Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlünün səhhəti yenidən pisləşib.
Bu haqda aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.
Hacı Nuran bildirib ki, qarmon ustadı xəstəxanaya yerləşdirilib:
“Neçə müddətdir ki, əsrin bəlası olan xərçəng Gülbahar Şükürlünü yatağa salıb. Kimyaterapiya alan sənətkar hər fürsətdə həyata tutunub, ruhdan düşməyib. Bu gün səhhəti onu sınağa çəkir. Sənətkar xərçənglə mübarizə aparır ”.
G.Şükürlünün səhhəti ilə bağlı xəbər almaq üçün Bizim.Media-nın əməkdaşı onunla əlaqə saxlayıb.
Lakin sənətçi zəngləri cavabsız qoyub.
Qeyd edək ki, ötən həftə Gülbahar Şükürlü Bizim.Media-ya açıqlamasında bildirmişdi ki, Maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi zamanı onun başında xoşxassəli şiş aşkarlanıb. Qarmon ustadı şişin ölçülərinin kiçik olduğundan əməliyyata ehtiyac olmadığını vurğulayıb. O, müalicələr aldığını söyləyib.