SON DƏQİQƏ

İkiləşmiş VƏTƏN

Tarix:

30-09-2022, 10:19

/ 3 255 dəfə oxundu.
İkiləşmiş VƏTƏN

 

 Həsənəli Eyvazlı

             

Neçə illər bundan  əvvəl

Bölünməmiş  bir  diyardı

 Azərbaycan.

Ta  Dərbənddən, Qəzvinəcən,

Naxçıvandan  Təbrizəcən,

Bəxtiyardı  Azərbaycan.

Dili  birdi,  sözü  birdi,

Qışı  birdi, yazı birdi.

Vətənimin  özü birdi ––

Böldü onu yağı düşmən

dilim – dilim.

Unuduldu  vətənimdə

                  ana  dilim.

Anaların  laylasında,

Bayatısı,  ağısında,

"Vətən” – sözü ikiləşdi,

 

Vətən  özü  ikiləşdi.

İkiləşdi  Culfalarım,

Astaralar ikiləşdi.

Dinən dili kəsdirdilər,

Qanan başı asdırdılar.

Çata bilmir bir kimsəyə,

Mənim ahım, amanlarım.

Sürgünlərə sürükləndi

Vətən üçün yananlarım.

Səttarxanın harayına

Əl çatmadı, ün yetmədi.

 

Şeyx Məhəmməd Xiyabani

Məzarında gül  bitmədi.

Qərənfillər həsrət qaldı

Şəhidlərin məzarına.

Azərbaycan tapdaq oldu,

                   Döndü düşmən bazarına.

Bir yelkənsiz gəmi kimi,

Tənha qalıb Makum, Xoyum.

 

Neçə ildir ayrı düşüb,

 

Nəslim, soyum.

Neçə ildir bu həsrətin,

Acısının sirdaşıyam.

Neçə ildir yol gözləyən,

Bacıların qardaşıyam .

Neçə ildir Şəhriyarım

Ağı  deyir ,

Savalana, Şah dağına.

Neçə ildir həsrət qalıb

Vətənimin bir parçası,

Üç rəngli,

Azərbaycan bayrağına!

Araz yenə bulanıqdı,

Neçə ildir durulmayır.

Bu bölümün səbəbləri,

Bir kimsədən sorulmayır.

Niyə axı sənin evin

Sənin olsun,

Onun evi onun olsun.

Mənim evim,

                   Mənim yurdum parçalansın ?

Kim veribdi bu qərarı,

 

 

Kim yazıbdı bu fərmanı ?

                          Bu gün əgər,

Ayrılanlar birləşirsə,

Vətənimin, millətimin

                          Haqqı hanı ?

Qoy səsimiz, harayımız

 Millətlərin qulağına

                   çatsın daha.

O tay, bu tay

Ayrılığın zəncirini,

Sındıraraq atsın daha.

Xan Araza, bundan belə,

Həsrət çayı deyilməsin.

Düşməninə baş əyməyən

Məğrur  xalqım,

Kimsələrə əyilməsin.

Nədir bizim amalımız,

Nədir bizim istəyimiz?

O tayın da, bu tayın da

                 keşiyində,

Birgə durmaq istəyirik.

Dövlətlərin cərgəsində,

Azərbaycan dövlətini,

 

Bütöv görmək istəyirik !..

 

                                           Naxçıvan  2003

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ