
Sədaqət Həsənova
Filologiya elmləri
doktoru, professor
Ana laylasıdı – beşik başında,
Şəhid məzarına – ağımdı şerim.
Əlincəm, Ərk qalam, Savalanımdı,
Aranım, yaylağım, dağımdı şerim.
Həsənəli Eyvazlı
Azərbaycan ədəbi mühiti və bədii
dili qədim zamanlardan indiyə qədər inkişaf etmiş və bu proses yeniliklərlə
müşahidə olunmuşdur. Bu ədəbi mühitin müxtəlif bölgələrdəki qolları onu mövzu,
məzmun zənginliyi, dil-üslub xüsusiyyətləri baxımından tamamlamışdır. Bu mənada,
Azərbaycan ədəbi mühitinin ayrılmaz və dəyərli qollarından biri kimi Naxçıvan ədəbi
mühiti filoloji araşdırmalara bol-bol material verən qaynaq kimi dəyərlidir. Bu
mühitə xas olan yazarlar uzaq tarixlərdən bu günə qədər ədəbi dilimizin yeni
faktlar əldə etməsində, söz-ifadə yaradıcılığı məsələsində, bir sözlə, müxtəlif
linqvistik istiqamətlərdə fəaliyyət göstərmiş və bu işdə həm ədəbiyyatımıza, həm
də dilimizə xidmət etmişlər.
Hələ qədim
zamanlardan uzun yüzillər Naxçıvanda yaşayan Naxçıvanilər nəslinin nümayəndələri
elm, incəsənət, siyasət və dünyagörüşü cəhətdən fərqlənmiş, gələcəyə örnək
olacaq əsərlərə imza atmışlar. Bu baxımdan, Naxçıvan orta və yeni dövrlərdə
Ordubad ədəbi mühiti üzvlərinin, XIII-XIV əsrlərdə
Nəsrəddin Tusi, Qazi Nəcməddin Naxçıvani, Kamaləddin Naxçıvani, Fəxrəddin
Naxçıvani, Abdulla Naxçıvani, Hinduşah Naxçıvani, Məhəmməd Naxçıvani, Bаbа Nеmətullаh
Nахçıvаni, orta əsr fəlsəfi-təriqətçi şeirin görkəmli nümayəndələrindən biri olan
Bayrək Quşçuoğlunun, XIX yüzillikdə Heyran xanım
Dünbülinin, XX əsrdə Hüseyn Cavid, Məmməd Səid Ordubadi, İslam Səfərli, Hüseyn
Razi, Müzəffər Nəsirli və onlarla digər şairlərin vətənidir.
Naxçıvan
ədəbi mühiti indi də inkişafını davam
etdirir. Bu mühitə məxsus olan şairlərdən biri də Həsənəli Eyvazlıdır.
Həsənəli
Eyvazlının dili linqvistik cəhətdən diqqəti çəkən mənbələrdən biridir. Şair
gücü daxilində bədii dilimizin estetikliyinə, məna-məzmun zənginliyinə
çalışmış, bir sıra üslub faktlarının meydana çıxmasında qələmini sınamışdır.
Həsənəli
Eyvazlının dilində diqqəti çəkən faktlardan biri maraqlı təzad örnəkləridir. Məlumdur
ki, təzad bədii dilin əhəmiyyətli göstəricilərindən biridir. Şeir dilində fikrin gücləndirilməsində bu maraqlı bədii
ifadə vasitəsinin xidməti böyükdür. Dilin leksika və sintaksisisin materialları ilə yaradılan təzad üslub
çalarlarının əmələ gəlməsində də iştirak edir. Təzad çox zaman antonim sözlər
vasitəsilə formalaşır:
Bir zaman saçımda
ağ axtarırdım,
İndi qarasını
axtarır gözüm (1, 16).
Şerin
dilindəki "ağ” və "qara” sifətləri ən dərin əksmənalı sözlərdəndir. Bu
leksik-qrammatik vahidlər həm mənfi, həm də müsbət anlamlara malikdir.
Xalqımızın dilindəki "ağ gün”, "ağ bəxt” kimi ifadələr, "Ağ günlü, ağ əppəkli
olasan!” kimi alqış – dualarda "ağ” sözü müsbət məna daşıyır. "Ağ bayraq” birləşməsində,
"Gözünə ağ gəlsin!” qarğışında həmin söz mənfi anlamda işlənir. "Qara” sözü də
müxtəlif məqamlarda fərqli mənalar bildirir. Məsələn, "qara kağız”, "qara gün”
poetik sintaksis örnəklərində bu söz ürəksıxıcıdır. Lakin "qara gözlü”, "qara
saçlar” sintaktik vahidlərində sözün müsbət məna çalarları ilə qarşışlaşırıq.
Qara bəxtin şərbətini
içirəm,
Görən deyir – nə
xoşbəxtdir bu şair (1, 49).
"Qara bəxtin şərbəti”
uğurlu üslub örnəyidir və təzadın gözəl bir nümunəsidir. Araşdırmalar göstərir
ki, dilimizdəki rəng bildirən sözlər məcazlaşanda onların anlam çalarları daha
qabarıq bilinir. Yuxarıdakı nümunədə "ağ” və "qara” sözləri saçlara aiddir, həqiqi
mənada işlənsə də, maraqlı üslub keyfiyyəti yaratmışdır.
Qafiyə şerin şərtlətindən
biridir. O, bəzən bir çox hərfləri ilə, bəzən də iki və ya üç hərfi ilə oxşar
olan sözlərlə səciyyələnir.
"Şeirşünaslıqda qafiyə problemi şerin ən vacib fərqləndirici əlaməti,
mühüm zahiri göstəricilərindən biri kimi götürülməklə məhdudlaşmır, o həm də
müstəsna yaradıcılıq aktı, sənətkarlıq amili, şeir sənətinin özünəməxsusluğu,
musiqili dil vahidlərinin estetik səciyyəsi kimi dəyərləndirilir, çünki əksərən
ritmin qafiyədən, onun sonsuz imkanlarından asılılığı qafiyənin şeir dili
üçün üstünlüyü, ritm
yaratma funksiyasının efektli nəticəsidir” (2, 183). Bu nəricəni əldə etməyin əsas
yolu dilin leksik-qrammatik tərkibini mükəmməl bilməkdir. Həsənəli Eyvazlının əsərləri
sübut edir ki, bu prosesdə uğur qazananlar dilimizin dərinliyinə bələd olan
şairlərdir. Qafiyə rədif sözlərdən əvvəl gəldikdə daha təsirli olur. Bu
baxımdan, şairin aşağıdakı əsəri xarakterildir:
Papaq salan
qayalarda izim var,
Diş göynədən
bulaqlarda gözüm var,
Vətən, sənə deyilməyən
sözüm var,
Demə ki, ömrümün
azı qalıbdı (1, 18).
Şairin şeirləri içərisində insanın
içini titrədən əsərləri onu düşünməyə vadar edir. Onun "Ata ocağıma qonaq gəlmişəm”
şeri belə əsərlərdəndir:
Divarın dibində cəhrə
boş qalıb,
Nehrə dirəyinin
sınıb bir tayı.
Anamın illərlə
plov süzdüyü
Qazanı pas tutub,
yoxdu qalayı (1, 19).
Əsərin söz tərkibində dilimizin
altiv leksikasını tərk etməkdə olan "cəhrə”, "nehrə” sözləri şerə bir doğmalıq
və şirinlik qatır. Lakin burada əsas məsələ şerin təsir gücünü təmin edən,
emosionallıq bildirən fikirlərdir:
Ot qalxıb həyətdə
dizdən yuxarı,
Kərənti pas tutub,
biçəni yoxdu.
Bulaq xiffətindəın
göz yaşı tökür,
Suyundan doyunca
içəni yoxdu ( 1, 20).
Şeir floramızın "Eldar
şamı” kimi poetik dilimizin "qırmızı kitab”ına düşən mərhum Eldar Baxışın "Haraqaçırsınız,
kənd uşaqları?” əsərinin ruhunda yazılıb. Eldar Baxış deyirdi:
Çay qalxıb, çay daşıb- keçən gərəkdi,
Arandan yaylağa köçən gərəkdi,
Biçənək otlanıb-biçən gərəkdi,-
Hara qaçırsınız, kənd uşaqları? (3).
İnsanda təəssüf və
nigarançılıq duyğuları oyadan hər iki əsərdə müəlliflərin ürək sıxıntısı, gəncləri
doğma yurda qayıtmaq çağırışı əks olunur. Həsənəli Eyvazlının "Ata ocağıma qonaq gəlmişəm” əsəri hikmətamiz
sonluqla bitir:
Ağaclar boylanır
boynubükülü,
Quşlar da oxumur,
lal olub, nədi?
İnsansız həyətdə
ölüm sükutu,
İnsansız həyətlər
bir viranədi (1, 20).
Şairin "Bu köç hara gedir?” əsərində
də eyni duyğuların təcəssümü diqqəti çəkir:
Orda mal pəyəsi,
bir toyuq hini,
Təzəcə qazılan təndir
də qalıb.
Tövlənin önündə su
novu boşdi,
Buzovlar bağlanan
kəndir də qalıb (1, 22).
Ocaq iyli, tüstü iyli kənd həyətlərinin
yiyəsizliyini dərd eləyən şairin hissləri oxycuya da keçir. Əkinli-biçinli
toprağın "qan ağlamağı” şairi rahatsız edir, o, bir vaxt xırmanda yandırılan
samanı ürəkdən düşən oda bənzədir:
Unudulub kərki lək
qırağında
Şamama koluna sarı
sov düşüb.
Qaralır xırmanda
saman yanığı,
Elə bil ürəkdən
od, alov düşüb (1, 22).
Şairin
bənzətmələri özünəxas və sadəliyi ilə seçilən bədii vasitələrdəndir. Düşünürsən
ki, bu bənzətmələri yalnız şeirdəki hadisələri yaşayanlar düzüb-qoşa bilərlər.
Həsənəli Eyvazlının qəlbdən gələn səmimi və zəruri müraciəti də oxucuda dərin
hisslər oyadır:
Hay verin səsimə,
eşidin məni,
Sizsiz qəribsəyib
çöllər, çəmənlər.
Bu köçü döndərin
geriyə, qardaş,
Dönün yurdunuza,
siz, ay köçənlər! (1, 23).
Yurd yerlərinin adamsız qalmasından
həyəcanlanan şair bu emosiyaları bir-iki
şeirlə məhdudlaşdırmır. Onun "Unudulubdu” adlı əsərində də həsrətin, hicranın qəmli
notları vardır:
Nağıl danışan yox,
dastan deyən yox,
Şirin sözlərimiz
unudulubdu (1, 24).
Bədii dildə təkrarların rolunun əhəmiyyəti
məlumdur. Lakin təkrar ritm yaradan metaqramların təsir gücü də az deyil.
Metaqram tam qafiyə düzəlişində iştirak edən vasitə kimi bir, bəzən də iki hərflə
yeni qafiyə yaradan sözlərin ortaya çıxmasına səbəb olur ki, bu, əsərin səslənməsinə
xüsusi gözəllik verir:
Yağılara meydan açıb qucağında,
Dostu gəlib, çörək verib ocağında.
Daş qalalar hər elində, bucağında
Yaşı çoxdu, çox uludu Naxçıvanım,
Yenilməyən bir qaladı Naxçıvanım! (1,
13).
Şerin dilindəki "qucağında”,
"ocağında”, "bucağında” sözləri tipik
metaqram örnəyidir. O, üslub keyfiyyətinin aktivliyində yararlı və fəallığı ilə
seçilən vasitələrdəndir.
"Söz var, qüdrətindən daş
da əriyir” deyərək sözə dəyər verən şair əsərlərində intonasiya axarını şeir mətninin
ritm ahənginə tərəf istiqamətləndirir:
Söz var ki, şər ilə çulğalaşanda
İnsanı var ikən
itirəndi o (1, 28).
Dahi Füzuli deyirdi ki,
söz yoxdan var olur. Nəbi Xəzri deyirdi ki, söz bir anda insanı əlli ilin hörmətindən
sala bilər. Həsənəli Eyvazlı deyir ki, söz insanı yox etmək qüdrətinə malikdir.
Bütün dövrlərin qələm sahibləri sözə həssas münasibətdə olmuş, hərə öz
prizmasından ona dəyər vermişdir. Söz işləndikcə çoxalan, çoxaldıqca gözəlləşən,
gözəlləşdikcə mənalaşan, anlamları açıldıqca heyrət
doğuran, heç kəsin, heç nəyin
gücü çatmayan, gücünə güc yetməyən bir xəzinədir. Həsənəli Eyvazlının şair təfəkküründə
sözün, şerin, sazın öz yeri, öz məzənnəsi vardır. O, şerə "xalqın dili” kimi
yüksək qiymət verir:
Ürəkdə sevgidi,
gözlərdə nurdu,
Bir şair xalqının
dilidi şerim (1, 29).
Həsənəli
Eyvazlının maraqlı bənzətmələri çoxdur. Məlumdur ki, bədii üslubu bənzətmələrsiz
təsəvvürə gətirmək olmur. Poetik dildə elə bənzətnələr vardır ki, onlar uzun
zamanların qəlibləşmiş bədii təsvir vasitələrinə çevrilib. Bədii dildə bənzətmə
bütün zamanlarda yaradıla bilir. Poetik dilimizin bənzətmə gülüstanında Həsənəli
Eyvazlının da imzası vardır. Aşağıdakı şeirdə şairin qələminə məxsus "şeriyyət
mücəssəməsi”, "zamanın mələkləri” bənzədilmə faktlarıdır:
Şairlər şeriyyət
mücəssəməsi,
Şairlər Tanrının
şah əsəridi.
Yazır öz dövrünün
xeyir, şərini,
Şairlər zamanın mələkləridi
(1, 38).
Həsənəli Eyvazlı şeirdə bədii dilin
mühüm bir məqamına toxunmuşdur. O, qələmi flrçaya, sözü boyaya oxşatmaqla
şairlik vəzifəsinin mahiyyətini açmışdır:
Qəlbi söz ümmanı,
söz dəryasıdı,
Qələm – fırçasıdı,
söz – boyasıdı,
Alışıb yansa da,
doymayasıdı,
Xalqının arzusu,
diləkləridi (1, 38).
Burada şairlərin yaradıcı
xüsusiyyəti – sözləri rəngdən-rəngə salmaq məharəti vurğulanmışdır. Maraqlı cəhətlərdən
biri də üçüncü misradakı felin lazım şəklinin fərqli inkarlıq əlaməti qəbul edərək
işlənməsidir. Məlumdur ki, felin həmin şəklində inkarlıq üçün şəkilçidən yox,
"deyil” sözündən istifadə edilir. Yəni qrammatik qaydalara görə "doymayasıdı” əvəzinə
"doyası deyil” işlənməliydi. "Dormayasıdı” qrammatik normanı pozsa da, üslubi
normanı çevikləşdirib və şerin dilində heç bir ağırlıq yaranmadan səslənmə gözəlliyi
təmin edilib. Bu onu göstərir ki, bədii dildə qrammatik materialdan istifadə
olunsa da, əsas məsələ üslub keyfiyyətidir. Belə ki, bədii dildə üslubiyyat
faktorları qrammatik göstəriciləri üstələyir.
Həsənəli Eyvazlının
"Şairlər zamanın mələkləridi” şeri şairliyə verilən qiymətdir:
Silahı, sursatı
sözüdür onun,
Alışan qəlbinin
közüdü onun.
Həyatdan silinməz
izidi onun,
Şairlər şeriyyət
peyğəmbəridi (1, 38).
Şeirdə
şairin sadəlik və təvazökarlığı əks olunur. Ona elə gəlir ki, sözün, şerin
yükünü çəkə bilmir. Şeirdə sözün vaxtla dəyərləndirilməsi, hər bir sözün
zamanında deyilməsinin gərəkliyi fikri şairin məsələyə mövqeyini təyin edir:
Eyvazlı çəkəmmir
bu yükü hələ,
Axar sısqa çaydı,
dönməyib selə,
Vədəsiz söz desə,
tez düşər dilə,
Sözünü vaxtında
desə, yeridi (1, 38).
Əsərlərinin
birində şair bu günün şerinə incə tənqidi münasibət bildirərək əvvəki şairlərin
varlığını arzulayır. O, şairlərin çoxalmasındansa, sözün məzənnəsinin yüksəlməsini
zəruri sayır, söz yığınına dönmüş şeirlərdənsə, sözün sanbalının çoxalmasını
istəyir:
Qaytarın keçmişin
şairlərini,
Meydanda şairlər
yaman çoxalıb.
Nə "ağır oturan”,
nə "batman gələn”
Nə də şeirlərdə
bir məna qalıb.
Qaytarın keçmişin
şairlərini –
Bizi sözləriylə
sehirləsinlər.
Hər söz yığınına
şeir deyənin,
Yaltağln dilini
möhürləsinlər (1, 45).
Həsənəli
Eyvazlının "Qaytarın keçmişin şairlərini” adlı əsəri başqa bir cəhətdən –
dilimizdən çıxmış -ayın, -əyin şəkilçisinin
yenidən canlandırılması ilə diqqəti çəkir. Çağdaş dilimizdə səslənən "Bayram nəğməsi”
mahnısının mətnində qorunub saxlanan bu şəkilçi artıq ədəbi dilimizin fəal
morfemikasını tərk edərək yalnız dialekl faktı kimi işlənir. Həmin mahnının mətni
Fikrət Qocaya məxsusdur:
Bu
günşən bayramıdır ellərin,
Lalələr bayrağıdır
çöllərin.
Çöllərdən gül
yığağın, dostlarım,
Çalağın,
oynayağın, dostlarım (4).
Fikrət Qocadan sonra bu şəkilçini
çağdaş ədəbi dilimizdə Həsənəli Eyvazlı işlətmişdir:
Qaytarın keçmişin
şairlərini –
Şairlik dərsini
keçəyin bir az.
Duyağın hər sözün
öz mənasını,
Yaxşını yamandan
seçəyin bir az.
Qaytarın keçmişin
şairlərini –
İnam, etibarım
qayıtsın geri.
Ucuz şöhrət üçün əl
çalmayağın,
Bilinsin həyatda hər
kəsin yeri (1, 45).
Keçmişin
şairlərinin bədii ləyaqətini bəyənib tərif deyən şair şeir sənətinin davam etməsinin
də tərəfdarıdır:
Qoy yeni nəsillər
cığırlar açsın,
Şeir dünyamızda,
söz dünyamızda (1, 29).
Həsənəli Eyvazlı Naxçıvam ədəbi mühitini təmsil edən
şairlərdən biri kimi ədəbi dilimizin gözəlliklərini təqdim edərək, şeirə, sənətə,
sözə yüksək dəyər verərək, ana dilimizin saflığını qoruyaraq yazıb-yaradır.