SON DƏQİQƏ

VƏTƏN VƏ YURD DUYĞULU ŞAİR

Tarix:

25-11-2025, 15:17

/ 3 529 dəfə oxundu.
VƏTƏN VƏ YURD DUYĞULU ŞAİR

 Qələmi Vətən qibləsinə duran, yurd, el-oba məhəbbəti əks etdirən qiymətli yaradıcılıq sahiblərindən biri də Həsənəli Eyvazlıdır. Həsənəli Eyvazlı Naxçıvan ədəbi mühitinin qiymətli nümayəndələrindən biri, şair, dramaturq və alimdir. 
Şair H.Eyvazlının yaradıcılığında milli idellar – vətənə bağlılıq və doğma yurda sevgi, vətəndaşlıq qeyrəti, ana təbiətə vurğunluq və qayğıkeşlik, vətənin insanlarına məhəbbət, dəyərlərinə bağlılıq və digər keyfiyyətlər ön planda gəlir. Şairin qələmindən çıxan “Görüşünə gəlmişəm”, “Qalıbdır”, “Ata ocağına qonaq gəlmişəm”, “Əlincə qalasında düşüncələr”, “Bu köç hara gedir?”, “Unudulubdu”, “Qəhrəman Naxçıvanım”, “Naxçıvan”, “Naxçıvanım”, “Naxçıvana gəl” kimi şeirləri vətənə məhəbbət ruhunda yazılmış, vətənə bağlılıq idellarını tərənnüm və təlqin edən gözəl lirik yazılıar kimi nəzər diqqəti cəlb edir. Şairin “Mən vətənəm” şeiri metaforik obrazlı olması ilə diqqəti cəlb edir. Şeirin ümumi ruhu, pafosu və forması R.Rzanın “Mən torpağam” şeirini andırsa da, H.Eyvazlının bu şeirində vətən çağırışları başlıca yer tutub. Vətən dilə gələrək öz kimliyini, sevgisini, dərdini, qayğılarını dilə gətirir:

Mən Vətənəm!
Keşiyimdə duranları istəyirəm.
...Azadlığı övladımın
Al qanıyla qazanmışam.
Azadlığı millətimin
Ad-sanıyla qazanmışam.
Mən Vətənəm!
...Sərkərdəsi aslan olan
Bir millətin vətəniyəm! 

Şair əsərlərində nankorlara, öz yurdunu tərk edib vətəni, el-obanı boş, köməksiz qoyanlara da səslənərək, qınaq edir. Şair bir zamanlar ana vətəni tərk edib gedənlərə etiraz və yurd yerlərinin boşalmasına kədər nümayiş etdirərək “Bu köç hara gedir?”, “Unudulubdu” kimi şeirlərində ictimai qınağı əks etdirirdi. “Ata ocağına gəlmişəm”, “Qalıbdı” kimi şeirlərində isə Vətən həsrəti, doğma yerlərin nisgili kimi milli və fərdi duyğular gözəl ibarələr, obrazlı ifadələr və incə duyğularla ifadə edilmişdir. Şair “Ata ocağına qonaq gəlmişəm” şeirindəata ocağının nisgilini və həsrət duyğularını bu cür ifadə edirdi:

Ata ocağına qonaq gəlmişəm,
Qapıdan paslı bir qıfıl asılıb.
Sükutdan boğulur həyət-bacamız,
İnsən nəfəsinə tamarzı qalıb.

Hanı çal-çağırlı o günlərimiz?!
Görən kim qarğıyıb bizə, ay Allah?!
Hərəmiz bir düzə səpələnmişik,
Bizi kim gətirdi gözə, ay Allah?! 

“Qalıbdı” adlı şeirində isə yazırdı ki:

Çən yatıb, qayalar görünməz olub,

Gədikdə təkənin izi qalıbdı.
Yurd yerində ocaq daşı qaralır,
Qəlbimdə həsrətin közü qalıbdı.

Yaradıcılığındakı bu kimi vacib bədii keyfiyyətləri nəzərə alan tənqidçi Ə.Əzimli yazırdı ki: “Həsənəlinin ruhunda yanğılı bir Vətən dərdi var, bu, ağırlığı get- gedə artan, azalmayan bir dərddir”. 
Şeirlərin ruhu, dil və üslub xüsusiyyətləri, sərlövhə, məzmun və leksik statistika bir daha göstərir ki, Həsənəli Eyvazlı da Azərbaycan ədəbiyyatında vətən mövzulu lirik məktəbin görkəmli ustadlarından olan Xalq şairi Məmməd Arazın  və Xalq şairi Musa yaqubun izindən getmişdir. Müasir Azərbaycan ədəbiyyatında özünə layiqli yer tutan Məmməd Arazın “Ata ocağı” şeirinə xüsusilə Naxçıvan ədəbi mühitində məxsusi bir nəzirə ünvanına çevrilmişdir. Bu mənada bizim qənaətimizcə, Məmməd Arazın şeir yaradıcılığı Naxçıvan ədəbi mühitində bir məktəb formalaşdırmağa nail olmuşdur. Şair Həsənəli Eyvazlı da M.Arazın bu məşhur şerinə qoşularaq “Ata ocağına qonaq gəlmişəm” şeirini məhz ona nəzirə olaraq yazmışdır. Şairin “Qalıbdı” şeirindən gətirilən nümunədə isə Xalq şairi Musa Yaqubun “Ocaq daşı” şeirinə bağlılıq vardır. H.Eyvazlı bu böyük sənətkarın irsinə hörmət nümunəsi olaraq Vətənə məhəbbət lirikasında özünəməxsus yer tutan “Ocaq daşı” şeirinə, görünür ki, “Qalıbdı” başlıqlı əsərini nəzirə yazmışdır.
Şairin yaradıcılığında vətəni sevməklə bərabər, onu qorumaq, müdafiə etmək borcu da ümummilli ideallardan olaraq yer almışdır. “Səcdə qıllam” və “Son döyüşə hazırlaşın” kimi şeirlərdə şair məhz vətəni qorumaq borcunu dilə gətirmiş, vətəni qormağın onu sevməkdən daha vacib olduğu vurğulanmışdır. “Son döyüşə hazırlaşın” şeirində şair vaxtilə işğal altında qalan torpaqların harayına çağırış edərək yazırdı:
Yağılardan
Qisas almaq
Zamanına hazırlaşın!
Əsirlikdə qalanların
Amanına hazırlaşın.
Xocalıda ölənlərin
Ruhu bizi haraylayır.

Əsərin sonuna doğru çağırış motivi və mübarizə pafosu güclənir, gəncləri birliyə və mübarizəyə səsləyən şair düşməni yıxmağın, Xankəndiyə getməyin zamanı olduğunu diqqətə çatdırırdı.
Şeirdə pafos gücləndirmək, mübarizə notlarını təlqinə çevirmək üçün şair ustalıq nümayiş etdirərək ekspressivlik daşıyan nida cümlələrindən istifadə etmələ bərabər, sintaktik təkrirlərdən də faydalanır, eyni motivli cümlələri təkrir olaraq istifadə edir.
Ümumiyyətlə, şairin yaradıclığında ümummilli ideal kimi Vətənin bütövlüyü və birliyi məsələsi ən başlıca məqsəd və moivdir. Buna görə də H.Eyvazlının yaradıcılığında Vətəni sevmək, onun bütövlüyü və birliyi keşiyində durmaq, Qərbi Azərbaycanda qalan əzəli yurd yerlərinə qayıtmaq, Cənubi Azərbaycanla birləşmək və böyük bir Vətən, bütöv bir Azərbaycan olmaq, daim tərəqqi və inkişaf etdmək əhəmiyyətli şəkildə yer almışdır. Bu baxımdan “Unutmayaq o günləri” şeiri çox əlaməfdardır. Əlbəttə, şeir Azərbaycanın əzəli torpaqları olan Qarabağın və ətrafı ərazilərin işğalı dönəminə aiddir. Bu baxımdan “Unutmayaq o günləri”,  “Qəriblik dağların qəddini əyib” kimi şeirlərdə məhz işğal altında olan, ermənilərin yaşadıqları doğma, əzəli yurd yerləri təsvir və təqdim olunub. Bu dövrdə Həsənəli Eyvazlı da daxil olmaqla bütün şair və yazıçılar torpaqlarımızın işğalına dözümsüzlük göstərərək mübarizə motivlərini dilə gətitirdilər:

Ellər köç eyləyib, Göyçə boşalıb,
Ələsgər sazının sədası yoxdur.
Toy-düyün səsinə həsrətdi dağlar,
Nazlı sonaların ədası yoxdur. 

...Əyricə yaylağı yaman darıxıb,
“Murad təpəsi”nin gözləri yolda.
Bir kimsə yoxdur ki, dərdinə yana,
Bir kimsə qalmayıb böyük mahalda.

Böyük ustad M.P.Vaqifin “Hayıf ki yoxdur” şeirinin uyumu üzərində yazılmış bu əsərdə 200 ilə yaxın bir müddətdə işğal edilərək ermənilərin yaşadıqları Azərbaycanın Qərbi torpaqlarına qayıdış çağırışları, həsrət və nisgil duyğuları yer almışdır. Ustad Ələsgərin doğma vətənindən uzaq düşməsinə dözməyərək həyatını itirməsi də sanki şeirdə dilə gətirilmiş, o doğma torpaqlara qayıtmaq idealı təsvir edilmişdir. Buna görə də hazırda Azərbaycanda Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Qərbi Azərbayacana Qayıdış siyasəti davamlı olaraq yürüdülməkdədir. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevə göstərdiyi inam və dəstəyin nəticəsində 2020-ci ilin noyabrında 30 ilə yaxın çəkən işğal taleyinə Böyük, Şanlı Zəfərlə son qoyuldu, Azərbaycan xalqının tarixinə Şanlı Zəfər Günü yazıldı. Bu zəfərlə Azərbaycanın işğal edilmiş 20 faizə yaxın torpaqları, o cümlədən Zəngilan, Xudafərin körpüsü, Şuşa, Xankəndi azadlığa qovuşdu, Qarabağ problemi yerli-dibli həllini tapdı və bununla da Qərbi Azərbaycana qayıdış zərurətini ortaya qoydu. Bu gün ölkəmizdə  Qarabağa Böyük Q ayıdış proqramı həyata keçirildiyi kimi, Azərbaycan xalqı əmindir ki, Qərbi Azərbaycana da ləyaqətli vətəndaşlar olaraq qayıtmaq mümkün olacaqdır.
Şair Vətən bütövlüyü və sevgi tamlığı məsələsində də doğulub-böyüdüyü Naxçıvanı da unutmur. Təsadüfi deyil ki, şairin Naxçıvan mövzusunda yazdığı şeirlər “Lal sulara ay düşər” başlıqlı kitabında “Naxçıvan nəğmələri” adı altında qruplaşdırılaraq təqdim edilmişdir. Onun “Yolum düşdü Batabata”, “Əlincə qalasında düşüncələr”, “Naxçıvan”, “Naxçıvanım”, “Naxçıvana gəl” şeirlərində Naxçıvan haqqında düşüncə və məhəbbət duyğuları yer almış, Vətənin bu gözəl guşəsinə özünün sevgi və bağlılıq duyğularını poetik vüsətlə ifadə etmişdir. İstedadlı şairin “Naxçıvan haqqında ballada” poeması inkişaf və tərəqqi edən Naxçıvanın müasir inkişafı və dirçəlişi haqqında yazılmış ən yaxşı əsərlərdən biridir. Müəllifin bu əsəri əsasında Naxçıvan televiziyasında televiziya filmi çəkilmişdir.
Həsənəli Eyvazlının yaradıcılığında ümummilli ideal olan Vətənin birliyi və bütövlüyü məsələsi başlıca yer tutmuşdur. Buna görədir ki, şair Cənub həsrətini də yaradıcılığının başlıca mövzusu və motivinə çevirmiş, “Özümlə söhbət”, “İki əsrin həsrəti”, “Xan Araz” kimi şeirlərində dilə gətirmiş, yanıqlı, həsrət dolu duyğularla ifadə etmişdir. Hər bir əsər bir mənəvi problemin tarixi salnaməsi, antropologiyasıdır. H.Eyvazlının da Cənub mövzülü şeirləri bu səpkidə yazılmış əsərlərin ən yaxşı örnəklərindən biri kimi Azərbaycan xalqının ikiyə bölünmə dərdinin ehtivasıdır. Kiçik olmalarına rəğmən bu əsərlərdə faciənin tarixi, səbəbləri, gətirdiyi yaralar, problemlər, faciənin miqyası və s. öz əksini tapmışdır. Şairin dediyi kimi:
Bizi uyutdular şirin yuxuda,
Dərbəndin hayına hay verəmmədik.
Novruzda tutulan neçə xonçadan
Zəncana, Qəzvinə pay verəmmədik.

Araz ağı deyib illər uzunu,
O taya baxmaqdan gözüm yorulub. 
Dilini bilməyir ana balanın,
Təbrizdə dilimə qıfıl vurulub.

“İki əsrin həsrəti” şeiri müəllifin 1997-ci ildə Cənubi Azərbaycana səfəri zamanı Təbrizdə, türkmənçay kəndində olarkən düşüncələrinin bədii ifadəsi kimi ortaya çıxıb. Əlbəttə, bu şeiuirlərdə yanğı, kəıdər, həsrət motivləri var, mübarizəyə çağırış, üsyan, qovuşmaq arzuları yer alıb. Şair o doğma yurdda olarkən adamların bir-birindən xəbərsiz yanından ötüb keçməsini də “uyudulmanın” başqa bir təzahürü kimi görür, dərdə də, birliyə də laqeydliyin təzahürü olaraq təqdim edir.
Şair Həsənəli Eyvazlı çoxsaylı dram əsərlərinin də müəllifidir. Bu əsərlərdə də Vətənin taleyi, ikiyə bölünmüş Vətənin faciəsi və dərdi, qovuşmaq, birləşmək idealı məxsusi olaraq yer almışdır. “Qurtuluşa gedən yol”, “Araz sahilində doğan Günəş”, “Türkmənçay müqaviləsi”, “Ətoğrol Cavid və ya bir ailənin dramı”, “Ruhların görüşü” kimi əsərləri ümumən Azərbaycan dramaturgiyasının zənginləşməsi baxımından qiymətlidir. Müəllifin uşaqlar üçün yazılmış bir sıra kiçik pyesləri də vardır.
Beləliklə, şair-dramaturq Həsənəli Eyvazlı yaradıcılığı özünün bədii cəhətdən kamilliyi ilə seçilir. Onun yaradıcılığı mövzu-problem baxımdan da əhəmiyyəti ilə nəzər-diqqəti cəlb edir. Onun yaradıcılığında milli ideallar əks olunduğu kimi, ümumbəşəri dəyərlər də yer almış, şairin humanist duyğu və düşüncələrini əks etdirmişdir. Vətənini bütün qəlbilə sevən şair ikiyə paralanmış Vətəninin birliyini arzulayır, xalqına sülh, əmin-amanlıq diləyir, bütün bəşəriyyətə xoşbəxtlik, dostluq və qardaşlıq arzu edir. Ümumiyyətlə, elinə, obasına bağlılıq onun əsərlərinin ortaya qoyduğu başlıca mənəvi keyfiyyətlər kimi diqqəti cəlb edir. 
Ramiz QASIMOV
Naxçıvan Müəllimlər İnstitutunun 
dosenti, filologiya üzrə fəlsəfə doktoru
скачать dle 12.1

Şərhlər