SON DƏQİQƏ
» » Əsərlərində rüşfətxorluğu İFŞA EDƏN DRAMATURQ

Əsərlərində rüşfətxorluğu İFŞA EDƏN DRAMATURQ

Tarix:

29-11-2023, 20:27

/ 2 927 dəfə oxundu.
Əsərlərində rüşfətxorluğu İFŞA EDƏN DRAMATURQ

Samırə HƏSƏNOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
Naxçıvan Müəllimlər İnstitutu
Pedaqoji fakultənin dekanı

Azərbaycan ədəbiyyatşünaslığının və tarixi dramaturgiyasının inkişafında  Naxçıvan ədəbi mühitinin özünəməxsus yeri var. Müxtəlif tarixi dövrlərdə Naxçıvanda ictimai fikir, elm, mədəniyyət, ədəbiyyat, maarifçilik geniş inkişaf etmiş, Azərbaycan ədəbiyyatına Naxçıvan böyük ədəbi simalar, görkəmli ictimai xadimlər bəxş etmişdir. Bu tarixi dövrlər içərisində XX-XXI əsr mühüm rol oynayır. Müasir dövrümümzdə ədəbiyyatşünaslığımza öz ədəbi-bədii töhfələrini bəxş edən, dərin məzmunlu, milli ruhu, milli-mənəvi dəyərləri təbliğ edən əsərləri ilə geniş oxucu kütləsinin rəğbətini qazanan sənətkarlardan biri də Həsənəli Eyvazlıdır.
Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Naxçıvan MR-in Əməkdar Mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru,  dosent, şair-dramaturq Həsənəli Eyvazlı (Həsənəli Cahangir Oğlu  Eyvazov) 1950-ci ildə Naxçıvan MR-in Şərur rayonunun Tənənəm kəndində anadan olub. 1969-cu ildə Naxçıvan Pedaqoji məktəbini bitirmiş,  1972-76-ci illərdə Tənənəm kənd səkkizillik məkbəbində müəllim işləmişdir.
1972-ci ildə APİ-nin (indiki ADPU) Naxçıvan filialına daxil olaraq, 1977-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki NDU-nun) tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tam kursunu bitirmişdir.
O, 1978-1995-ci illərdə Naxçıvan MR Müəllimləri Təkmilləşdirmə İnstitutunda kabinet müdiri, 2002-ci ilin mart ayından 2010-cu ilin sentyabrınadək Naxçıvan Müəllimlər İnstitutunda Nəşriyyat şöbəsinin müdiri vəzifəsində işləmişdir. Hazırda İnstitutumuzun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiridir.
Həsənəli Eyvazlı Naxçıvan Müəllimlər İnstitutunda işlədiyi müddətdə elmi işlə ciddi məşğul olmuş, 2009-cu ildə “Azərbaycan tarixi dramlarında ədəbi şəxsiyyətlərin bədii obrazı” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Həsənəli Eyvazlı bədii yaradıcılığa 1968-ci ildən başlamış, həmin ildən  şeirləri yerli və mərkəzi mətbuatda müntəzəm  çap edilir. Daim yerli televiziya və radio ilə çıxışlar edir. Haqqında bir neçə dəfə televiziya verilişləri hazırlanıb.
Ümumilikdə 6 elmi monoqrafiyanın və 12 dram əsərinin,  2 poema və 6 şeir kitabının, 4 metodik vəsaitin,  58 elmi məqalənin müəllifi olan Həsənəli Eyvazlı məhsuldar yaradıcılıq yolu keçmişdir.
H.Eyvazlı Naxçıvan ədəbi mühitində özünəməxsus ifadə tərzi ilə seçilən, öz qüdrətli qələmi ilə dramaturgiyamızın inkişafına töhfələrini bəxş edən sənətkarlardan biridir. Onun 6 əsəri tamaşaya qoyulmuş, bir əsərinə bədii film çəkilmişdir. Tanınmış şair-dramaturq qələmini təkcə lirik şeirlərlə deyil, həm də yazdığı tarixi dramlarla, poemalarla, mənzum faciə ilə sınamışdır. H.Eyvazlının 2015-ci ildə nəşr etdirdiyi “Seçilmiş əsərləri” adlı şeirlər kitabını vərəqlədikcə, şairin qələmə aldığı şeirlərin məna və üslubi cəhətdən nə qədər qüvvətli olduğunu anlamaq mümkündür.
İnsanda səmimi duyğular, həsrət notları, yurd, yuva, millət, vətən sevgisi aşılayan lirik şeirləri H.Eyvazlı yaradıcılığının əsas qayəsini təşkil edir.
Doğma diyarımız Naxçıvana həsr etdiyi “Naxçıvan”, “Naxçıvana gəl”, “Qəhrəman Naxçıvan” kimi şeirlərində qədim Naxçıvanın hər daşının, torpağının bizim üçün nə qədər dəyərli olduğunu, füsünkar təbiətini, əlçatmaz qayalarının, əyilməyən uca zirvəli dağlarının əzəmətini bədii dillə tərənnüm etmişdir:
Günbəgün gözəlləşən, cavanlaşan diyarım
Bütün fəsillərində gül-çiçəkli baharım.
Sənsən sevgilim mənim, sənsən əbədi yarım,
Ey günəşli gündüzüm, al şəfəqli səhərim,
Səninlə fəxr edirəm, a qəhrəman şəhərim!

Şairin lirik şeirlərindəki təxəyyül, tərənnüm ürəyinin hərarəti, sevgisi ilə yoğrularaq  bədii şəkildə oxucuların ixtiyarına verilir. Gənclik illərində ilk qələmə aldığı bir rübaisində yazır:
Sevirəm mən sənin qara zülfünü
Hər məni görəndə dara zülfünü.
Sevdirsən, qartala sevdir, gözəlim,
Amandır, sevdirmə sara  zülfünü.

Həsənəli Eyvazlı şeirlərində dahi söz ustalarını, tanınmış sənətkarları xatırlayır, sözün qüdrətini, ürəkləri fəth etməsini, Nizami, Füzuli, Cavid, Məmməd Araz kimi sənətkarların söz demək məharətini, istedadını önə çəkir. Sözün dərya, sənətkarın isə qəvvas olub dəryaya baş vuraraq incilər tapıb çıxardığını poetik bir dillə ifadə edir :
Kiçik bir daxmada doğulan  Məmməd,
Arazdı – ümmana calaşır indi.
Şeir  dünyasının qəvvası  olub,
Dərin nəhrlərdə  dolaşır indi.

Şairin şeirlərində kənd həyatı, məişəti, təbiət mənzərələrinin təsviri, bənzərsizliyi təbii və  poetik ifadələrlə tərənnüm  edilir.
H.Eyvazlının “Ata ocağına qonaq gəlmişəm” şeiri daha təsirli ruhda yazılmışdır. Ata ocağını, elini-obasını tərk edən, sonra isə ora qonaq kimi qayıdanların çəkdiyi mənəvi iztirablarını, qəribsədiyi ata ocağının insanda yaratdığı heyrətamiz duyğuları, qübarı əks etdirən bu şeir həm də insanları mənəvi cəhətdən tərbiyələndirməyə xidmət edir.
Ata ocağına qonaq gəlmişəm,
Qapıdan paslı bir qıfıl asılıb.
Sükutdan boğulur həyət-bacamız,
İnsan nəfəsinə tamarzı qalıb.

Ata ocağına yüksək məhəbbəti, hərarəti, sevgini aşılayan şair şeirin sonunda oxucusuna nəsihət belə verməkdən çəkinmir, öz qəlbindən keçən səmimi hissləri bədii dillə çatdırmaq istəyir:
Ata ocağını söndürmək olmaz,
Qayıdaq geriyə, ay əzizlərim.
Yenə də həyətdə toy büsat quraq
Bir daha sevinsin, gülsün gözlərim!

Şairin “Bu köç hara gedir” şeirində isə kəndini, elini, obasını atıb gedənləri öz yurduna geri dönməyə, doğma ocağını yandırmağa, isitməyə səsləyir:
Hay  verin səsimə, eşidin məni
Sizsiz qəribsəyib çöllər, çəmənlər.
Bu köçü döndərin geriyə, qardaş
Dönün yurdunuza, siz ay köçənlər!

H.Eyvazlının 2004-cü ildə qələmə aldığı “Türkmənçay qətli” iki pərdəli yeddi şəkilli tarixi dramı 1826-1828-ci illərdə Rusiya-İran dövlətləri tərəfindən Azərbaycan torpaqlarının parçalanması prosesindən, ermənilərin kütləvi şəkildə torpaqlarımıza köçürülməsindən bəhs edir. Əsərdə o dövrə aid tarixi faktlar, sənədli və bədii materiallar öz əksini tapır.
Xalqına, elinə bağlı olan, insanlara, insanlığa yüksək dəyər verən şair əsərdə xalqa arxa-dayaq olan, Vətəni canları bahasına qoruyan Şamaxı xanı Mustafa xan, Cavad xanın oğlu Uğurlu xan,  Qaçaq Bahadır kimi müsbət qəhrəmanlar obrazları yüksək poetik dillə oxucuya təqdim edir. Əsərdəki hadisələri izlədikcə, bu nəticəyə gəlmək olar ki, bu qəhrəmanlar təkcə düşmənlə mübarizə aparmır. Əsər boyu onları xalqın sonrakı taleyini düşündürür.
Əsərin sonunda Mustafa xan milli varlığımızın özümüzə qayıdacağı günü, körpələrin bu ruhda böyüməsini, ədalətin qələbə çalmasını arzulayaraq, qəlbində böyük ümid və inam hissi yaradır:
Mustafa xan – Çox gözəl! Xudaya sənə şükürlər olsun! Gözün aydın, Bahadır! Bu şad xəbər qəlbimdə gələcəyimizə böyük ümid və inam yaratdı. Əminəm ki, düşmənə qalib gəlmək üçün bizim qura bilmədiyimiz birlik qalamızı bu doğulan övladlarımız quracaqlar. Gün gələcək itirilmiş milli varlığımızı özümüzə qaytaracaqlar... Günəşli səma altında, azad yaşayacaqlar! Mən buna bütün varlığımla inanıram!
Əsərdə H.Eyvazlı xalqımızın gələcəyi, birliyi naminə ürəyində yaşatdığı böyük inamı, qəlbində yanan ümid çırağını, xalqını, elini, obasını daim günəşli səma altında azad, firəvan görmək istəyini Mustafa xanın dili ilə oxucusuna çatdırmaq istəyir. Əslində bu təkcə şairin deyil, həm də ürəyi daim Vətəni üçün döyünən, doğma Azərbaycanını azad, müstəqil, torpaqlarını bütöv, xalqını bir yumruq kimi bir olmasını görmək istəyən Vətən övladının istətəyi və azusudur.
H. Eyvazlının 2007-ci ildə qələmə aldığı “Vəzifə hərisi” adlı iki pərdəli səkkiz şəkilli pyesi maraqlı süjet xəttinə malikdir. Pyesdə sovet hakimiyyəti illərində idarə müdiri işləmiş Qulaməlinin müstəqillik illərində də təsadüfən müdir təyin olunmasından, idarədə işçilərlə qaba rəftarından, rüşvətxorluğundan, ötən zamanların həsrəti ilə yaşayaraq, namuslu və işgüzar adamalrı işdən çıxarmaqla hədələməsindən və s. bəhs olunur. Əsərdə Qulaməli, Xumar, Gülçin, Kərəm, Məmiş, Qafar kişi kimi surətlər diqqəti cəlb edir. Yazıçı bu surətlərin hər birini öz dili ilə dindirir, onların daxili aləmini öz sözləri ilə oxucuya çatdırır. Rüşvətxorluğu, işçilərlə kobud rəftarı surətlərin dili ilə tənqid edir:
- Biz neçə illərdi bu idarədə çiyin-çiyinə işləyirik. Kimin öz işinin öhdəsindən necə gəldiyini bilirik. Müdirlə olan söhbəti də bildiniz. Özünü dəvət etsək də gəlmədi. İndi sizin fikriniz nədir? Neçə aydır bu adamın təhqirlərinə, hoqqabazlığına dözürük. Yenədəmi dözək?
Müəllifin 2022-ci ildə nəşr olunan və tələbə teatr studiyaları üçün nəzərdə tutulan “Dram əsərləri” kitabı mövzu baxımından rəngarəngdir. Onun həm mənzum həm də nəsrlə yazılmış pyeslərindən görünür ki, müəllif təxəyyülündə canlandırdığı mövzuları müxtəlif formalarda, sadə danışıq dilində oxucusuna təqdim etmək bacarığına malikdir. Bu kitabda müəllifin iki mənzum, beş nəsrlə yazılmış pyesi verilb. Həsənəli Eyvazlı “Ərtoğrul Cavid, yaxud bir ailənin dramı” pyesini Azərbaycan ədəbiyyatının görkəmli romantik şairi Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin faciəli həyatına həsr edib. Şair-dramaturq əsərin ilk şəkillərində Cavid ailəsinin xoşbəxt həyatını qələmə alır.
Hadisələr inkişaf etdikcə, əsərdə dövrün ziddiyyətləri, repressiya dalğaları Azərbaycanın söz-sənət adamlarını – şairlərini, görkəmli ziyalılarını öz ağuşuna alır, onlar nə qədər çalışsalar da bu qanlı repressiyadan yaxa qurtara bilmirlər. Bunlardan Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Bəkir Çobanzadə və digər tanınmış şəxsiyyətlər “Vətən xaini” damğası ilə elindən, obasından ayrılır, kimisi güllələnir, kimisi isə uzaq Sibirə sürgünə göndərilir.
H. Eyvazlı Ərtoğrul Cavidin simasında repressiya qurbanlarının övladlarının acı taleyini, Ərtoğrul kimi istedadlı gənclərin faciəsini bədii şəkildə əks etdirir. Əslində bu təkcə Ərtoğrul kimi istedadlı bir gəncin deyil, ümumən Cavidlər ailəsinin böyük və dözülməz faciəsi idi.
Əsərin beşinci şəklini oxuduqca oxucunun gözü önündə gözəl, təsirli bir səhnə canlanır. Müəllif ustalıqla Hüseyn Cavidin möhtəşəm məqbərsi önündə uzun sürən ayrılıqdan sonra Mişkinaz xanımla Hüseyn Cavidi görüşdürür. Həmçinin bu məqbərə soyuq Sibirdə övlad həsrətilə yanan, kül olan Cavidi oğlu Ərtoğrola və qızı Turana qovuşdurur. Müəllif Caviddən doymayan Mişkinazı, cavan yaşında tez solan Ərtoğrolu, qara saçlarını ağ hörən Turanın nakam taleyini Cavidin  dili ilə böyük ustalıqla oxucusuna çatdırır. Müəllif sonda böyük faciələrlə qarşılaşan, məhrumiyyətlərə düçar olan 4 ailə üzvünün nəhayət ağrılı-acılı günlərinin geridə qaldığını, ayrılığın, intizarın bitdiyini bədii dillə, ürək yanğısı ilə təsvir edərək, illərin həsrətindən sonra, seçdikləri məkanda qovuşmuş gözəl bir ailənin tablosunu canlandırır. Burada şair Hüseyn Cavidin dili ilə aşağıdakı misraları söyləyir:
Neçə il, hərəmiz düşdük bir yana,
Taleyimiz düşdü çənə, borana.
Bir ata borcunu ödəyəmmədim.
Doyunca sizlərə “can” deyəmmədim.
Sındıra bilmədim dəmir qandalı,
Puç oldu qəlbimin arzu, amalı.   
 
Müəllif əsərin sonunda Cavidlər ailəsinin bir məqbərədə dəfn olunmasını, ailə üzvlərinin bu məkanda əbədi qovuşmasını Ümummilli liderimiz Heydər Əliyevin bu ailəyə bəslədiyi sonsuz sevginin, məhəbbətin bariz ifadəsi kimi səciyyələndirir. Sonda müəllif qəlbindən keçən fikirləri Hüseyn Cavidin dili ilə oxucusuna çatdırır:
Bizi el-obaya görüşdürənə,
Yurdu azadlığa qovuşdurana,
Min rəhmət dilərəm ulu Tanrıdan,
Hifz etsin nəslini onu Yaradan.
Kəsdi bu torpaqdan qanı, qadanı,
Tanrı uca tutdu Böyük İnsanı.

Kitaba daxil olunan “Ruhların görüşü” pyesi repressiya qurbanlarından biri olan Mikayıl Müşfiqin nakam taleyinə həsr olunub. Müəllif əsərin ikinci şəklində vətən xaini adı ilə ittiham olunan Müşfiqin bütün işgəncələrə mətanətlə sinə gərdiyini, dediyindən geri dönmədiyini böyük ustalıqla qələmə alaraq şairi bir daha oxucusunun gözündə zirvələrə qaldırır. O zirvə ki, Müşfiq çoxdan oranı fəth etmiş, onu xalqının sevimli, mərd, qürurlu övladına çevirmişdir.
Şəklin sonunda müəllif oxucusunu daha təsirli bir səhnə ilə qarşılaşdırır: bu susqunluq, dözüm, iradə Müşfiqin həyatına son qoyur, əbədi olaraq onu Dilbərindən, övladlarından və canından çox sevdiyi Vətənindən ayırır.
Əsərin üçüncü şəklində müəllif oxucusunda xoş təəssürat yaratmaq üçün iki aşiqi, iki vətən övladını cismən deyil, ruhən görüşdürərək, bu müddətdə çəkdikləri iztirabları, yaşadıqları çətin anları öz dilləri ilə onlara çatdırmaq istəyir. Şair bir tərəfdə Xızı yaxınlığında təpələrin qoynunda Mikayıl Müşfiqin evi (məqbərəsi) və məqbərənin ətrafında ağ paltarda, illərin həsrətindən sonra üzündə xoş təbəssüm əks olunan Müşfiqi, digər tərəfdə isə ağ paltarda Müşfiqi görmək ümidi ilə həyəcanlı halda məqbərəyə daxil olan Dilbəri bədii dillə təsvir edir.
Müəllif onları görüşdürmədən öncə kiçik bir səhnə ilə oxucusunu həyəcanlandırmaq istəyir. Müşfiqi görmək ümidi ilə məqbərəyə gələn Dilbər onu görmədikdə məyus olur. Dilbərin gözü Müşfiqlə onun divardan asılmış şəklinə sataşır. Yaxınlaşıb şəklə həsrətlə baxır və əlindəki dəsmalla şəklin tozunu silib onu oxşayır.
Gəzlədim yolunu, hava qaraldı,
 Bu qaranlıq hava ruhumu sardı.
 Səndən qəmgin könül sevinc umardı,
 Sən ey sədaqətim, neçin gəlmədin?  

Dilbər xanım həsrətli baxışlarla ətrafa boylanır, Müşfiqi görmür. Yaşarmış gözlərini dolandırıb Müşfiqin rəflərə düzülmüş kitablarına baxır. Yaxınlaşıb əli ilə onları sığallayır və birini götürüb açır, barmağını misraların üzərində gəzdirərək yanıqlı səslə: “Xoşbəxt günlərimizin şahidi misralar. Uzun illər sizdən aldım Müşfiqimin həsrətini”, - deyir.
Şair-dramaturq burada Dilbərin timsalında hər bir qeyrətli vətən övladının şeirə, sənətə, şairə və milli mənəvi dəyərlərə verdiyi qiyməti, ömür-gün yoldaşına sədaqəti böyük ustalıqla oxucusuna çatdırır.  
Müəllif oxucunu intizarda saxlamır, nəhayət,  iki həsrətli uzun sürən ayrılıqdan sonra görüşür. Müşfiq uzun illər səsinə, sözünə həsrət qaldığı Dilbərinin bu misralarla könlünü almaq istəyir:
O qara gözlərin deyil parlayan,
Ulduzlar içində gecələrimdir.
Bəlkə də ruhuma aydınlıq yayan
Bir sərin, ziyalı yaz səhərimdir.

Dördüncü şəkildə Müşfiqlə Dilbər xanımın həyətdə əkilmş güllərin arasında şirin söhbəti oxucuya təsirli anlar yaşadır. Əsərin sonunda Müşfiq uzun illərin həsrətindən doğan sevinc göz yaşına qərq olan Dilbərinin əlindən tutaraq, keçmişdə birgə yaşadıqları o gözəl, sevda dolu günləri xatırlayır: “Kaş o günlərimiz geri dönəydi. Mən bir cavan, qara sevdalı aşiq, sən eşq şərbətindən məst olan bir məşuq olaydın” - deyir və gedə-gedə “Yenə o bağ olaydı” şeirindən bir hissəni söyləyir:
Yenə o bağ olaydı,
Yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca
fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.

Həsənəli Eyvazlının  istər elmi, istərsə də bədii yaradıcılığı haqqında saatlarla danışmaq, fikir söyləmək olar. Şair-dramaturqun həyatı, yaradıcılığı haqqında mülahizələri umumiləşdirib onu diqqətə çatdırmalıyıq ki,  Eyvazlı təkcə ədəbiyyatımızı, ədəbi nümunələrimizi deyil, həm də tariximizi, keçmişimizi, adət-ənənələrimizi dərindən araşdırmış, mükəmməl öyrənmiş və  ən incə məqamları belə öz əsərlərində qələmə almaqdan çəkinməmişdir. Onun saf, təmiz, insanı duyğulandıran, yüksək şövqlə yazılan əsərləri şairin qələminin nə qədər kəskin, dəyərli olduğundan xəbər verir. Fikrimizcə, şairin əsərləri bundan sonra da öz təravətini, dəyərini itirməyəcək, daim oxucularının rəğbətini qazanacaq, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayacaq.  
   
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ