SON DƏQİQƏ
» » Rəqəmsal Fırtınanın Ortasında Müəllim: Dəyişməyən Kompas

Rəqəmsal Fırtınanın Ortasında Müəllim: Dəyişməyən Kompas

Tarix:

12-12-2025, 14:46

/ 3 146 dəfə oxundu.
Rəqəmsal Fırtınanın Ortasında Müəllim: Dəyişməyən Kompas


Dünya dəyişir… Bəlkə də insanlıq tarixində heç vaxt bu qədər sürətli, bu qədər görünən və bu qədər köklü transformasiya yaşanmamışdı. Dünən şagirdlərinə əl ilə hesablamağı öyrədən müəllim bu gün onlara süni intellektlə işləməyi öyrədir. Dünən kitabların tozunu sevə-sevə silən uşaq bu gün eyni sevgini rəqəmsal ekran işığında yaşayır.
Rəqəmsal transformasiya artıq qapımızda yox həyatımızın içindədir. Bu fonda təhsil sistemi də yeni mərhələyə qədəm qoyur. Bu mərhələnin ən vacib sualı isə budur: Bu yeni dünyada müəllimin yeri haradadır?
Azərbaycanın inkişaf strategiyasında insan kapitalının gücləndirilməsi prioritetdir. “Azərbaycan 2030” yalnız bir yol xəritəsi yox eyni zamanda ölkənin gələcək vizyonudur. Bu vizyonda süni intellekt təhsilin həm qanadı, həm də nəfəsi kimi qəbul edilir. Amma təhsil sisteminin ruhu dəyişmir o, yenə də müəllimdir.
Texnologiya böyüyür, amma müəllim sönmür əksinə, daha da parlayır
Bir vaxtlar fantastika kimi görünən imkanlar bu gün adi həqiqətə çevrilib. Süni intellekt hər bir şagirdin öyrənmə ritmini hiss edir, onun çətinliklərini təhlil edir, fərdi yol xəritəsi hazırlayır. Sürətlə irəliləyən şagirdə uyğun addımlayır, tərəddüd edənə səbrlə dəstək olur. Lakin bütün bunlar insanı tam əhatə etmir.Elə burada müəllimin əvəzsiz rolu yenidən önə çıxır.
Süni intellekt müəllimin vaxtını alan texniki işləri öz üzərinə götürərək gündəliklər, hesabatlar, yoxlamalar saniyələr içində həll olunur. Kağız yükü azalır, amma müəllimin missiyası böyüyür. Çünki indi onun qarşısında daha mühüm bir vəzifə dayanır: insanı formalaşdırmaq.
Müəllim  bilik ötürməklə yanaşı həm də şagirdin düşüncə tərzini, həyat baxışını, inamını və özünə güvənini formalaşdıran bir bələdçidir. Bu isə heç bir alqoritmin əvəz edə bilməyəcəyi dəyərdir.
Müəllimin toxunduğu yerə texnologiya toxuna bilmir
İnsanın daxili aləmi , qorxuları, arzuları, narahatlıqları, gizli potensialı  yalnız bir insanın başqa insanı anlaması ilə açılır.
Süni intellekt böyük verilənləri analiz edə bilər, amma bir şagirdin gözündəki kədəri oxuya bilməz.Cümlələr qura bilər, amma ümid verən səs tonunu tapa bilməz.Mətn yaza bilər, amma müəllimin baxışını yarada bilməz. Bunları yalnız müəllim bacarır.Susqun şagirdin sükutundakı səbəbi sezən, səhv edən uşağın içində gizlənmiş qorxunu hiss edən, özgüvəni qırılan gənci ayağa qaldıran və “Sən bacararsan!” deyə arxasında dayanan da odur.Müəllimin toxunduğu yerə heç bir texnologiya toxuna bilmir. Elə buna görə də texnologiya böyüdükcə müəllimin dəyəri də böyüyür.
Azərbaycan təhsili yeni mərhələyə keçir və bu yolun kompası yenə müəllimdir
-Süni intellektin təhsilə inteqrasiyası texniki yenilənmə ilə yanaşı həm də mənəvi məsuliyyətdir. Bu prosesin uğuru bir neçə əsas addımdan keçir:
-Müəllimlərin yeni dövrə uyğun hazırlanması.
-Onlar bilik ötürən yox, texnologiyanı idarə edən, şagirdlə texnologiya arasında körpü olan müasir pedaqoqlara çevrilməlidir.
Rəqəmsal savadlılığın artırılması.
Rəqəmsal bacarıqları olmayan müəllim yeni dünyanın məktəbində özünü rahat hiss etməyəcək.
-Sınaq layihələri və Milli Yol Xəritəsi.
-Süni intellekt mərhələli şəkildə, real nəticələr əsasında təhsilə inteqrasiya edilməlidir.
-Bu addımlar Azərbaycan təhsilinin gələcəyə doğru inamla addımlayan strateji baxışını tamamlayır.
Süni intellekt alətdir, müəllim isə müəllif.
Süni intellekt təhsili dinamikləşdirir, fərdiləşdirir, imkanlarını genişləndirir. Amma müəllimin rolunu azaltmır , əksinə daha da gücləndirir.Çünki texnologiya vasitədir, insanı isə insan yetişdirir.
Gələcəyin məktəbi dəyişə bilər: Divarları yenilənər, avadanlıqları modernləşər,dərslikləri rəqəmsallaşar. .. Amma bir həqiqət dəyişməz: Uşağın qarşısında hər zaman müəllim dayanacaq. Və o müəllim yenə hamıdan vacib olacaq.
İlahə Allahverdiyeva 
Jurnalist 
скачать dle 12.1

Şərhlər