SON DƏQİQƏ

Sumqayıtda keçirilən maraqlı aksiya

Tarix:

22-02-2025, 22:17

/ 3 900 dəfə oxundu.
Sumqayıtda keçirilən maraqlı aksiya

Sumqayıt Dövlət Dram Teatrında Beynəlxalq ‘Kitab Bağışlama Günü’
münasibətilə yeni bir mədəni təşəbbüs həyata keçirilib. 
Layihə çərçivəsində teatrın kitabxanasının fondunun zənginləşdirilməsi məqsədilə tamaşaçılardan kitab bağışlanması təşviq edilmişdir. Tədbir teatrın foyesində təşkil olunmuşdu. Tədbirin moderatoru olan, teatrın aktyoru, Əməkdar artist Cəlal Məmmədov, Beynəlxalq Kitab Bağışlama Gününün tarixi və əhəmiyyəti barəsində məlumat vermişdir.
Tədbirdə millət vəkilləri Elnarə Akimova, Aydın Hüseynov, Ceyhun Məmmədov,
AMEA Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənli, elmi katib
Aygün Bağırlı, Əməkdar müəllim, “Şöhrət” ordenli şair Ofeliya Babayeva və
Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov çıxış etmişlər.
Çıxışçılar kitabın insan intellektinin formalaşmasında, mənəvi dəyərlərin
qorunmasında və cəmiyyətin inkişafında oynadığı roldan bəhs etmiş, kitab
oxumağın müasir gənclərin dünyagörüşünə müsbət təsir etdiyini vurğulamışlar.
Layihə çərçivəsində iştirakçılar şəxsi kitabxanalarından və yazdıqları müxtəlif
nəşrləri teatra hədiyyə etmişlər. Bu təşəbbüsə Sumqayıt şəhərinin ədəbi mühiti,
Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti də fəal dəstək
vermişdir.Tədbirin rəsmi hissəsindən sonra qonaqlar Türkiyəli yazıçı Turqut
Özakmanın "Ocaq" psixoloji dramının tamaşasına baxmaq üçün teatr zalına daxil
olmuşlar. Tamaşanın quruluşçu rejissoru Xalq artisti, Prezident mükafatçısı, "Qızıl
Dərviş" mükafatı laureatı Firudin Məhərrəmov, quruluşçu rəssamı Mustafa
Mustafayev, musiqi tərtibatçısı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman
Qəniyevdir. Tamaşa tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla
qarşılanmışdır. Oxucular üçün maraqlı olsun deyə bu, çox maraqlı və peşəkar
səviyyədə hazırlanan tamaşa haqqında ətraflı məlumat vermək istəyirəm.
“Ocaq” pyesinin sujet xətti, personajlar və onların xarakteristikası,
dramatik yükü və tamaşaçıya təsiri.
Sujet xətti
Əsər tamaşaçılara sosial-iqtisadi çətinliklər içində mübarizə aparan yoxsul Türk
ailənin hekayəsini təqdim edir. Ailə dörd uşaqdan, ana, ata və nənədən ibarətdir.
Və ailənin hər üzvü yoxsulluq, xəyallar, ümidsizlik və birlik anlayışları arasında
sıxışıb qalıblar. Əsər ailənin birliyi və yoxsulluqla mübarizəsini göstərməklə
yanaşı, nəsillərarası konfliktlərə və dəyişən cəmiyyətin yaratdığı problemlərə işıq
tutur. Hər bir personaj fərqli dünyagörüşünə sahibdir, malikdir və bu da dramın
əsas dinamikasını yaradır. “Ocaq” pyesi ailənin yaşadığı dramı tamaşaçının
gözləri önündə canlandıraraq, onları dərin bir emosional səyahətə çıxarır. Əsərin
əsas mesajlarından biri də odur ki, ailə çətinliklərə baxmayaraq, bir ocaq ətrafında
birləşməlidir. Əsərin əsas gücü, tamaşaçını ailənin içindəki çətinlikləri hiss etməyə
vadar etməsi və sevgi ilə fədakarlığın birləşdirici gücünü vurğulamasıdır. Turqut
Özakman “Ocaq” pyesi vasitəsilə tamaşaçını yalnız bir ailənin yoxsulluq və
mübarizə dolu həyatına aparmır, həm də ailə bağlarının, sevginin və fədakarlığın
insanı birləşdirən gücünü vurğulayır. Tamaşaçı bu emosional səyahət boyunca
1kədər, ümid, sevgi və acizlik arasında gedib-gəlir, lakin sonda ailənin birlikdə
qalmasının əsl dəyərini anlayır.
Personajlar və onların xarakteristikası
Evin atası Tarık (Əməkdar artist Rauf Ağakişiyev) obrazı, ailənin bütövlüyünü
qorumaq və ailə üzvləri arasındakı birliyi təmin etmək məqsədilə mübarizə aparan
bir ata modelini əks etdirir. Xarakterin təqdimatında, onun məsum ifadələri və
çətinliklər qarşısında yaşadığı çarəsizlik hissinə baxmayaraq, ümidini itirməməsi
xüsusi vurğulanır. Aktyorun interpretasiyası, atanın psixoloji və emosional
dinamikasını ustalıqla ifadə etməklə, tamaşaçıya xarakterin daxili dünyasını
dərindən anlama imkanı yaradır.
Evin anası Səfiyyə (Əməkdar artist Xatirə Süleymanova) obrazı, ailənin əsas
dayağı kimi mühüm funksiyanı yerinə yetirən və müxtəlif sosial-psixoloji yükü
daşıyan bir xarakter kimi təqdim olunur. O, təkcə övladlarının deyil, həmçinin
anasının və həyat yoldaşının emosional vəziyyətini tənzimləmək və ailədaxili
balansı qorumaq vəzifəsini icra edir. Tamaşa boyu onun əhval-ruhiyyəsində hər
hansı bir dəyişiklik müşahidə edilmir, bu da xarakterin iradəli və prinsipial
mövqeyini vurğulayır. Safiyyə, bir tərəfdən həyat yoldaşının inancına tamamilə
sahib olmasa da, onu dəstəkləməyə davam edir, digər tərəfdən isə övladları
arasındakı münaqişələri idarə edərək, ailə içində harmoniya yaratmağa çalışır.
Bundan əlavə, yaşlı anasının xəstəliyi və qızının yaşadığı emosional çətinliklər
fonunda, obrazın situativ analiz qabiliyyəti və hadisələrə münasibəti məntiqli və
adekvat şəkildə təqdim edilir.
Əməkdar artist Cəlal Məmmədov tamaşada evin böyük oğlu Nihat obrazını
canlandırır. Nihatın xarakteri, məsuliyyətsiz, sərbəst həyat tərzinə üstünlük verən,
avara və xəyalpərəst bir fərd kimi qurulmuşdur. Onun obrazı klassik Romeo
tipajına yaxın olmaqla, tamaşada dinamik və emosional kontrast yaradır. Aktyorun
ifası, zarafatları, canlı intonasiyaları və səs tonu ilə obrazın xarakterik
xüsusiyyətlərini vurğulayır. Həmçinin, ağır psixoloji yüklü səhnələrə qatdığı
yüngül və təbii oyun tərzi tamaşanın ritmini balanslaşdırır və tamaşaçılar üçün
emosional rahatlıq yaradır.
Səhnə əsərində atası ilə birgə ailənin dolanışığını təmin etməyə çalışan Fazil
obrazı, aktyor Oktay Mehdiyev tərəfindən yüksək ustalıqla təqdim edilmişdir.
Fazıl obrazı realizm və xəyalpərəstlik arasında tarazlıq saxlayan, ailə üzvlərinin
maddi və mənəvi rifahını təmin etmək üçün fədakarlıq edən bir şəxs kimi
xarakterizə olunur. O, qardaşına cib xərcliyi verəcək qədər məsuliyyətli olmaqla
yanaşı, ailədaxili gərginlikləri öz daxilində yaşayan, emosional baxımdan çətinlik
çəkən və bu səbəbdən də hər an gərgin vəziyyətə düşə biləcək bir obrazdır. Aktyor
bu xarakterin daxili dünyasını dərindən təhlil edərək, onun psixoloji vəziyyətini
tamaşaçılara obyektiv şəkildə çatdırmağa nail olmuşdur.
Aktyor sənətində obrazın tamaşaçıya təbii və inandırıcı şəkildə təqdim edilməsi
mühüm rol oynayır. Xüsusilə fiziki məhdudiyyətləri olan obrazları ifa etmək
aktyor üçün əlavə çətinliklər yaradır. Bu baxımdan, tamaşada Sevda obrazını
canlandıran Şəhla Məmmədova öz rolunu yüksək peşəkarlıqla icra edirdi. O,
2tamaşa boyu fiziki vəziyyətini daim nəzarətdə saxlayaraq, obrazın təbii
davranışlarını ustalıqla nümayiş etdirirdir. Bu personajın hissi keçidləri –
tamaşanın əvvəlindəki pozitiv əhval-ruhiyyədən finaldakı ümidsizlik və
peşmançılığa qədər olan duyğular, aktrisa tərəfindən yüksək inandırıcılıqla
çatdırılırdı.
Ailənin kiçik oğlu, tələbə Özcan obrazında Şəmistan Süleymanlının ifası
xarakterin özünəməxsus xüsusiyyətlərini vurğulamaq baxımından diqqətəlayiqdir.
Özcan obrazı, sosial və iqtisadi reallıqlara uyğun şəkildə, dominant qüvvələrin
təsiri altında mövqeyini müəyyən edən bir gənc kimi təqdim edilir. O, həyatdakı
mövqeyini dəyişən şəraitə uyğunlaşdıran və bu yolla varlığını qorumağa çalışan
tipik bir tələbə xarakterini əks etdirir. Aktyor bu xarakterin psixoloji
motivasiyalarını uğurla mənimsəmiş və tamaşaçılara dolğun şəkildə təqdim edirdi.
Nənə (Əməkdar artist Fəranə Musayeva) obrazı yaşlılıq bunaması əlamətlərini
özündə əks etdirən bir şəxsiyyət kimi təqdim edilir. Aktyorun ifasında yaşlı insana
xas olan nitq intonasiyası və səslənmə tonu davamlı olaraq qorunmuş, bu da
tamaşanın realizmini artırırdı. Xüsusilə diqqət çəkən məqam odur ki, aktisa
səhnədə uzun müddət eyni vəziyyətdə qalaraq, hər hansı qeyri-iradi hərəkətlər
etmədən obrazın psixoloji və fiziki vəziyyətini qoruyub saxlamağa nail olmuşdur.
Onun minimal fiziki hərəkətlərlə xarakterin daxili aləmini ifadə etməsi, peşəkar
teatr ifaçılığında yüksək səviyyəli ustalıq nümunəsi kimi qiymətləndirilə bilər.
Obrazın bədən dili və fiziki jestləri də mükəmməl şəkildə aktrisa tərəfindən idarə
olunmuşdur. Aktrisanın hərəkət etmədiyi vəziyyətlərdə belə, səhnə plastikasını
qoruması və personajın yaşı ilə uyğun olan fiziki məhdudiyyətləri (məsələn, belin
əyilməsi, addımlardakı çətinliklər) ardıcıl olaraq nümayiş etdirməsi xarakterin
inandırıcılığını artırmışdır. Bu yanaşma tamaşaçılara obrazın gerçəkçiliyini hiss
etdirmiş və onun psixoloji vəziyyətini daha aydın başa düşməyə imkan yaradırdı.
Əməkdar artist Fəranə Musayevanın ifası, teatr sənətində realist ifa üslubunun ən
mühüm göstəricilərindən biri olan xarakterin ardıcıl və təsirli təqdimatına nail
olunduğunu nümayiş etdirmişdir. Bu baxımdan aktrisanın performansı yüksək
dəyərləndirilməli və peşəkar teatr ifaçılığında uğurlu nümunə kimi qeyd
olunmalıdır.
Beləliklə, tamaşa iştirakçılarının hər biri öz obrazlarını yüksək səviyyədə
canlandıraraq, tamaşanın uğurlu alınmasına töhfə verdilər. Aktyorların hərəkətləri,
mimikası və bədən dili onların oynadıqları personajların xarakterik
xüsusiyyətlərini dəqiq çatdırmağa imkan yaradırdı.
Tamaşanın dramatik yükü və tamaşaçıya təsiri
Əsər, sadə yoxsul ailənin gündəlik mübarizəsini və yoxsulluğun onların
münasibətlərinə necə təsir etdiyini realist şəkildə təqdim edir.Tamaşaçı bu
çətinliklərin içində öz ailəsindən və ya tanış olduğu insanlardan izlər tapa bilər, bu
da əsəri daha təsirli edir. Ana və atanın övladları üçün çəkdiyi əziyyətlər, sevginin
fədakarlıqla birləşdiyi anları ortaya qoyur. Böyük uşaq ailəni tərk edib getmək
istəyir, amma ata və ana üçün bu, “ocağın sönməsi” deməkdir. Bu nöqtədə sevgi
ilə gələcəyin axtarışı arasında böyük bir konflikt yaranır. Evin tək qızı sevdiyi
3oğlan ilə qoşulub qaçsa da aylar sonra təkrar ata evinə qayitmaq məcburiyyətində
qalır. Getdiyi yerdə də xoşbəxtçiliyi tapmayan Sevda, bir zamanlar bədbəxt yuvası
olaraq gördüyü ocağa təkrar geri dönür. Nənə, keçmişin və ailə dəyərlərinin
qoruyucusu kimi ənənəvi ailə bağlarının gücünü xatırladır. Tamaşaçılar bu ailənin
yaşadığı emosional sınaqlara şahid olduqca, öz həyatları ilə paralellər qurmağa
başlayırlar. Ailədəki münaqişələr universal bir mövzu olduğundan, pyes hər kəsin
qəlbinin sarı siminə toxuna bilən gücə malikdir. Çətinliklərə baxmayaraq, ailənin
bir yerdə qalması və ocağın sönməməsi üçün göstərilən fədakarlıqlar ümid
mesajını gücləndirir. Əsərin sonunda ailənin birliyi qorunur və tamaşaçıya müsbət
və təsirli bir nəticə verir.
Bəli. Mən qətiyyətlə deyə bilərəm ki, “Ocaq” tamaşası Sumqayıt Dövlət Dram
Teatrının ən yaxşı tamaşalarından biridir. Quruluşçu rejissor, Xalq artisti Firudin
Məhərrəmov tərəfindən də yüksək peşəkar səviyyədə qurlub. Onun tərəfindən
verilən mizanlar özləri tamaşaçı ilə danışır. Buna görə də tamaşanı daha baxımlı
edir. Bu tamaşanı təkcə Sumqayıt tamaşaçılarına yox, məmləkətin və xarici
ölklərin tamaşaçılarına da göstərmək olar və inanıram ki, onlar tərəfindən də çox
maraqla qarşılanar.
Fərhad DOST
скачать dle 12.1

Şərhlər