
Müasir dövrdə texnologiyanın sürətli inkişafı, sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi və gündəlik həyat ritminin dəyişməsi insanların, xüsusilə də gənclərin psixoloji durumuna ciddi təsir göstərir. Son illərdə gənclər arasında depressiya hallarının artması cəmiyyəti narahat edən əsas problemlərdən birinə çevrilib. Elə bu aktual mövzu ilə bağlı Naxçıvan Dövlət Universiteti Pedaqogika və psixologiya kafedrasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, psixoloq Kübra Quliyeva ilə həmsöhbət olduq.
– Kübra xanım, ilk olaraq gənclərdə depressiyanın artma səbəbləri barədə fikirlərinizi öyrənmək istərdik.
- Əvvəlcə onu deyə bilərəm ki, depressiyanın yaranmasına bir neçə faktor təsir edir. Müasir dövrdə təhsil həyatı, imtahanlar, iş tapmaq və gələcəklə bağlı narahatlıqlar gənclərdə stress yaradır. Sosial şəbəkələrin geniş yayılması da bu problemin əsas səbəblərindən biridir. Gənclər özlərini başqaları ilə müqayisə edir, bu isə onlarda narazılıq və özgüvən əskikliyi yaradır. Ailə daxilində yaranan problemlər, valideyn diqqətsizliyi və emosional dəstəyin olmaması da depressiyaya təsir göstərir. Bundan əlavə, tənhalıq hissi, dost çevrəsinin zəif olması və insanın özünü anlaşılmamış hiss etməsi psixoloji vəziyyəti ağırlaşdıra bilər. Maddi çətinliklər və gələcəklə bağlı qeyri-müəyyənlik də gəncləri ruhdan salır. Həmçinin yuxu rejiminin pozulması, telefondan həddindən artıq istifadə və qeyri-sağlam həyat tərzi də depressiyanın yaranmasına səbəb olur. Buna görə də gənclərə mənəvi dəstək göstərmək, onları dinləmək və lazım olduqda psixoloqa müraciət etmək vacibdir.
– Depressiyaya səbəb faktorlar sırasında sosial şəbəkələri də qeyd etdiniz. Bu barədə bir qədər ətraflı məlumat verərdiniz.
- Sosial şəbəkələr müasir həyatın ayrılmaz hissəsinə çevrilsə də, onların insan psixologiyasına, xüsusilə də depressiv mühitin formalaşmasına ciddi təsiri vardır. İnsanlar sosial platformalarda adətən həyatlarının yalnız xoşbəxt, uğurlu və gözəl tərəflərini paylaşırlar. Bu görüntülər digər insanlarda öz həyatlarını kifayət qədər yaxşı hesab etməmək hissi yaradır. Nəticədə insan özünü başqaları ilə müqayisə edir, narazılıq və özgüvən əskikliyi yaşayır.
Sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək insanın real ünsiyyətdən uzaqlaşmasına da səbəb olur. Canlı münasibətlərin azalması tənhalıq hissini gücləndirir və insanı emosional olaraq yorur. Bəzən bəyənmə, izləyici sayı və rəylərə həddindən artıq önəm vermək insanın psixoloji durumuna mənfi təsir göstərir. Gözlənilən diqqəti görmədikdə isə insan özünü dəyərsiz hiss edir.
Bundan əlavə, sosial şəbəkələrdə yayılan neqativ xəbərlər, aqressiv şərhlər və kiberzorakılıq da depressiv mühit yaradan amillərdəndir. Davamlı şəkildə mənfi informasiyaya məruz qalmaq insanın əhvalına təsir edir, narahatlıq və ümidsizlik hisslərini artırır. Xüsusilə gənclər bu təsirlərə daha həssas yanaşırlar.
Bu səbəbdən sosial şəbəkələrdən düzgün və balanslı istifadə etmək vacibdir. Vaxt məhdudiyyəti qoymaq, real ünsiyyətə üstünlük vermək və virtual həyatı gerçək həyatla qarışdırmamaq psixoloji sağlamlığın qorunmasına kömək edir.
– Müasir dövrdə insanların psixoloqa müraciət etməsinə qarşı cəmiyyətdə hələ də müəyyən stereotiplər mövcuddur. Bir psixoloq kimi cəmiyyətdə formalaşan bu düşüncələrə qarşı reaksiyalara cavabınız necədir?
-Bəli, müasir dövrdə maariflənmə artsa da, insanların psixoloqa müraciət etməsinə qarşı cəmiyyətdə hələ də müəyyən stereotiplər qalmaqdadır. Bəzi insanlar psixoloqa yalnız ciddi psixi problemi olan şəxslərin getdiyini düşünürlər. Bu səbəbdən bir çox insan yardım almağa ehtiyacı olsa belə, cəmiyyətin qınağından çəkinərək mütəxəssisə müraciət etmir.
Lakin son illərdə bu sahədə müsbət dəyişikliklər müşahidə olunur. Sosial media, televiziya proqramları və maarifləndirici layihələr sayəsində psixoloji sağlamlığın önəmi daha çox anlaşılmağa başlanıb. Xüsusilə gənc nəsil psixoloqa müraciəti normal və faydalı addım kimi qəbul edir. Artıq insanlar anlayırlar ki, psixoloqa getmək zəiflik deyil, insanın öz sağlamlığına verdiyi dəyərin göstəricisidir.
Bununla belə, stereotiplərin tam aradan qalxması üçün cəmiyyətdə maarifləndirmə işlərinin davam etdirilməsi vacibdir.
– İnsanın ən böyük psixoloqu özü olmalıdır-deyiblər. Belə olduğu təqdirdə psixoloqa ehtiyac qalmır, yoxsa…
-Məncə bu fikirdə müəyyən həqiqət var. İnsan ilk növbədə özünü tanımağı, hisslərini anlamağı və daxili dünyasını idarə etməyi bacarmalıdır. İnsan öz düşüncələrini analiz etdikdə, davranışlarının səbəblərini dərk etdikdə və problemlərinə sağlam yanaşdıqda özü üçün ən böyük dəstəyə çevrilə bilər. Çünki insanı ən yaxşı yenə də özü tanıyır.
Lakin bu, o demək deyil ki, insan hər problemi təkbaşına həll etməlidir. Bəzən elə psixoloji vəziyyətlər olur ki, peşəkar dəstəyə ehtiyac yaranır. Stress, depressiya, travma və uzunmüddətli narahatlıq hallarında mütəxəssis yardımı çox önəmlidir.
Yəni insan özünün ilk psixoloqu ola bilər, amma ehtiyac olduqda peşəkar psixoloqa müraciət etmək də müdrik addımdır. Özünü anlamaqla yanaşı, yardım istəməyi bacarmaq da psixoloji gücün göstəricisidir.
Kübra xanım, maraqlı və maarifləndirici fikirlərinizi bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edir, elmi və pedaqoji fəaliyyətinizdə uğurlar arzulayırıq.
Səkinə Əhmədova
Jurnalistika ixtisası üzrə III kurs tələbəsi
































