruluşu ola bilər, nə siyasi özünüifadə üçün ortaya atdıqları öz müqəddəratını təyin etmək hüququ ola bilməz. Ona görə zəhmət çəkin, Azərbaycanla normal münasibətlər yaradın. Sizə neft lazımdır, verək, istilənmək istəyirsinizsə, pulunuzu verib qaz ala blərsiniz. İnteqrasiya olunmalısınız, iş yerləri, kommunikasiyalar açılmalıdır. Bizim qaz,neft, dəmiryol xətləri Gürcüstan üzərindən keçir. Ağlınız başınızda olsaydı, o xətlər sizdən keçərdi və siz də bundan qazanardınız.
–Ermənistan 10 noyabr bəyanatının bəzi şərtlərini yerinə yetirməkdən boyun qaçırır. Məsələn, mina xəritələrini vermir, sərhədlərin delimitasiyasına mane olur və s. Sizcə, Paşinyanın yeni hökuməti bu məsələləri həll edəcəkmi?
–10 noyabr sazişinin şərtəri elə o imzalanandan 10 gün sonra pozulmağa başladı. Çünki Kəlbəcərdən və Ağdamdan qoşunların gec çıxmağı Ermənistana minalama işlərini genişləndirməyə fürsət verdi. Bəyanatda birbaşa minalama xəritəsinin verilməsi haqqında müddəalar olmasa da, təhlükəsizlik üçün qarşılıqlı addımların atılması qeyd olunub. Məncə, ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ağdamda mina xəritələrinin verilməsi ümidlər yaradır. Axı dünyada heç vaxt bele presedent qeydə alınmayıb ki, həm məğlub olasan, həm də qalib dövlət qarşısında şərtlər qoyasan. Anormal bir situasiyadır. Məğlub olmusan, zəhmət çək, şərtlərə əməl elə. Əlbəttə ki, rus sülhməramlıları və Rusiya faktoru burada öz rolunu oynayır.
Bu gün böhran yaşayan Ermənistan üçün oksigen haradan gəlir? Bu ölkə iqtisadi baxımdan yalnız İranla əlaqədədir, hər gün oradan Yerevana maşın karvanları gedir. Amma tək İranla münasibətlər Ermənistanı sözün geniş mənasında heç vaxt irəli apara bilməz. İrəvanın Qərbə yolu birmənalı şəkildə Türkiyə və Gürcüstandan keçir. Paşinyan bu seçkidən sonra elan etdiyi sosial-strateji siyasəti həyata keçirmək istəyirsə, mütləq Türkiyə ilə dialoqu bərpa etməlidir. Zəngəzur dəhlizi açılmalıdır, axı bu dəhlizin işləməsi ilk növbədə İrəvanın özünə lazımdır. Yerüstü kommunikasiya xətləri olmasa, Ermənistan heç hara çıxa bilməz.
– Qulu müəllim, siz əvvəldə də Xankəndində mitinqlərdən danışdınız. Sizcə, bu mitinqlər Köçəryanın məğlubiyyəti ilə əlaqəlidirmi? Həmin cəmiyyətə baxanda orada nəyi müşahidə edirik? Ermənilər orada hansı vəziyyətdədirlər?
– Bilirsiniz, indi Xankəndində qəribə situasiya yaranıb. Əvvəla, orada cəmi 30-35 min adam qalıb, əhali ora getməkdən imtina edir. Ikincisi, dünənə qədər orada "miatsum” deyirdilər. Miatsum alınmadı, sonra oyuncaq "DQR” havası çaldılar, onu da müharibə yerlə-yeksan elədi. İndi də başlayıblar ki, "biz Ermənistana inteqrasiya olunmaq istəyirik”. Bəs sən necə müstəqillik tərəfdarısan? Özünü müstəqil hesab edirsənsə, bəs başının üstündəki rus qoşunlarına niyə beyət edirsən, nədən hətta rus pasportu istəyirsən. Bəs nə oldu sənin "müstəqilliyin”? Bəlkə elə bilirsən ki, dünya sənin kimlərin əlnidə oyuncaq olduğunu görmür?
-Belə çıxır ki, ermənilər üçün Qarabağ artıq maraqlı deyil...
– Bu dəqiqə ermənilər üçün Qarabağın heç bir önəmi yoxdur. Bizə gələn real informasiyalar ondan ibarətdir ki, oradan hamı canını götürüb qaçmaq istəyir. Ruslar onları güclə saxlayır. Xankəndindəki erməniləri laboratoriya siçovulları kimi eksperiment zolağında qalıblar. Əllərində fürsət olanlar Ermənistana, oradan da xarici ölkələrə gedirlər, çünki görürlər ki, indiki şərtlər daxilində o bölgənin gələcəyi yoxdur. Ona görə də Qarabağ erməniləri üçün ümid yeri yenə Azərbaycandir. Qalırsansa, bu ölkənin vətəndaşı kimi qal, hüquqlardan istifadə elə, parlamentdə təmsil olun, öz bələdiyyəni yarat, özünü idarə elə, mədəniyyətini inkişaf elətdir və s. Necə ki Rusiyada yaşayırsan, o ölkənin qanunlarını qəbul eləyirsən, Fransada yaşayıb Fransa qanunlarını qəbul edirsən, eləcə də Azərbaycanda yaşayırsansa, bu məmləkətin qanunlarını qəbul eləməlisən.
Qulu müəllim ətraflı müsahibə üçün sağ olun.
Bilman İsaq

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<