SON DƏQİQƏ

Əl boyda ürəyin min dərdi-MÜSAHİBƏ

Tarix:

2-10-2023, 22:16

/ 4 212 dəfə oxundu.
Əl boyda ürəyin min dərdi-MÜSAHİBƏ


                                 (portret cizgiləri)
Sağlam deyilsənsə, yediyin bal da zəhər dadacaq.
Artur Şopenhauer
Sumqayıt şəhərindəki 1 nömrəli xəstəxana mənə çox əziz və doğmadır. Çünki 2001-ci ildə mən ilk dəfə infarkt olanda həyata qayıtmağımda bu xəstəxananın kardiologiya şöbəsinin həkimlərinin, şöbə müdiri Cabir Məcidov və aparıcı həkim Sevinc Əliyeva başda olmaqla başqa həkimlərin də böyük köməkliyi oldu. Bütün 
bu illərdə də mən həmişə onların nəzarətində olmuşam. Keçən ilin noyabr ayında yenə də ürəyimdə böyük problemlər yarandı. Yenə də bir müddət həmin xəstəxananın kardiologiya şöbəsində müalicə olundum. Artıq həmin vaxtı hər işə və mənim sağlamlıq durumuma xəstəxananın baş həkimi Mətləb Musayev rəhbərlik edirdi. 2022-ci ilin dekabrın ortalarına qədər orada müalicə olundum və sonra ürəyimdə  əməliyyat olunmaq üçün  Mərkəzi Klinikaya göndərildim  və dekabr ayının 22-də klinikanın baş həkimi, professor, Azərbaycan səhiyyəsində ürəklə bağlı çox böyük işlər görən Kamran Musayevin rəhbərliyi ilə cərrahi əməliyyat olundum. Ürəyimdə dörd damar dəyişildi. Allaha şükür ki, artıq özümü yaxşı hiss edirəm. Amma yenə də Sumqayıt şəhərindəki 1 nömrəli xəstəxana ilə əlaqələrim olur və yeri gələndə onlardan da  məsləhətlər alıram.
Keçən ilin noyabr və dekabr aylarında 1 nömrəli xəstəxananın kardiologiya şöbəsində müalicə olunanda, müalicə həkimim Sevinc Əliyeva və şöbə müdiri Cabir Məcidovla yanaşı, kardioloq Aidə xanım Məmmədova və başqa həkimlər də əlindən gələni edirdi ki, mən sağalım. Ümumiyyətlə, mən orada müalicə olunanda görürdüm ki, xəstələrin çoxu Aidə həkimə müraciət eləyir və o da əlindən gələni edirdi ki, xəstələr razı qalsın. Elə həmin vaxtdan onun haqqında yazı yazmaq və Aidə həkimi çoxminli oxucularla daha yaxından tanış etmək istəyirdim. Axır ki, həmin imkan yarandı. Budur. Biz Aidə həkimlə qarşı-qarşıya əyləşib söhbət edirik.
Qısa arayış: Aidə Şərif qızı Məmmədova 1975-ci ildə ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirən ili 1992-ci ildə ilk test imtahanı ilə yüksək balla Azərbaycan Tibb  Universitetinin I müalicə-profilaktika fakültəsinə qəbul olub. Ali məktəbi yüksək qiymətlərlə bitirib və internaturanı Sumqayıt şəhərindəki 1 nömrəli xəstəxanada keçib. 1999-cu ildən də Sumqayıt şəhər 1 nömrəli xəstəxanada həkim-kardioloq kimi əmək fəaliyyətinə başlayıb. Artıq 24 ildir ki, bu şöbədə həkim-kardioloq kimi fəaliyyət göstərir. İki övladı var. Qızı Bakı Ali Neft Məktəbində tələbədir. Oğlu isə Macarıstanda kompüter elmləri üzrə təhsil alır. 
-Aidə həkim, kardioloji xəstəliklər son vaxtlar çox cavanlaşıb. Əvvəllər 60-70 yaşlarından sonra insanlar kardioloji xəstəliklərə tutulurdular. Amma indi artıq 25-30 yaşlarında cavanlarda bu  xəstəliklər yaranır. Kardioloji xəstəliklərin belə cavanlaşmasının səbəbi nədir?
-Birinci növbədə cavanlar az hərəkət edirlər, müasir gənclərin bir çoxu vaxtlarını 
ya kompüter, ya da mobil telefondan saatlarla istifadə etməklə hərəkətsiz keçirirlər. Həmçinin onlar tərkibi yüksək konsentrasiyada yağlar olan fast-food yeməklərindən, çipsilərdən, energetik, qazlı, şirəli, spirtli  içkilərdən, hazır və qızardılmış yeməklərdən, konservlərdən, kolbasalardan  istifadə edirlər. Bax, bütün bunlar da ürək damarlarında atrerosklerotik proseslərin güclənməsinə səbəb olur və ürək xəstəliklərini yaradır.
Beləliklə, ürək xəstəlikləri belə cavanlaşır. Bunlardan əlavə stress, əsəbilik, psixi xəstəliklər də çoxalıb. Bu da əsrin ən böyük problemlərindən biridir. Bunlar da bir tərəfdən ürək problemlərinin yaranmasına səbəb olur. Eləcə də ekoloji şəraitin də pisləşməsi ürək xəstəliklərinin artmasına yol açır.
-Kardioloji xəstəliklərə tutulmamaq üçün insanlar ilk öncə nə  etməlidirlər? 
-Birinici növbədə pəhriz saxlamalıdırlar. Süd məhsulları, meyvə -tərəvəz, balıq və quş əti məhsullarından  çox istifadə etmək lazımdır. Bütün bunlarla birlikdə fiziki hərəkəti artırmaq lazımdır. Yaşlı insanlar isə qan təzyiqlərini ölçüb, bunu normada saxlamaq üçün ciddi nəzarət etməlidirlər. Yaşlı insanlar həm də tez-tez, yəni 6  aydan bir checkup müayinələrdən keçməlidirlər. Yəni qanın ümumi müayinəsindən tutmuş, xolesterin spektrinin yoxlanılması, sidik analizi, elektro  və exokardioqrafiya müayinələrindən, şəkər müayinəsindən və başqalarından hökmən keçməlidirlər. Hazırda dövlətimiz tərəfindən həyata keçirilən İcbari Tibbi Siğorta vasitəsilə bunlar ödənişsiz həyata keçirilir. Təəssüf ki, bizim insanlar bir çox hallarda profilaktik müayinələrdən yayınırlar, yalnız ağır xəstələnəndə həkimə müraciət edirlər. Bu zaman isə onları sağaltmaq çox vaxt gec olur. İnsanda şəkərin və qan təzyiqinin yüksək olması ürək damarlarının tutulması riskini çox artırır. Bu gün gizli olan şəkər xəstəlikləri daha çoxalıb. Belə  ki, bizə cavan insanlar müraciət edir və biz onları müayinə edərkən yüksək təzyiqvə  gizli şəkər xəstəliyi  aşkar edirik. 
-Doktor, bu gün hipertoniya xəstəliyi həddindən artıq çox yayılıb. Qan təzyiqinin yüksəlməsi nədən və necə baş verir? 
-Qan təzyiqinin yüksəlməsinin səbəbləri çoxdur. Onlardan əsasən irsi meyillik, genetikanın rolu böyükdür. Bundan əlavə, yuxarıda dediyimiz kimi, passiv həyat tərzi və qeyri-sağlam qidalanma -yəni duzlu və  yağlıyeməklərdən çox istifadə etmək arterial təzyiqi artırır. Həmçinin çox əsəb gərginliyi, stress də təzyiqin yüksəlməsinə səbəb olur.  Axı əl boyda ürək bu qədər problemlərə necə dözsün?  Əgər hər bir insan öz həkimi olsa və tibbi maariflənmədən istifadə etsə həmişə sağlam olar. Amerikanın böyük sənayeçisi  və  iş adamı, məşhur Henri Ford deyir ki, “Zamanın, vaxtın qədrini bilən həm sərvət, həm də sağlamlıq qazanır”.
-Siz artıq iyirmi dörd ildir ki, burada işləyirsiniz. Bu vaxta qədər görün nə qədər insanları müalicə eləyibsiniz? Kimlərin həyata qayıtmasına çox köməkilik etmisiniz? Elə insanlar varmı ki, yaddaşınızda əbədi qalıb?
-Bəli. Elə xəstələr çox olub. Yadıma gəlir ki, bir xəstəyə elektrik defibrilyasiya verdik, lakin nəticə olmurdu.Xəstədən az qala ümidimizi üzmüşdük. Fikirləşdik ki, son dəfə də defibrilyasiya edək. Bunu etdikdən sonra xəstənin ürəyi döyünməyə başladı və o, həyata qayıtdı. Biz də çox sevindik. Artıq həmin hadisədən 3 il keçib. Həmin xəstə bu yaxınlarda şöbəmizə gəlib öz təşəkkürünü bildirdi və dedi ki: “bu günə qədər yaşayıramsa, həyata  qayıtmağımda sizə minnətdaram”.  Belə hadisələri çox saya bilərəm. Xəstələri həyata qaytaranda doğrudan da biz uşaq kimi sevinirik. Xəstə dünyasını dəyişəndə çox stresslənirik. Cavanlar dünyasını dəyişəndə isə daha pis oluruq, uzun müddət özümüzə gələ bilmirik. Məşhur yazıçı Mixail Bulqakovun belə bir kəlamı var: “Xoşbəxtlik də sağlamlıq kimidir. Göz önündə olanda ona fikir vermirsən”.
-Bu kardioloji şöbə haqqında nə deyə bilərsiniz?
-Bizim kardiologiya şöbəsi xəstəxananın döyünən ürəyidir. Burada qırxdan çox tibb bacısı və texniki işçilərimiz çalışır. İşimiz həddindən artıq çətin və məsuliyyətlidir. 
-Xahiş edirəm şöbə müdiriniz Cabir həkim və həkimləriniz haqqında ürək sözlərinizi deyin.
- Şöbə müdirimiz Cabir Məcidov hərtərəfli savadlı, təcrübəli həkim, o cümlədən 
vicdanlı və bütün işçilərin əməyini yüksək  qiymətləndirən bir insandır. Həkimlərimiz Sevinc Əliyeva, Lətafət Orucova, Vəfa Əliyeva, Ayaz Əliyev, Səltənət Camalova və Şahverdi Verdiyev  xəstəxanamızda böyük çalışqanlıqla işləyirlər. Xəstələr onlardan çox razıdır. Burada işləmək hər bir işçidən böyük hünər, cavabdehlik və zəhmət  tələb eləyir. Hamı da bütün bu işlərin öhdəsindən yaxşı gəlir.
-Çox maraqlı fikirə toxundunuz. Artıq iyirmi dörd ildir ki, burada həkim işləyirsiniz və çoxlu baş həkimlərlə bir yerdə işləyibsiniz.  Artıq ikinci ildir ki, sizin xəstəxananın baş həkimi, dəyərli ziyalı Mətləb Musayevdir. Onun haqqında nə deyə bilərsiniz?
-Biz, əlbəttə, ondan çox razıyıq. O, çox savadlı uroloqdur. Öz işinin yüksək bilicisidir. Həm də baş həkim kimi çox təşkilatçı insandır.  Çalışır ki, hamıya əlindən gələn köməkliyi eləsin . Belə rəhbərlə işləmək çox xoşdur. O, Covid pandemiyası vaxtı bizə baş həkim təyin olundu və əlindən gələni elədi ki, xəstə itkiləri az olsun. İndi də hər gün şöbələrə baxış keçirir  və xəstələrin vəziyyəti  iləmaraqlanır. Bu da bizdə öz işimizə qarşı cavabdehlik yaradır. Məşhur sərkərdə Napaleon Bonapart deyib ki, “İdarə etmək çox çətindir, əgər bunu təmiz vicdanla edirsənsə”.
-Doktor Pandemiyanı yada saldınız. Bu xəstəlik əsrin, dünyanın  bəlalarından biri idi. Azərbaycan xalqı da bu xəstəlikdən böyük əziyyət çəkdi, itkilərimiz oldu. Amma şükür ki, başqa ölklərə nisbətən bizdə itki az oldu. Bu da həkimlərimizin  savadı və yüksək təşkilatçılığı sayəsində, həm də ölkə başçısının xəstəxanaların dərman təchizatına, yeni tibbi avadanlıqların gətiriləsinə  çox ciddi fikir verməsi və nəzarəti nəticəsindəoldu. Həmin vaxtı siz də burada Pandemiya ilə vuruşan həkimlərdən biri olmusunuz. O ili, zamanı  necə xatırlayırsınız?
-Deməli, 2020-ci ilin iyun ayından Sumqayıt şəhərində  1  nömrəli xəstəxana   kovidlixəstələrin müalicəsinə ayrıldı və 2021-ci  ilə qədər biz xəstəxanamızda kovidli xəstələri qəbul edib, onların müalicəsi ilə məşğul olurduq.  Bəli. Çox dəhşətli günlər idi. Xəstələrimizdən sağalanı da olurdu, dünyasını dəyişən də olurdu.  Amma biz var qüvvəmizi sərf edirdik ki, xəstələri  sağaldaq və itkilərimiz az olsun. Demək olar ki, bütün kollektivimiz, baş həkim Mətləb Musayev başda olmaqla bu işdə hamımız var qüvvəmizlə çalışmışıq. İstirahət nə olduğunu bilmirdik. Bizim tibb işçilərimizdən bu xəstəliyə tutulanlar çox oldu. Bir həkimimiz  Şaiq Əliyev və   tibb bacımız da həmin xəstəlikdən dünyasını dəyişdilər. Allah hamısına rəhmət eləsin. Bu, həqiqətən də biz həkimlər və tibb bacıları tərəfindən kovidlə  böyük mübarizə idi. Bir daha vurğulayıram. Şükür ki, çox az itki ilə biz qalib gəldik. Həmin vaxtı biz evdən kənarda qalırdıq ki, ailə üzvlərimizi yoluxdurmayaq. Hətta on beş günlərlə biz evdə olmurduq.  Ad günlərimizi  də xəstəxanada keçirirdik.Şükür ki, o dəhşətli günləri geridə qoyub, bu günlərə gəlib çıxdıq. Hətta həmin vaxtı anam, atam və qardaşım da kovid xəstəliyinə tutulmuşdular və xəstəxanada müalicə alırdılar.
- Bu zamanlarda siz hansı hissləri keçirirdiniz?
- Onların müalicəsinə mən də  nəzarət edirdim. Onlarla birlikdə çoxlu xəstələrin də sağalmasına çalışırdım. O vaxtlar çox ağır və stresli günlər keçirirdim. Atamın vəziyyəti daha ağır idi və həmçinin 1 il öncə ürəyindən əməliyyat olunmuşdu və şəkər xəstəliyi vardı. Şükür ki, onlar sağaldılar. Fikirləşirəm bu, övlad kimi mənim qürurumdur və çox sevinirəm ki, mən, nə yaxşı ki, həyatda müqəddəs həkimlik sənətini seçmişəm.
- Doktor, bu gün Azərbaycan səhiyyəsində olan problemlər haqqında çoxlu ayrı-ayrı fikirlər yazırlar və deyirlər. Bu haqda sizin hansı fikirləriniz var?
-Bu gün Azərbaycan Səhiyyəsinin hər sahəsində irəliləmələr gedir. Kardiologiya sahəsində də  həddindən artıq çox inkişaf var. Xəstəxanalar hər cür dərmanlarla təchiz olunur.  Xəstələrə hər gün üç dəfə yemək verilir. Tibbi avadanlıqlar da yenilənir. Hamısı Avropa standartlarına uyğun qurulur. Bizim xəstəxanada da yaxşı təmir işləri görülüb. Çox istərdik ki, biz də dövlət xətti ilə Türkiyədə və digər xarici ölkələrdə ixtisasartırma kurslarında iştirak edərək, öz bilik və bacarıqlarımızı artıraq, müasir səhiyyədə olan yenilikləri öyrənək. Həkim öz işində həm səhiyyənin və həm də zamanın nəbzini tutmağı bacarmalıdır. Axı dünya gör-götür dünyasıdır. 
-Bir təcrübəli həkim kimi insanlarımıza nə tövsiyə edərdiniz? Ümumiyyətlə, insan xəstələnməmək üçün nə etməlidir?
-Öncə insanlarımız fiziki aktivliyi artırmalıdırlar. İkinci sağlam qidalanmağa çalışmalı, zərərli energetik və spirtli içkilərdən, siqaret və başqa tütün məhsullarından uzaq durmalıdırlar,  yuxu rejiminə   əməl etməlidilər. Duzlu, yağlı yeməklərin və un məmulatlarının qəbulunu məhdudlaşdırmalı , stresdən uzaq olmalıdırlar. Tez-tez checkupmüayinələrdən  keçməlidirlər. Bax, onda insanlar həqiqətən yüz il yaşaya bilər. Corc Herbertin belə bir maraqlı kəlamı var: “Ağıl sağlamlıqdan öndə gedir, ağıllı olanda sağlamlığımızı da qorumağı bacarırıq”. Ona görə də insan hər şeyi ağılla həll etməlidir. Onda yaşamaq da, yaratmaq da həm asan və həm də gözəl olur. İnsanlarımıza hər şeyin yalnız və yalnız gözəlini arzu edirəm. Axı biz Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun sayəsində Qarabağ kimi cənnətməkan bir yurdumuzu erməni gavurlarından tam  azad etmişik. Biz artıq qalib bir ölkənin vətəndaşlarıyıq. İndi hamımız sağlam olmalıyıq ki, gedib həmin müqəddəs  yerləri ziyarət edib  vəorada  yaşaya  bilək.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi











скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ